Görkəmli
musiqişünasın 80 illiyinə həsr olunmuş
elmi-praktik konfrans
Martın 5-də Bəstəkarlar İttifaqında
görkəmli musiqişünas, Əməkdar incəsənət
xadimi, professor Elmira Abbasovanın 80 illiyinə həsr
edilmiş elmi-praktik konfrans keçirildi.
Konfransı Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə
açaraq Elmira Abbasovanın yaradıcılığı barədə
danışdı. Qeyd olundu ki, Bəstəkarlar
İttifaqının katibi, Üzeyir Hacıbəyli adına
Dövlət Konservatoriyasının rektoru olmuş Elmira Abbasova
Azərbaycan musiqişünaslığına böyük
töhfələr verib, o cümlədən dahi Üzeyir bəyin
yaradıcılığına dair bir neçə monoqrafiya
yazıb: “Onun musiqi aləmində bilmədiyi bir sahə yox
idi. O, hər zaman peşəkar çıxışları
ilə yadda qalıb. O, bizləri valeh edən bir
musiqişünas idi”.
Sonra Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova “Üzeyir Hacıbəyli irsi
E.Abbasovanın əsas tədqiqat mövzusu kimi”, professor Oqtay
Abbasquluyev “E. Abbasovanın çoxşaxəli fəaliyyəti
barədə düşüncələr”, AMEA-nın
müxbir üzvü, sənətşünaslıq doktoru Rəna
Məmmədova “E.Abbasovanın elmi işlərində milli
özünəməxsusluq problemi”, Əməkdar incəsənət
xadimi, professor İmruz Əfəndiyeva “E.Abbasovanın elmi nəzəri
yaradıcılığı”, professor Gülnaz Abdullazadə
“Azərbaycan musiqi elmində E.Abbasovanın
ardıcılları”, sənətşünaslıq namizədi,
professor Ülviyyə İmanova “E.Abbasovanın pedaqoji fəaliyyəti”
mövzularında məruzələrlə
çıxış etdilər.
Konfransda dahi bəstəkarlar
Ü.Hacıbəylinin “Koroğlu” operasından, S.Hacıbəylinin
“Gülşən” baletindən parçalar, Q.Qarayevin iki
romansı (“Mən səni sevirdim”, “Gürcüstan təpələrində”)
səsləndirildi.
L.Azəri
Mədəniyyət.-
2012.- 7 mart.- S. 4.