“Bəxt üzüyü”: 20 il sonra

 

   Martın 9-da “Nizami” Kino Mərkəzində “Bəxt üzüyü” bədii filminin ekranlara çıxmasının 20 illiyinə həsr olunmuş gecə keçirildi.

  

   Mədəniyyət xadimlərinin, kinosevərlərin iştirak etdikləri tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək “Bəxt üzüyü” kinokomediyası barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, iqtisadi, mədəni həyatımızın digər sahələrində olduğu kimi, kinoda da tənəzzülün yaşandığı bir dövrdə - 1991-ci ildə “Qara Qayafilm” studiyasında Xalq artisti, rejissor Ramiz Əzizbəylinin quruluşunda lentə alınan bu film zamanın sınaqlarından uğurla çıxıb. Ötən 20 il ərzində filmə olan tamaşaçı marağı bunun bariz təsdiqidir.

   Qeyd edək ki, Vaqif Səmədoğlunun eyniadlı pyesinin motivləri əsasında çəkilmiş filmin operatoru Amin Novruzov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Nizami Bəydəmirov, bəstəkarı Eldar Mansurovdur. Rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova və digər tanınmış aktyorlar oynayıblar.

   Ekran əsərinin yubileyi münasibətilə filmin yaradıcı kollektivini təbrik edən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artisti Həmidə Ömərova və digər çıxış edənlər “Bəxt üzüyü” kinokomediyasının tamaşaçıların ürəyinə yol tapdığını vurğuladılar.

   Tədbirdə filmdən fraqmentlər nümayiş etdirildi. Sonda ekran əsərinin rejissoru Ramiz Əzizbəyli çıxış edərək filmin qazandığı uğurlardan danışdı, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2012.- 14 mart.-S. 6.