Ölkəmiz
Ərzurumda beynəlxalq turizm tədbirlərində
təmsil olunub
Türkiyənin Ərzurum şəhərində
1-ci qış Anadolu sammiti - “Turizm, idman, biomüxtəliflik və
qlobal dəyişikliklər mövzusunda birgə layihələr”
adlı beynəlxalq konfrans keçirilib. Türkiyə, Pakistan,
Malayziya, Banqladeş, Tacikistan, ABŞ, Fransa, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Hindistan və digər
ölkələrdən nümayəndələrin iştirak
etdiyi tədbirdə Azərbaycanı Turizm İnstitutunun
rektoru Cəfər Cəfərov, ATİ-nin dekanı Nəsirulla
Nəsirli, Azərbaycan Müəllimlər İnstitutunun
prorektoru Tünzalə Yusifova və Naxçıvan Dövlət
Universitetinin prorektoru Məmməd Rzayev təmsil ediblər.
N.Nəsirli beynəlxalq tədbirdə
aqrar turizmdə yeni istiqamətlər və Azərbaycanda onun
inkişaf perspektivləri mövzusunda məruzə ilə
çıxış edib.
Plenar iclasların birinə
ATİ-nin rektoru C.Cəfərov sədrlik edib. İclasda
ABŞ-ın Ohayo Dövlət Universitetindən Ceki
Qudvayın “Gənclər arasında idmanın təbliğinin
inkişaf perspektivi”, Əl-Fərabi adına Qazax Milli
Universitetindən professor Erkin Kakimcanovun “GİS üsulu ilə
Almatıda turizm infrastrukturunun planlaşdırılması” və
digərlərinin məruzələri dinlənilib.
Azərbaycan nümayəndə heyəti
sammitin təşkilatçısı olan Ərzurum Atatürk
Universitetinin rəhbərliyi ilə də
görüşüb, qarşılıqlı əlaqələrin
genişləndirilməsi istiqamətində müzakirələr
aparıb.
* * *
Türkiyənin Ərzurum şəhərində
Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun (ESRUC)
İcraedici Şurasının iclası da keçirilib.
2010-cu ildə yaradılan qurumun məqsədi Tarixi İpək
Yolu üzərində yerləşən ölkələrdə
təhsilin, mədəniyyətlərarası dialoqun
inkişaf etdirilməsinə kömək göstərməkdir.
Konsorsiumun İcraedici
Şurasına Türkiyənin Ərzurum Atatürk Universiteti,
Pakistan Beynəlxalq İslam Universiteti, İtaliyanın Padua Universiteti,
Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq
Universiteti, Putra Malayziya Universiteti və Tbilisi Dövlət
Tibb Universitetinin rəhbərləri daxildirlər. Bu mötəbər
qurumda Azərbaycanı ATİ-nin rektoru Cəfər Cəfərov
təmsil edir.
C.Cəfərov iclasda ali məktəblərin
kadr potensialı haqqında vahid məlumat bazasının
yaradılması, Qərb ölkələrinin ali təhsil məktəblərinin
təcrübəsinin öyrənilməsi məsələləri
ilə bağlı təkliflərlə çıxış
edib.
Azərbaycan nümayəndələrinin
təklifi ilə Dünya Turizm Təşkilatının
İpək Yolu proqramı çərçivəsində
2012-2013-cü illər üçün müəyyən
edilmiş strategiya və istiqamətlərin ESRUC-un İpək
Yolu proqramı ilə əlaqələndirilməsi, tələbələrin
bu prosesə cəlb edilməsi, turizm üçün
faydalı istiqamətlər üzrə tədqiqatların
aparılması qərara alınıb.
Fəxriyyə
Mədəniyyət.-
2012.- 14 mart.- S. 5.