Tamaşa zamanı həyəcandan ağladığım vaxtlar olub

 

   Səhnə arxasında qalanlar

  

   Hər bir insan doğulanda onun taleyi, gələcəyi də özü ilə birgə doğulur. Qismət, alın yazısı deyilən nədirsə, yaşımızın hansı çağında olursa-olsun, gəlib qarşımıza çıxır, xəyalımıza gətirə bilməyəcəyimiz təsadüflərlə rastlaşırıq.

  

   ”Səhnə arxasında qalanlar” silsiləsindən bu dəfə haqqında söhbət açacağımız şəxsi də günlərin birində təsadüfmü, yoxsa incəsənətə olan məhəbbətimi Akademik Milli Dram Teatrının kostyum sexinə gətirir. Leyla Həmdullayeva 14 ildir ki, burada çalışır. Kostyum sexinin müdiridir...

   Bakıda dünyaya göz açıb. Məhəllələri teatra yaxın olduğundan tez-tez tamaşalara gələrmiş, bu sehrli aləm qəribə bir güclə onu özünə cəlb edərmiş. Orta məktəbi bitirdikdən sonra ailə qurur. İki övlad anası olur. İşləmək istəsə də, uşaqların qayğıları buna imkan vermir. Bir gün tanışlarından biri ona teatrda kostyum sexinə işə düzəlməyi məsləhət görür. Beləcə, uşaqlıqdan teatrın vurğunu olan Leyla xanım burada işləməyə başlayır:

   Teatrda kostyum sexinin özünəməxsus yeri var. Burada aktyorların müxtəlif tamaşalarda səhnəyə çıxdıqları geyimlər, baş örtükləri, ayaqqabılar və s. saxlanılır. Hər bir geyimin hansı tamaşaya və hansı aktyora məxsus olduğunu qeyd edirik. Tamaşa başlamazdan əvvəl geyimləri komplekt şəkildə yoxlayır, onları səliqəyə salıb qrim otağına aparırıq. Aktyorlara geyim zamanı kömək etmək lazım gəlir. Bəzən tamaşanın ayrı-ayrı səhnələrinə aktyorlar müxtəlif geyimlərdə çıxmalı olurlar. Buna görə də biz tamaşa vaxtı aktyorun yanında olub ona kömək edirik. Tamaşa bitdikdən sonra geyimlər yenidən geri götürülür. Geyimlərə xırda əl gəzdirmək lazımdırsa, bunu özümüz edirik. Əgər ciddi çatışmazlıq varsa, bu zaman quruluş hissə müdirinə məlumat veriliro, yeni kostyumun hazırlanmasına sifariş verir”.

   Həmsöhbətim deyir ki, qastrollar zamanı kostyum sexinin işçilərinin işi xüsusilə çox olur: “Geyimləri səliqəli şəkildə yerləşdirmək, yol zamanı yükün qorunmasına diqqət yetirmək lazımdır. Özümüzlə ütü, iynə-sap, digər ləvazimat götürməliyik”.

   Kostyum sexinin əməkdaşları geyimin hazırlanmasında da iştirak edirlər: “Geyim üzrə rəssam eskizi düşünür, tikiş sexi isə eskiz üzrə geyimləri yaradır, bizim əməkdaşlar bu zaman zəruri kömək göstərirlər. Tamaşa repertuardan çıxarılanda kostyumlar ehtiyat sexinə göndərilir”.

   “Peşənin özəlliklərini ömrünün 60 ilini bu sahəyə həsr etmiş Rasimə xanımdan öyrənmişəm, - Leyla xanım sözünə davam edir. - İşə təzə başlayanda Rasimə xanımdan soruşurdum ki, bu qədər aktyorun geyimini necə yadda saxlamaq olar. Elə buna görə də bəzən kostyumu səhv gətirdiyim, həyəcandan ağladığım vaxtlar da olub. İndi çətin deyil, 7-8 il əvvəlin kostyumunu görəndə onun hansı aktyora məxsus olduğunu bilirəm. Təcrübə, zaman öz işini görür. Bu gün 30 nəfərlik heyətin geyimlərini öhdəmə götürüb rahat şəkildə qastrol zamanı onları müşayiət edirəm. İşimiz elədir ki, hər bir detala fikir verməliyik. Aktyor tamaşa qabağı onsuz da həyəcanlı olur, bir tərəfdən də geyimə görə narahat olmamalıdır. Buna görə də geyimi səliqəli və tam vaxtında hazır olmalıdır. Bu gün teatrda hər yeni tamaşa üçün xüsusi geyimlər hazırlanır. Tanınmış aktyor və aktrisaların kostyum rəhbəri olduğuma görə çox şadam. Onlarla işləmək insana böyük zövq verir. Övladlarım da mənimlə birgə teatrda çalışırlar. Oğlum işıq, qızım isə qrim sexində. Bir təsadüf nəticəsində teatra gəlsəm də, artıq həyatım buraya bağlanıb, işimiçox sevirəm”.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 14 mart.-S. 10.