Həqiqətin o üzündəki Şekspirya...

 

   “Şekspir” şifrəsini açmaq üçün dəli kodunu yığmaq lazımdır

  

   Min illərdir ki, ağıllıların deyə bilmədiyi həqiqətləri dəlilər söyləyir. Bu dəfə də Xalq yazıçısı Elçinin “Şekspir” əsərindəki ağıllı dəliləri öz məntiqləri, həqiqətləri və arzuları ilə insanları heyrətləndirdilər.

  

   Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, martın 6-da Akademik Milli Dram Teatrında “Şekspir” tamaşasının premyerası oldu. İndiyədək bir sıra teatrlarda, ölkəmizdən xaricdə tamaşaya qoyulan əsərin budəfəki səhnə həlli Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində ərsəyə gəlib.

  

   Dəlilər və ağıllılar

  

   Hadisələr ruhi-əsəb xəstələri klinikasında cərəyan edir. Cəmiyyətdən, sağlam həyat tərzindən ayrı düşmüş insanlar bu klinikada bədbəxt olduqları qədər də xoşbəxtdirlər. Bu məhdud çərçivədə onların daxili azadlığını heç kim əlindən ala bilməz. Onların xəyal dünyası başqa bir dünyadır. Burada istədiklərini danışır, istədiklərini arzulayır, istədikləri kimi yaşayırlar. Kimsə onları ittiham edə bilməz, kimsə onları öz dünyasından ayıra bilməz... Ağıllı həkimlər yemək paylarına göz diksələr belə...

   ...Marslı saatlarla pəncərə önündə dayanıb gözünü göylərə dikir. O, nicatını orda görür, əmindir ki, günlərin bir günü onun arxasınca gələcəklər, mütləq gələcəklər. Şəxsiyyətin ikiləşməsi problemini yaşayan, özünü ər və arvad obrazlarında görən qadın iki dünya arasında çırpınır, “Stalin” törətdikləri əməllərin, cinayətlərin, qırğınların cəzasını çəkir, çəhrayı arzularla yaşayan, özünü yalnız səhnədə tapan “Sara Bernar” ruhi-əsəb klinikasının “ulduz”udur. Çox keçmir ki, bütün pasiyentlər Sara Bernarın sevimli müəllifinin - Şekspirin ətrafında birləşirlər. Onlar «Romeo və Cülyetta»nın saf məhəbbətinin cazibəsinə düşürlər.

  

   Həyat lövhələri

  

   Uzun illər klinikaya rəhbərlik edən baş həkim gerçəkliklə xəyal arasında başını itirib. Get-gedə həyatın əlində oyuncaq olduğunu anlayır, intihara cəhd edir, dəli olub həyatın bütün əzablarından, çətinliklərindən yaxa qurtarmaq istəyir. Amma amansız həyatda yaşamağa, yalanlar danışmağa, xəstələrin üzünə gülməyə məcburdur.

   Xəstəxanaya yadplanetlinin - “Drob-13”ün gəlişi sakit dünyada canlanma yaradır. “Drob-13” ruhi aləmdə yaşayan insanların hisslərinə hörmət edir. “Sara Bernar”ın məhəbbət və sədaqət dolu arzularını, insanların özlərinə tamaşa etmək üçün yaratdıqları teatr adlı bir aləmi, Şekspirin həyat, məhəbbət və hikmət dolu əsərlərinə valeh olur. Öz planetlərində teatrın olmadığını deyən “Drob-13” “Şekspir”i öz planetlərinə aparır.

   Müəllif bununla bir daha böyük ingilis dramaturqunun zamana və məkana sığmadığını, həyatın gerçəkdən bir səhnə olduğunu, əsrlər keçsə də insan hisslərinin, insan xislətinin dəyişmədiyini bir daha nəzərə çatdırır.

   Bir daha xatırladırıq ki, tamaşanın quruluşçu-rejissoru Moldovanın paytaxtı Kişinyovda Ejen İonesko adına Teatrın bədii rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış Petru Vutkereu, tərtibat rəhbəri Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu-rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

   Əsərin ilk tamaşasında əməkdar artistlər Pərviz Bağırov (“Stalin”), Ayşad Məmmədov (Baş həkim), Mətanət Atakişiyeva (“Sara Bernar”), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (Ər-arvad), Anar Heybətov (“Drob-13”) çıxış etdilər.

   “Şekspir” istər quruluşu, səhnə tərtibatı, rəssam işi, musiqi tərtibatı, istərsə də bir-birini tamamlayan aktyor ansamblı ilə qəribə tamaşa kimi yadda qaldı.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 14 mart.- S. 4.