İnsan
amili əsərlərinin əsas qayəsi idi
Maqsud
və Validə bir-birini sevirlər... Validə
Maqsudu hərbi xidmətə yola salır. Gənc
oğlanla qız dinmədən bir-birilərinə baxıb,
sevgilərinə sədaqətli qalacaqlarına and içirlər...
“Qızıl qaz” lirik-psixoloji filmi bu səhnə
ilə başlayır. Bu uzun sürən səhnənin
böyük mənası var. Təsadüfi deyil ki, kinokamera
da öz qəhrəmanlarından könülsüz
ayrılır. Kinokamera sanki
tamaşaçıları baş verən hadisələrə
diqqət yetirməyə və düşünməyə
çağırır.
Film haqqında bir qədər
sonra. 1972-ci ildə çəkilmiş bu
ekran əsərinin ssenari müəllifi o vaxtı gənc
yazıçı və kinodramaturq olan Əli Qafarov, rejissoru
Tofiq Tağızadə və operatoru Zaur Məhərrəmovdur.
Bu yazıda dünyadan erkən getmiş Əli
Qafarovun həyat və yaradıcılığından
söhbət açmaq istəyirəm.
İstedadlı
yazıçısı və kinodramaturq Əli Hüseyn
oğlu Qafarov 1935-ci il oktyabrın 16-da
Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərində
anadan olmuşdur. Qafarovlar ailəsi Lənkərana
köçəndən sonra Əli şəhər orta məktəbini
burada bitirmiş, 1954-cü ildə Azərbaycan (Bakı)
Dövlət Universitetinin filologiya fakültəsinə daxil
olmuşdur. İkinci kursu bitirəndən
sonra, yəni 1956-cı ildə Ə.Qafarov bir qrup tələbə
ilə birlikdə Moskvaya - Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunun ssenari fakültəsində təhsil almağa
göndərilir. Az müddətdən
sonra Əli kurs yoldaşları ilə birgə gizli gənclər
dərnəyinin təşkilində ittiham olunaraq cəzalandırılır.
1956-cı ildən 1960-cı ilədək Əli
Sibir düşərgələrində cəzasını
çəkməli oldu. Cəzasını
çəkəndən sonra, 1960-cı ildən 1962-ci ilədək
Ümumittifaq “Hidroenerjilayihə” İnstitutunda, Anqarsk geoloji
ekspedisiyasında, SSRİ Elektrik Stansiyaları Tikintisi
Nazirliyinin topoqrafik və qazıma dəstələrində fəhlə
işləmişdir.
Bu illər gənc
üçün sərt həyat məktəbi olmuş, təəssüratlarını
zənginləşdirmişdir. Sonralar
respublika və ümumittifaq dövri nəşrlərində Əli
Qafarovun “Sibir” hekayələri işıq üzü
görmüşdür. Beləliklə də,
o, ədəbi ictimaiyyətin diqqətini özünə cəlb
etmişdir.
Vətənə
qayıtdıqdan sonra Ə.Qafarov öz gücünü
jurnalistikada sınayır. 1962-ci ildə
«Bakinskiy raboçiy» qəzetinə ədəbi işçi
vəzifəsinə qəbul edilir. Burada
1967-ci ilə kimi işləyir. Bununla belə
yazıçı, kinodramaturq olmaq arzusu onu rahat buraxmır.
60-cı illərin sonunda Əli Qafarov Moskvada ali
rejissorluq və ssenaristlər kurslarına daxil olur, məşhur
kinodramaturq Aleksey Kaplerin emalatxanasında təhsil alır.
70-ci illər Əli
Qafarovun istedadının çiçəkləndiyi dövr
idi. O, “Azərbaycanfilm” kinostudiyasında bir neçə
bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və
sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Milli
müdafiə arxasında”, “Sevinc sarayı”, “Dirçəldilmiş
torpaq”, “Fəhlə Gülbala”, “Odla təmasda”, “Neft
Akademiyası”, “Xəzər Atlantidası”, “Mayılovlar ailəsi”)
film üçün ssenarilər yazır.
Qayıdaq
“Qızıl qaz” filminə. Filmin əvvəlində
Azərbaycanın əsrarəngiz təbiəti - Lənkəranda,
Xəzər dənizinin sahilində yerləşən Sarı
adasının, balıqçılıq qəsəbəsinin
mənzərəsi göz oxşayır.
Burada həyat öz
axarı ilə gedir. Böyük şəhərdə
olduğu kimi bu kiçik qəsəbədə də həyat
mürəkkəbdir, dramatikdir. Müəlliflər
bu həyatı təsvir etmək üçün melodram
janrından istifadə ediblər.
Fərman cavan
oğlandır. O, bir vaxtlar sevgilisinə xəyanət
etmiş və pul qazanmaq məqsədilə şəhərə
getmişdir. Yelbeyinliyinə görə möhkəm cəzalandırılmışdır:
onun sevgilisi Şəfiqəni başqasına ərə
vermişlər. Təhqir olunmuş Fərman tədricən
tamahkar adama çevrilir, balıq nəzarəti inspektoru
Fazilovla birgə qoruqda brakonyerlik edir. Azğınlaşmış
Fərmanın fikrincə, hər şeyi pulla əldə etmək
olar, hətta başqasının sevgilisini də. Niyə görə də yox. Əgər
onun sevgilisi başqasına qismət olubsa, o da özgənin gəlininə
sahib çıxa bilər.
Fərmanın
var-dövlətinə uyan Validənin atası
qızının göz yaşlarına baxmayaraq, toya
razılıq verir. Əgər insanda vicdan
kimi mənəvi qüvvə olmasaydı, bəlkə də hər
şey Fərmanın planı üzrə həyata keçə
bilərdi. Bəlkə filmin
başlığına çıxarılmış
qızıl qaz bunu simvollaşdırır. Bu insani vicdan filmin qəhrəmanına çevrilərək
gözə görünmədən onların hakimi olur.
Ərinin
ölümündən bir neçə gün sonra Şəfiqə
Fərmanın atasının yanına gəlir. Bu da vicdanın səsidir. Bu səs Şəfiqədən
bir şey istəyir: Fərmanı onun özündən, cəsarətsizlikdən
və əbədi biabırçılıqdan qorumalı! Şəfiqənin tələbi ilə Fərman
cinayətlərini boynuna alır, həyata yenidən
başlamağa qərar verir.
Melodramın dəmir qanunlarına
bütünlüklə əməl olunmuşdur: məhəbbət
qəbirə qədər, tamah mübtəla olana qədər,
düzlük fədakarlığa qədər davam etməlidir.
Filmdə bütün bunlar haqqında yavaşca
yox, gur səslə danışılır. Bununla da müəlliflər
tamaşaçını ekranda baş verən hadisələrin
iştirakçısına çevirir.
Kinodramaturq Əli Qafarovun ssenarisini
yazdığı ikinci ekran əsəri “Çarvadarların
izi ilə”(1974) adlanır. Bu
bədii televiziya filmi görkəmli
yazıçı-dramaturq İlyas Əfəndiyevin
“Körpüsalanlar” povestinin motivləri əsasında lentə
alınmışdır. Filmin rejissoru Tofiq
İsmayılov, operatoru Valeri Kərimovdur.
Çarvadarlar qədimdə
keçilməz və təhlükəli
cığırlardan yol salıb, yerli sənətkarların
hazırladıqları malları uzaq ölkələrə
aparan cəsur, güclü və igid oğullara deyirdilər.
Filmin adı da buradan
götürülmüşdür.
Kino əsərinin qəhrəmanı
Adil inşaatçı mühəndisdir. O, qoynunda boy
atıb böyüdüyü kəndə yol çəkmək
istəyir. Artıq layihə hazırdır.
Yolun tikintisi haqqında təklif nəinki kənddə,
eləcə də rayonda və mərkəzdə də bəyənilir.
Lakin mühəndis bu işdə mühüm
bir məsələni unudur. Adil vəzifəsindən
istifadə edərək yolu tez təhvil vermək və
planı yerinə yetirmək naminə qarşıya
çıxan bütün qədim abidələri,
insanların müqəddəs hissləri ilə bağlı
olan tikililəri partladıb yer üzündən silməyə
hazırdır. Adilin bu hərəkəti əhalinin
narazılığına səbəb olur. Axı xalq yaratdığını
yaşatmağı bacarır. Buna görə də yol
çəkənlərlə camaat arasında ciddi
münaqişə baş verir...
Filmin rejissoru T.İsmayılovun
dediklərindən: “Filmin əsas ideyası kəndimizin
keçmişini, onun ab-havasını ekranda canlandırmaq,
illərin misilsiz yadigarı olan, uzaq əsrlərdən xəbər
verən zəngin tarixi abidələrimizi üzə
çıxarmaq, onları qorumaqdır. Çünki
keçmişdən yadigar qalan hər daşa, göz
oxşayan hər bir gözəlliyə ehtiram, qayğı,
hörmət bizim vətəndaşlıq borcumuzdur”.
Filmdə kolxoz sədri Həsən
rolunu canlandıran Muxtar Maniyevin söylədikləri də
maraq doğurur: “Həsən hamının sevinc və kədərinə
şərik olan səmimi bir insandır. O, kəndə yol
çəkilməsinin, abadlıq işlərinin tərəfdarıdır.
Lakin bir şərtlə ki, bu yenilik
keçmişin gözəl nişanələrinə ziyan
toxundurmasın. Onların məhvinə yol
verməsin. Elə buna görə də mənim
qəhrəmanım Adillə münaqişəyə girir”.
Kinodramaturq Ə.Qafarovun
sənədli filmlərinin mövzuları da maraqlıdır.
1969-cu ildə rejissor S.Bədəlovun çəkdiyi
“Mahnıya həsr olunmuş həyat” filmi Azərbaycanın
ilk xanım opera müğənnisi, SSRİ Xalq artisti
Şövkət Məmmədovaya həsr olunmuşdur.
Filmdə diktor mətni
yoxdur. Çətin də olsa, filmi
müğənninin özü şərh edir. Bu üsul uğurla nəticələnmişdir.
Biz filmə baxdıqca görkəmli müğənninin həyat
və yaradıcılığı ilə tanış
oluruq.
Ə.Qafarov və Ə.Muğanlının
ssenariləri əsasında rejissor Y.Əfəndiyevin lentə
aldığı “Odla təmasda” filmi (1972) Azərbaycan
xalqının digər xalqlarla dostluq və əməkdaşlığına
həsr olunmuşdur.
İlk kadrlarda
respublikamızın paytaxtı, Sovet İttifaqının əhalisinin
sayına görə beşinci şəhəri olan Bakı
haqqında danışılır. Onun min ildən də
artıq yaşı var. Diktor xəbər verir: “Sumqayıtda
hazırlanan borulardan Bakı neftçiləri Hindistan
torpağında qazdıqları quyularda istifadə etmişlər.
Sonrakı kadrlarda Bağdadda ilk milli balet məktəbi ilə
tanış oluruq. Həmin məktəbə
SSRİ Xalq artisti Qəmər Almaszadə rəhbərlik edir.
Azərbaycan tez-tez əziz
qonaqları qarşılayır. Diktor deyir: “Bu
görüşlər bir-birimizi daha yaxşı
tanımağa və başa düşməyə kömək
edir. Bunlar maariflənmə və təhsil, tibbi
xidmət, şəhər tikintisi, ətraf mühitin mühafizəsi
kimi məsələlərin həllində konkret praktik nəticələr
vermişdir”.
Film bu sözlərlə başa
çatır: “Hər bir insan həyatı, əgər o,
düzgün həyat sürübsə, hər bir insan əməli,
əgər o, insanlara xidmət edirsə, hər bir ölkə,
əgər o, sülh və dostluğa can atırsa - bu həmin
oddur ki, biz onu hər bir kəslə bölüşə bilərik
və onu dostların əlindən qəbul edə bilərik”.
Müəlliflər
digər filmlərin çoxlu materiallarından istifadə
etmişlər. Bu planlar filmin ümumi
kompozisiyasına ustalıqla daxil edilmişdir.
...1886-cı ildə kasıb bir kəndli
ailəsində oğlan uşağı dünyaya gəldi. Uşağın adını Cənnət qoydular.
Onun 14 yaşı tamam olanda Nobelin neft
quyularında çalışmağa gəldi. Mayılovlar sülaləsinin nəsil şəcərəsi
belə başladı.
Rejissor
N.İsrafiloğlunun yaratdığı “Mayılovlar ailəsi”
filmi (1977) Balaxanıda yaşayan bir neftçi sülaləsi
haqqında hekayətdir. Filmdə biz sülalənin
başçısı Cənnət, onun oğlu Rzaddin, nəvələri
ilə tanış oluruq. Filmdə
bir sülalənin timsalında həyat öz təbii
axarı ilə göstərilir. Kinokamera
bu böyük fəhlə sülaləsinin nümayəndələrini
tələsmədən, xarakterik cizgilərini tutmaqla ekranda
canlandırır. Bu, həyatın
özüdür. Bütün problemləri,
rəngarəng çalarları, çətinlikləri,
sevincli günləri ilə birgə.
Film ümumittifaq
televiziya ekranında nümayiş etdirildikdən sonra Azərbaycan
dilinə dublyaj olunaraq yerli televiziya ilə də göstərildi.
Çox keçmədən Bakının Bakıxanov qəsəbəsində
yeni bir küçə meydana gəldi: “Mayılovlar sülaləsi”
küçəsi.
Vətənini,
xalqını sonsuz məhəbbətlə sevən, bu sevgini hekayə
və ssenarilərində əks etdirən yazıçı Əli
Qafarovun həyatı, təəssüflər olsun ki, çox
erkən qırıldı. O, 1979-cu ildə, 44
yaşında faciəli surətdə həlak oldu. Onun yaradıcılıq planlarının əksəriyyəti
reallaşmadı. Haqqında
danışdığımız filmlər isə bu istedadlı
və gözəl insandan yadigar qaldı.
Yazıçının
ölümündən sonra Moskvada onun hekayə və povestlərindən
ibarət “Qızıl qaz” adlı kitabı (1984) çapdan
çıxmışdır.
Aydın
Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2012.- 14 mart.- S. 12.