Yüz yaşayın, Aşıq!

 

   İlk dəfə onu 1961-ci ilin avqustunda İsmayıllı rayonunun Müdrü kəndində toy məclisində görmüşəm. Onda mənim 10 yaşım vardı. O, arıq, sarışın, mavi gözlü bir oğlan idi. Musiqiçilər arasında sakit oturmuşdu. Biz kənd uşaqları üçün çox maraqlı idi ki, görəsən, bu oğlan niyə və nə səbəbə heç bir alətdə müşayiət etmir? O günlərdə adətə görə toy mərasimi üç gün davam edərdi. Həmin gün saat 2-dən başlamış toy axşam saat 7-dək davam etdi. Ondan sonra isə bir saatlıq fasilə verildi.

   Bir saatdan sonra qara zurnanın sədası yenidən eşidilməyə başladı. Ətraf kəndlərdən də camaat yığışıb, axşam toyuna toplaşmışdı. Bu anda toybəyi (masabəyi) aşığın gələcəyini elan etdi. Yan tərəfdən əlində telli sazı, qəlbində güclü sözü olan həmin oğlanı aşıq paltarında gördük. Gözlərimizə inanmadıq. Çünki biz uşaqlar toy mağarlarında yalnız yaşlı aşıqları görmüşdük. Bu on səkkiz yaşlı oğlan məclisə girən kimi bir hava çalandan sonra özünəməxsus bir əda ilə üzünü məclisdə oturmuş ağsaqqallara tutaraq baş əydi. Yeddi dastanın adını çəkərək hansı dastanı eşitmək, dinləmək istədiklərini soruşdu. Mağarda oturmuş ağsaqqallar “Alıxan və Pəri”ni seçdi. İkinci gecə isə “Əsli və Kərəm” dastanını nəql etdi. Bu gənc Aşıq Yanvar Bədəlov idi. Əynindəki göy aşıq forması, qara xrom sapoqları ona çox yaraşırdı. Bu gün mənim 61 yaşım olsa da, xatirəmdə o, belə qalıb.

   Sonralar, yəni 1973-cü ildən mən də İsmayıllı Rayon Mədəniyyət Şöbəsində işləməyə başladım. Mədəni-kütləvi tədbirlərdə tez-tez onunla görüşərdim. O, daha da püxtələşmiş, əsl sənətkara çevrilmişdi.

 

   * * *

 

   Məşhur Şirvan aşıqlarından Aşıq Şamilin gur çeşməsindən bəhrələnmiş Aşıq Yanvar Piralı oğlu Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Bu, o Tircan kəndidir ki, böyük rus şairi Mixail Lermontov (1814-1841) Qafqaz səfərində bu kənddə qonaq olmuşdu. Bu kənd qədim tarixə malikdir. Yanvar orta məktəbdə oxuyarkən qonşu Kəlfərəc kəndində yaşayan Aşıq Şamildən aşıq sənətinin sirlərinə yiyələnmişdir. Orta təhsili başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirmişdir.

   1963-cü ildə respublika festivalının iştirakçısı olmuş və II dərəcəli diplomla təltif olunmuşdur. 1970-ci ildən Tircan kəndində açılmış mədəniyyət evinin müdiri təyin edilmişdir. Sonralar müxtəlif baxış və müsabiqələrdə iştirak edərək, bir sıra diplom və fəxri fərmanlara layiq görülmüşdür. 2004-cü ildə isə “Respublika aşıqları” müsabiqəsinin “Şirvan aşıq sənətkarları” nominasiyasının qızıl medalına layiq görülmüşdür.

   Dörd oğul, bir qız atasıdır. Həm bir ağsaqqal, həm güclü ustad sənətkar kimi tanınan Aşıq Yanvarın 70 yaşı tamam olsa da, sənətkar zil səsi, incə saz ifaçılığı, çevik aşıq rəqsi bu gün də tamaşaçılar tərəfindən rəğbətlə dinlənilir, alqışlarla qarşılanır.

   Aşığın İsmayıllı haqqında yazdığı qoşmalardan birində deyilir:

  

   Aşıq Yanvar, el qeydinə qal, dolan,

   Hər vaxt, ilhamını eldən al, dolan

   Harda olsan, yurdu yada sal, dolan

   Yayılsın sədası İsmayıllının.

  

   Bu günŞirvan şikəstəsi”ni Aşıq Yanvar kimi ifa edən, oxuya bilən ifaçı az-az tapılar. Aşıq sənətinin bütün cəhətlərini, incəliklərini özündə, sənətində cəmləşdirən Aşıq Yanvar Bədəlov bu gün böyük həvəs şövqlə sənətini yaşadır. Arzu edərdik ki, belə sənətkarların ifası radio televiziya efirindən vaxtaşırı səslənsin. Çünki Yanvar tanınmağa layiq sənətkar söz ustadıdır. Sənətinizlə yüz yaşayın, Aşıq!

  

 

   Həmid Hacıyev,

   İsmayıllı rayon mədəniyyət işçisi

 

   Mədəniyyət.- 2012.- 16 mart.- S. 15.