Hər zaman təzə Mirzə

 

   Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə

  

   Dünyanın bir çox ölkələri sənət-səhnə qalxımında, sabaha doğru gedişində, biz isə “ev işi, paltar tikişi”ndə, gündüzlər zəhmət tarlalarında, axşamlar dastan toxuyub, qəzəl oxumaqda, gecələr “xabi-qəflətdə”. Oralarda başımızın ağaları öz qoqollarının “İvan İvanıçla İvan Nikoforoviçin küsüşməsi və barışması” məzhəkələrinə baxıb qəşş etməkdə, buralarda “Türkmənçay”, “Gülüstan” dramlarından başlarını itirib işlək əllərə sahib olanlar isə təəssüf və təəccüb dolu “əşşi!..” eləməkdə.

   O ağaların polkovnik rütbəsinədək yüksələ bilmiş birimizsə bu barədə gecə-gündüz düşünmədə...

  

   1812-ci il. Bu, bizim ilk dramaturqumuzun, xalqın ictimai durum, fəlsəfi düşüncə tərzi-hərəkətini, milli dərd-sər “ərizə”sini sənət qələmilə ərz edən ilk Mirzəmizin, milli dramaturgiyamızın və son olaraq, altmış bir il sonra öz yaradıcılıq məhsulu ilə milli teatrımızın bünövrəsini qoyduran müəllifin təvəllüd tarixçəsidir. Elə bir milli-önəmli tarixçə ki, xalqımız onu ənənəvi “yubiley formatı”na nisbətdə daha üstün statusla - 2 ildir ki, qutlayır: ölkə başçısı İlham Əliyev 2010-cu il aprelin 13-də Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb.

  

   Giriş-haşiyə

  

   Bakı Dövlət Universitetinin professoru, ustad jurnalist Şirməmməd Hüseynov hər il olduğu kimi, 1986-cı ildə də Şəkiyə - doğma yurdunda istirahətə gedir və elə hər gedişində olduğu kimi, muzey və digər maddi-mədəniyyət abidələrimizə baş çəkir. M.F.Axundzadənin ev-muzeyində olarkən, muzey əməkdaşlarının vəziyyətilə də maraqlanır və onlar əməkhaqqı və sair məsələlərdən daha çox “muzeyin damının damdığından” şikayətlənir, öz “kəsərli həmyerli”lərinə giley-güzar edirlər. Şirməmməd müəllim onlara heç bir söz deməyib, təskinlik belə vermədən çıxır və axşamadək rayonun bütün “əlaqədar təşkilat” rəhbərlərinin evlərinə baş çəkir. İş vaxtı olduğundan, təbii ki, qapıları rəhbər işçilərin xanımları açır və müntəzəm yerli söz-söhbətlərlə bərabər, televizordan da üzünü görüb, yaxşı tanıdıqları bu həmyerlilərini hörmət-izzətlə içəri dəvət edirlər. Şirməmməd müəllim isə onların hər birinə təşəkkürünü bildirir və hamısına belə bir sual verir: “Sizin eviniz dammır ki?” Cavab verirlər ki, xeyr. Altmış ilə yaxındır ki, jurnalistikamızın canlı vicdanı kimi tanınan bu dönməz şəxsiyyət özünəməxsus səs tonu və üslubda onların hər birinə bu sözləri söyləyir: “Amma Mirzə Fətəlinin evi damır. Xahiş edirəm, həyat yoldaşınız yoldaş filankəszadə gələndə ona deyin ki, Axundzadə heç bir zadədən balaca kişi deyil!..”

   

   Monoloqabənzər

   

   Tarixən bu xalqın əliqələmlisi az olmasa da, ədəbiyyat tariximizdə özünə əbədilik qazanmış milli “Mirzə”lərimizi barmaqla saymaq olar: Mirzə Şəfi, Mirzə Fətəli, Mirzə Ələkbər, Mirzə Cəlil, Mirzə Mənsur. Bütün istedad və vaxtlarını “ahu-zari yar”a sərf edib, qələmlərini gül-bülbül ağaclarına çevirənlərə öz həyati məntiqiylə “dur!” deyən Mirzəmiz - Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə məktubları” ilə dünyaya Azərbaycanın fəlsəfi düşüncə tərzi haqda da mesaj vermiş oldu. Ondan sonrakı Mirzəmizin timsalında bu sayaq mesajlar elə bizdən-bizə gəlirdi: “... hələ biz avtomobil minməyiriz”, “Çırmanırıq keçməyə çay gəlməmiş” və s. Bunlardan sonrakı Mirzəmiz isə, növbəti şedevrlərindən birinə (xristian Qoqola müsəlmani rəhmət diləyəndən sonra) ustad bir təvazökarlıqla belə bir epiqraf verirdi: “Biz də öz dağarcığımızı çəkək çuvallar cərgəsinə”...

   Bu dahi üçlüyün - Azərbaycanın ictimai-fəlsəfi, ədəbi-bədii, milli-satirik bəyan mədəniyyətinin təkrarsız təmsilçisi, özgürlük avtoqraflarının hər biri ilklik, banilik məqamına qalxıb, öz xalqını çoxdan bəri sivilizasiya səfərinə çıxmış dünya karvanına qoşdu.

   Mirzə Fətəli baniliyilə - yəni dramaturgiyamızla bağlı tarixçə göstərimiz az müddət deyil. Amma heç çox da deyil; o çağadək, artıq, dünya səhnələri “Olum, ya ölüm?!” xitab-nidalı monoloqlar söyləmiş, “Homer, yoxsa Axilles? - Homer qələbənin sözü, Axilles isə özüdür!” kimi antik-əntiq dialoqlar qurmuş, “Görəsən, ölüm Taleyranın nəyinə gərəkmiş?..” dərinliyində fəlsəfi frazalar toxumuşdu.

   

   Amma...

   

   Elə həmin o dramatik dünyanın (xüsusən də Şərqin) sənət tarixi dekorasiyasına yaxşı nəzər etdikdə bu da görsənir ki, əsrlərlə həyatdan çox, həyət səhnələrinə cəlb edilmiş Azərbaycan xalqı teatral səhnəyəçıxma aktına geciksə də, sənətin bu ən diri, dinamik meydanı üçün çoxlarından çox faktlara, həyati-psixoloji, fəlsəfi-kulturoloji materiallara malikdir. Amma o vaxtadək məhəlli “qaravəlli”lərə, “kos-kosa”lardan başqa heç nəyə baxmağa macal tapmamış bir xalqın xüsusi intellekt, etik-estetik hazırlıq təmrinləri tələb edən teatra maraq göstərib-göstərməyəcəyi ehtimalına bir ipucu görsənmədiyi halda, səhnə əsəri yazmaq asanmı milli-məcnunluq idi? Böyük Mirzə Fətəli bu çətinliyin üstündən xətt çəkib, altı möhtəşəm pyes qələmə aldı. Hamısını da dəftər-qələmdən uzaq salınmış bir xalqın nitqinə bab adlandırdı. Onlardan üçü - bu qədər dramatik nüvəyə malik ola-ola, tam nəqli bir ifadə (“hekayəti...”) ilə başlayır ki, bu da bizə bir işarəti yarımbaşlıq bəxş edir:

   

   Hekayəti-Mirzə - II

  

   Öncə qeyd edim ki, bizim bütün Mirzələrimizin həyatı məşəqqətlərlə keçib. Mirzə Şəfidən sonrakı bu Mirzəmizin də həyatı heç də onun pyeslərindən az dramatik, keşməkeşli olmayıb. Açıq etiraf etməsə də, əsərlərindəki bəzi nüanslardan, haqqında yazılmış monoqrafiya və məqalələrdən belə bir motiv də keçir ki, o, çar Rusiyasının paqonunu çiyinlərində bir rütbə göstəricisindən əlavə, bir etnik sıxıntı göstərisi kimi də daşıyırmış. Hələ bu da var ki, bu rütbə ona 59 yaşında - 40 il xidmət etdikdən sonra verilmişdi. Böyük yazıçı-dramaturqun ictimai-siyasi, milli-mənəvi gərginliklərlə dolu qəlbinə dalbadal vəfat edən səkkiz uşağının kədər-qəmini də əlavə etsək, onun əli ilə yazılası daha neçə-neçə gözəl əsərlərdən məhrum olduğumuz haqda xəyali qənaətlərimizi reallaşdırmış olardıq...

   1812-ci ildə Şəkidə anadan olmuş Mirzə Fətəlinin ailəsi 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçür. Dolanışıq çətinlikləri bu ailəni Güney Azərbaycanın müxtəlif bölgələrini gəzib-dolanmağa məcbur edir. Atası Mirzə Məhəmmədtağının vaxtsız vəfatı Fətəlinin xeyli dərəcədə təbii həyat axarını dəyişdirir. O, anası (Nanə xanım) ilə 1825-ci ildə - 13 yaşında ikən Şəkiyə qayıdır. Anasının əmisi Axund Hacı Ələsgərin qayğı və nəzarəti altına keçir. Fətəlinin ruhani olmasını istəyən Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır.

   Gələcəyin materialist filosofu, ictimai xadimi, yazıçı-dramaturqu qədim Gəncədə məntiq və fiqh elmlərini, habelə ünlü Azərbaycan şair və filosofu M.Ş.Vazehdən xəttatlıq sənətini öyrənir. Əslində, gənc Mirzə Fətəli ilə müdrik Mirzə Şəfi münasibətləri yalnız xəttatlıq sənətini öyrənib-öyrətmə dairəsilə məhdudlaşmır. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, bir mütəfəkkir kimi yetişib-formalaşmasına çox önəmli təsir göstərir.

   Fəal zehni qabiliyyət və müasir elm-bilik üfüqləri. Birincinin təbii daşıyıcısı olan Mirzə Fətəli ikinciyə çox dərin maraq göstərdiyindən, 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur. Burada bir il təhsil aldıqdan sonra - 1834-cü ildə Tbilisiyə gedir. Tale onu Qafqaz canişinliyinə gətirib çıxarır baş dəftərxanada mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur. Ömrünün sonunadək (1878) bu vəzifədə çalışan Mirzə Fətəli Axundzadəyə ölümündən beş il əvvəl polkovnik rütbəsi verilir.

   

   ...134 il sonra isə

   

   xalqımız onu ədəbiyyatımızın, dramaturgiyamızın generalı kimi qutlayır. Şöhrətli teatrlarımız, adlı-sanlı rejissorlarımız onun əsərlərini yeni-yeni quruluşlarda, müasir traktovkalarda tamaşaçılara təqdim edir.

   Deməli, bizim böyük ikinci milli Mirzəmizəölümündən əvvəl”, “ölümündən sonrakimi təyin-tamamlıqlar uyğun gəlmir. Necə ki, onun bünövrəsini qoyduğu azad düşüncə tərzi bugünümüzün ən aktual ideoloji elementlərindəndir. Necə ki, onun da ciddi məqalələrlə çıxış etdiyiƏkinçiqəzeti bugünkü mətbuatımızın ulu soy-kökü kimi qiymətləndirilir.

   Necə ki, bizim universitet müəllimimiz, rəhmətlik Firudin Hüseynov bir gün auditoriyaya daxil olub, Mirzə Fətəli Axundzadə haqda mühazirəsinə belə başlamışdı: “Həyatda elə qanunsuzluqlar, cinayətlər, qüsurlar var ki, onların islahı, cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etmək olmur. Məsələn, öz xəsisliyi ilə arvad-uşağına, qohum-əqrəbasına olmazın əziyyətlər verən Hacı Qaranı ancaq ancaq öz istedad sənətkarlıqqılıncıilə Mirzə Fətəli Axundzadələr islah edə bilər. Yusif Sərraca, Hacı Qaraya, Molla İbrahim Xəlilə, Müsyö Jordan dərviş Məstəli şaha, Lənkəran xanının vəzirinə başqabədii insanlar”a əbədi ömür bəxş etmiş sənətkar heç vaxt ölə bilməz...”

   

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 14 mart.- S. 7.