Xoş taleli, dağ dözümlü şair

 

   XX əsr ədəbiyyatımızın yadda qalan və sevilən görkəmli simalarından biri də Xalq şairi Süleyman Rüstəmdir. O, yaradıcılığında tərənnüm, vəsf və ithafa geniş yer verən məhsuldar ədib olub...

  

   Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda anadan olub. Zəhmətkeş ailədə böyüyüb. Erkən çağlardan yaradıcılığa başlayıb, şeirləri mətbuatda dərc olunub. Dövrünün coşqun ruhlu, novator şairlərindən biri kimi çox tez tanınıb. Əsərləri tədqiqatçıların diqqət mərkəzində olub. Akademik Bəkir Nəbiyev 1983-cü ildə şairin seçilmiş əsərlərinə yazdığıÖn sözqeyd edirdi: "Süleyman Rüstəmin poeziyasını Azərbaycan Sovet Sosialist Respublikasının müxtəsər, poetik ensiklopediyası adlandırsaq, əsla yanılmarıq".

   Süleyman Rüstəmin əsərlərinə bu günün gözü ilə yanaşılanda maraqlı qənaətə gəlmək olur. Şairin bütün yaradıcılığı sovet həyat tərzinin əks-sədası olub. 20-ci illərdən başlayaraq şeirləri, məqalə çıxışları ilə yeni həyatı tərənnüm edir, sovetlərin məşhur şairinə çevrilir. 1927-ci ildə işıq üzü görən "Ələmdən nəşəyə" adlı ilk şeirlər kitabı yaradıcılığının leytmotivinə çevrilir. Bəzən gənc ədəbi qüvvələr onu "sovet şairi" kimi səciyyələndirərək yaradıcılığına laqeyd yanaşırlar. Amma bu, düzgün yanaşma deyil. Çünki pioner, komsomol Kommunist Partiyasından yazmaq vaxtilə yaşadığımız dövrün özünəməxsusluğu olub. Süleyman Rüstəm bupolad sədli" rejimin içində son dərəcə dəyərli poetik məzmunu olan əsərlər yaradıb.

   O ilk əsərlərindən özünü oxucusuna inqilab şairi kimi təqdim edir. Şeirlərinin birindəİnqilab oğlu İnqilabam məndeyən şairin poeziyası mübariz, döyüşkən bir ruhla həyatın içinə atılıb. O, əslində novator şair olub. 70 il içərisində yaşadığımız bir quruluşda dövrün ab-havasını qələmə almaq, həm millətin, vətənin xeyri üçün mükəmməl, poetik nümunələr yaratmaq böyük istedad, zəhmət tələb edib. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm o məkana şeir qoşmasın. Ən çox müraciət etdiyi mövzu Xəzər olub: "Xəzər durnalar", "Xəzərdə gecə", "Xəzərin səhəri" s. Bu əsərlərində xəyalının qanadlarını dənizin dalğaları ilə qovuşdurur, onu tərənnüm etməkdən yorulmur...

   II Dünya müharibəsi onun yaradıcılığından təsirsiz keçməyib. Bu mövzuda bir-birindən maraqlı mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

  

   Gün o gün olsun ki, qurtarsın dava,

   Dağılsın buludlar, açılsın hava.

   Alınsın düşməndən ömürlük qisas,

   Torpaq nəfəs alıb dincəlsin bir az.

   Silinsin ürəkdən, könüldən ağrı,

   Bir tapdanmasın vətənin bağrı.

  

   60 il əvvəl yazılmış bu poetik nümunə günümüzdə aktuallığını itirməyib. Müharibə mövzusunda yazan şairlər arasında onun öz yeri, ruhu var. Şairin "Ana poçtalyon" şeiri uzun illər dillər əzbəri olub. Müəllif cəbhədəki oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli dillə qələmə alıb. Böyük məhəbbətlə yaratdığı ana poçtalyon obrazları müharibə illərində min bir əziyyət çəkən vətən övladlarının unudulmaz surətləridir.

   Şairin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli təsirlisi isə Cənub mövzusunda yazdığı əsərlərdir. Süleyman Rüstəm II Dünya müharibəsi illərində Cənubi Azərbaycanda olub. Orada yaşayan soydaşlarımızın ağır həyatını gözləri ilə görüb. Təbii ki, bütün bunları sonralar poetik bir şəkildə qələmə alıb:

  

   Bir arzum da var dünyada,

   Bir gün məni salıb yada,

   Kitabımı Arazdakı

   körpü üstündə assınlar,

   Gənc nəsillər unutmasın

   bu şairin şərtini,

   Tez köçərsəm bu dünyadan,

   başdaşıma yazsınlar

   İki yerə parçalanmış

    ürəyimin dərdini.

  

   "Təbrizim" şeiri isə Süleyman Rüstəmin bu mövzuda qələmə aldığı ən təsirli əsər, poetik həsrətin ifadəsidir:

  

   Nədir o mənalı dərin baxışlar?

   Nədir gözlərindən yağan yağışlar?

   Nədir qəlbindəki payızlar, qışlar?

   Yetim tək boynunu burma, Təbrizim!

   Məlul-məlul baxıb durma, Təbrizim!

  

   "Könlümə Təbriz düşdü", "Yaralarım", "İşıq", "Şair Səhəndə cavab", "Yenə Araz qırağında", "Görsəm" kimi şeirlərində Süleyman Rüstəm vətən həsrətli soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilən Arazın sularında həsrətin, nisgilin axdığından danışır. vaxtsa bir müjdənin veriləcəyinə - Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib.

   Cənub mövzusunda şeirlərində, Sərabı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edən misralarında şair o taydakı Vətən torpağının gözəlliklərinə poetik abidələr ucaldıb.

   O həm nəğməkar şair olub sevilib. Onlarca lirik şeirinə musiqi bəstələnib. Süleyman Rüstəmin şeirlərinə bəstələnmiş mahnıları bu gün müğənnilər məmnunluqla ifa edirlər. Həmin lirik şeirlərindən birini görkəmli xanəndəmiz Xan Şuşinski oxuyardı:

  

   Xatirat dəftərim durur qarşımda,

   Dolaşır bir ölməz sevda başımda.

   Gözəl Qarabağda cavan yaşımda,

   Bir gözəl seçdiyim yadıma düşdü.

  

   Süleyman Rüstəm dramaturq kimi maraqlı əsərlər yazıb.Çimnaz xanım yuxudadıradlı birpərdəli komediyası oxuculara yaxşı tanışdır. 1940-cı ildə yazdığı "Qaçaq Nəbi" mənzum dramı, 1948-ci ildə qələmə aldığı "Durna" komediyası vaxtilə teatrların repertuarından düşməyib...

   Məhsuldar bədii yaradıcılıqla yanaşı, şair həm müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış Azərbaycan SSR Ali Soveti SSRİ Ali Sovetinin deputatı olub. Vətən qarşısında xidmətləri layiqincə qiymətləndirilib. Müxtəlif orden medallarla təltif olunub, dövlət mükafatları laureatı olub. Sovet dövrünün ən yüksək təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Əsərləri müxtəlif dillərə tərcümə olunub.

   Süleyman Rüstəm haqqında çox yazmaq olar. Ancaq fikrimi burada yekunlaşdıraraq qeyd etmək istərdim ki, o həqiqətən bir gözü sevincli, o biri nisgilli, bir nəğməsi fərəhli, o birisi hüznlü, o taylı-bu taylı xalqımızın xoş taleli, dağ dözümlü şairi olub...

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2012.- 14 mart.- S. 15.