Şabranda kitabsevərlər üçün
əlamətdar gün
Rayon mərkəzində kitab evinin
açılışında yazıçı-dramaturq
Elçin Hüseynbəyli oxucuları ilə
görüşdü
Martın 10-da Şabran rayon mərkəzində yeni təmirdən
çıxmış kitab evinin açılış mərasimi
keçirildi. Yerli kitab həvəskarlarına sevinc bəxş
edən tədbir daha bir əlamətdar hadisə ilə -
tanınmış yazıçı-dramaturq, “Ulduz”
jurnalının baş redaktoru Elçin Hüseynbəylinin
oxucularla görüşü və yenicə işıq
üzü görmüş “Yolayrıcında
qaçış” romanının imza günü ilə yadda
qaldı.
Mərasimdə
çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin
başçısı Novruz Novruzov insanın
dünyagörüşünün formalaşmasında, cəmiyyətin
inkişafında kitabın rolundan bəhs etdi. Azərbaycan
dövlətinin mədəniyyət siyasətində
kitabın təbliğinə böyük önəm verildiyini,
şair və yazıçıların
yaradıcılığına diqqət və qayğı
göstərildiyini dedi: “Ölkə Prezidentinin sərəncamı
ilə Azərbaycan və dünya klassiklərinin əsərləri
latın qrafikası ilə çap olunur. Kitabxanalar, kitab evləri
təmir-bərpa olunur, yeniləri inşa edilir.
Şabrandakı kitab evi də bir müddət idi ki, fəaliyyət
göstərmirdi, bina yararsız vəziyyətə
düşmüşdü. Ötən il binanı əsaslı
təmir etdik və indi oxucuların istifadəsinə veririk.
İnanıram ki, bu məkan kitabsevərlərin, elmə,
biliyə marağı olan hər kəsin sevdiyi bir ünvan
olacaq”.
İcra başçısı
bildirdi ki, bu tədbir yerli kitabsevərlər üçün
ikiqat əlamətdardır. Çünki tanınmış
yazıçı-dramaturq Elçin Hüseynbəyli
Yazıçılar Birliyinin “Bölgələrdə imza
günü” adlı yeni layihəsinin müəllifi kimi
oxucularla ilk görüşünə Şabrandan
başlayır: “Kitab evinin açılışı bu layihə
ilə üst-üstə düşüb. Hesab edirəm ki,
istedadlı yazıçı Elçin Hüseynbəylinin
digər əsərləri kimi, yeni romanı da böyük
oxucu auditoriyası qazanacaq”.
Tədbirdə
çıxış edən Elçin Hüseynbəyli qeyd etdi
ki, 2009-cu il aprelin 3-də Azərbaycanda ilk dəfə olaraq
onun müəllifi olduğu “Şah Abbas” romanının «imza
günü» gerçəkləşib və bundan sonra
Bakıda müxtəlif məkanlarda belə mərasimlər
keçirilməyə başlanıb: «Bölgələrdə
çoxlu kitab həvəskarları var. Amma, təəssüflər
olsun ki, kitab mağazaları azdır. Bunu nəzərə
alaraq, belə bir imza gününün regionlarda da
keçirilməsini qərara aldıq. «Bölgələrdə
imza günü» adlı layihə barədə mediada xəbər
yayılandan sonra ilk müraciət Şabran rayonundan gəldi.
Məşhur bir deyim var: «O cəmiyyətdə ki qocaları,
uşaqları və kitabları sevmirlər, o cəmiyyət
xoşbəxt ola bilməz». Düşünürəm ki,
şabranlılar bu baxımdan xoşbəxtdirlər ki, burada
kitabı sevirlər. Rayon mərkəzində kitab evinin
açılması əlamətdar hadisədir.
“Yolayrıcında qaçış” romanımın imza
gününün də bu mərasimə təsadüf etməsi
məni ikiqat sevindirir. «Bölgələrdə imza
günü» layihəsi digər rayonlarda da davam etdiriləcək.
Hesab edirəm ki, bu layihə ölkəmizdə
kitab-satış şəbəkəsinin formalaşmasında
müəyyən rol oynaya bilər».
Yazıçı onu da bildirdi ki,
son illər Mədəniyyət və Turizm Nazirliyi kitab
satışı ilə bağlı uğurlu layihələr
həyata keçirir. Bir sıra kitabxanaların nəzdində
kitab mağazaları açılıb, Bakıda və
bölgələrdə ənənəvi olaraq kitab bayramı
keçirilir: “Yaxşı olardı ki, həm paytaxtda, həm
də regionlarda tez-tez kitab yarmarkaları təşkil olunsun”.
Yazıçı-jurnalist Aydın
Tağızadə Elçin Hüseynbəylinin
yaradıcılığı haqqında tədbir
iştirakçılarına məlumat verərək bildirdi
ki, yazıçı və dramaturqun əsərləri
dünyanın bir çox ölkələrində
tanınır və sevilir: «Onun «Şah Abbas», «Don Juan» və
başqa əsərləri hər zaman oxucuların maraq
göstərdiyi nümunələrdir. Elçin müəllim
eyni zamanda gözəl dramaturqdur. Əsərləri müxtəlif
teatrlarda səhnələşdirilib. Yazıçı həmçinin
«Ulduz» jurnalının baş redaktoru və
Yazıçılar İttifaqında Gənclər
Şurasının sədridir. Müəllif haqqında ən
qiymətli sözü adətən onun əsərləri
deyir. Ona görə də tədbir
iştirakçılarını bu əsərlərlə
yaxından tanış olmağa dəvət edirəm».
Şabran Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) direktoru Səbirə Məcidova qəzetimizə
açıqlamasında belə tədbirlərin kitabın,
mütaliənin təbliği baxımından əhəmiyyətli
olduğunu qeyd etdi. Onun sözlərinə görə, MKS-in
284 min kitab fondu, 26 min 150 nəfər oxucusu var: «Rayonumuzda
4-ü şəhər, 1-i mərkəzi və 1-i uşaq
olmaqla, 46 kitabxana fəaliyyət göstərir.
İnanırıq ki, belə tədbirləri
reallaşdırmaqla kitablara maraq və oxucularımızın
sayı da artacaq».
«Əyləncə vasitələrinin
çoxalması səbəbindən gənclərimiz
arasında mütaliəyə marağın
azaldığı bir vaxtda rayonumuzda belə bir tədbirin
keçirilməsini çox yüksək qiymətləndiririk».
Bunu isə Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyinin
direktoru Şəfiqə Məmmədova dedi. Onun fikrincə,
tanınmış yazıçılarla görüşlərin
təşkil edilməsi kitaba əvvəlki marağı bərpa
edəcək.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 14 mart.- S. 6.