Xalq artisti Eldəniz
Zeynalovun 75 illik yubileyi qeyd edildi
Martın 1-də
Dövlət Film Fondunda
Xalq artisti Eldəniz Zeynalovun 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyi ilə Film Fondunun birgə təşkil etdiyi tədbirdə mərhum aktyorun həyat və yaradıcılığından
söz açıldı.
Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Eldəniz Zeynalovun yaradıcılıq yolundan
danışaraq sənətkarın
foto sənədlərinin
fondda saxlanıldığını
nəzərə çatdırdı.
Bildirdi ki, istər adi insan, istərsə
də sənətkarların
xatırlanmasında fotoqrafiya
böyük təsiredici
qüvvəyə malikdir.
Fotolar keçmişə bir səyahətdir və bu gün biz Eldəniz Zeynalovun yaşadığı ömür
yoluna bu fotolar vasitəsilə səyahət edirik. Çıxışdan sonra fondda qorunan fotolardan ibarət videoçarx nümayiş olundu.
Kinoşünas Aydın Kazımzadə
çıxış edərək
aktyorun yaradıcılığı,
keçdiyi sənət
yolundan danışdı.
Qeyd etdi ki, görkəmli
sənətkar Xalq artisti olmaqla yanaşı, həm də bacarıqlı gülüş ustası idi. Onun yaratdığı obrazlar öz orijinallığı ilə
seçilir və çoxşaxəli idi.
O, teatr, kino və yaratdığı estrada studiyasında
tamaşaçıya öz
sözünü çatdıra
bilmişdi. Həyatda yaxşı ad qoymaq
özü də bir izdir. Eldəniz Zeynalov hər zaman yaxşılıqlarla
xatırlanan insanlar cərgəsindədir.
Xatirə gecəsində rejissor
Ələkbər Muradovun
Eldəniz Zeynalova həsr etdiyi film nümayiş olundu. Filmdə sənət dostları aktyorla bağlı öz xatirələrini bölüşürlər. Gecədə aktyorun ailə üzvləri, tanınmış səhnə
ustalarımız, kino
xadimləri Əbdül
Mahmudbəyov, Xalq artistləri Amaliya Pənahova, Tariyel Qasımov, Ramiz Məlikov, Əməkdar incəsənət xadimi
Baba Bəziroğlu, Özbəkistan
kinostudiyasında çalışan
azərbaycanlı rejissor
Eldar Məmmədov və başqaları iştirak edirdilər. Onlar Eldəniz Zeynalovun çox sadə və ünsiyyətcil insan olduğunu bildirdilər. Sonda ailə
üzvləri adından
aktyorun oğlu xatirə gecəsinə qatılanlara öz təşəkkürünü bildirdi.
Qeyd olundu ki, görkəmli aktyor 30-dan artıq filmdə irili-xırdalı obrazlar yaradıb. Aktyorun teatr səhnəsində
yaratdığı rollar
hər zaman tamaşaçı sevgisi
qazanıb.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 2 mart.- S. 3.