90 yaşlı mədəniyyət ocağı

 

   Bu il 90 illik yubileyini qeyd etməyə hazırlaşan mədəniyyət mərkəzi Azərbaycanın Türkiyədə ilk diplomatı olmuş İbrahim Məhərrəm bəy Əbilovun adını daşıyır. 1922-ci ildə “Qızlar klubu” kimi fəaliyyətə başlayan mədəniyyət ocağı N.Nərimanovun təşəbbüsü ilə ovaxtkı Aşağı Dağlıq (indi Z.Adıgözəlov) küçəsində zəngin tacir Hacı Səməd ağanın mülkünün ikinci mərtəbəsində yerləşir. Bir müddət Əli Bayramov klubunun filialı olan mədəniyyət ocağı sonralar mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb.

  

   Ötən 90 il ərzində yüzlərlə qadın burada müxtəlif kurslara yazılaraq bir çox peşələrə yiyələnmiş, öz hüquqlarını öyrənmişlər. Korifey sənətkarlar Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Sidqi Ruhulla, Mehdi Məmmədov, Vasif Adıgözəlov və başqaları incəsənətin sirlərinə burada yiyələnməyə başlayıblar. Onlar sonralar bu mədəniyyət ocağını unutmayaraq tez-tez burada görüşlər keçirir, lazımi köməklərini, məsləhətlərini özlərindən sonra gələn nəsildən əsirgəmirdilər.

   Həmsöhbətim Mədəniyyət Mərkəzində 45 ildən çox bədii rəhbər vəzifəsində çalışan Mir Əhməd Əsgərovdur:

   - Mədəniyyət Mərkəzində 5 xalq kollektivi - xalq teatrı, “Şəlalə” xalq çalğı alətləri ansamblı (rəhbəri - Xalq artisti, professor Zamiq Əliyev), “Oğuzlar” (sənətşünas Abasqulu Nəcəfzadə), “Ailə” (Ziyadxan Cəbrayılov) xalq ansamblları, “Könül” rəqs ansamblı fəaliyyət göstərir. Nəzdimizdə olan “Vurğun poeziya teatrı”, “Mədəniyyət inciləri” uşaq teatrı, “Qağayı” məktəblilər ansamblı, “Könül sevincləri” və “Leyla” rəqs qruplarını, digər kollektivlərin də adını fərəhlə çəkə bilərəm. Bakı şəhərində keçirilən bütün mədəni tədbirlərdə, müsabiqələrdə yaxından iştirak edib uğurlar qazanırıq.

   Mədəniyyət Mərkəzində tibb, tikmə-biçmə, toxuculuq, rəssamlıq və s. kurslar fəaliyyət göstərir. Mədəniyyət ocağının böyük tarixi olduğu kimi, tərcümeyi-halı da zəngindir. Cahangir Cahangirov, Ağabacı Rzayeva, Aliyə Ramazanova, Əzizə Cəfərzadə, Süleyman Ələsgərov, Həsənağa Qurbanov və başqa sənətkarlar Əbilov adına Mədəniyyət Mərkəzini həmişə öz doğma evləri sayıblar.

   Qürurla deyə bilərik ki, respublikanın tanınmış mədəniyyət xadimlərinin bir çoxu Əbilov adına Mədəniyyət Mərkəzinin yetirmələridir. Divarlardakı stendlər, albomlardakı şəkillərlə tanış olmaq kifayətdir ki, dediklərim öz təsdiqini tapsın. Məşhur xanəndələr Alim Qasımov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Simarə İmanova və digərləri tez-tez mədəniyyət ocağında olub görüşlər keçirir, tövsiyələrini verirlər.

   Mərkəzdəki dərnəklərə bir vaxtlar rəhbərlik etmiş, adları incəsənətimizə qızıl hərflərlə yazılmış məşhur aktyorlar Qafar Həqqi, Süheyli Fərəc, Ələsgər Ələkbərov, Sadıq Saleh, Mirzağa Əliyev, Əlibaba Abdullayevin də adlarını çəkmək istərdim.

   Mədəniyyət mərkəzinin ilk rəhbəri Ruqiyyə Əliyeva (5 il) olub. Sonra onun işini Nabat Əfəndiyeva davam etdirib, bu vəzifədə 30 il çalışıb. Dörd ildir ki, mərkəzə Aida Muradova rəhbərlik edir. 12 bədii kollektivin fəaliyyət göstərdiyi mədəniyyət məbədində hər ay ədəbi-bədii gecələr, görüşlər keçiririk. İştirakçılar da, çıxışçılar da buraya ruh yüksəkliyi ilə gəlirlər.

   - Bir xoş ənənəmizdən də danışım, - deyə Aida xanım da söhbətə qoşulur: - Biz heç vaxt tariximizi, keçmişimizi yaddan çıxarmırıq. Mədəniyyət ocağının adını daşıdığı İ.M.Əbilovun ailəsilə həmişə əlaqəmiz olub. Onun qızı Anadolu xanımı tədbirlərimizə dəvət edirdik. Eləcə də bir vaxtlar bu binanı inşa etdirən Hacı Səməd ağanın nəvəsi Vaqif Süleymanovla əlaqəmiz var. Hazırda o, İstanbul Konservatoriyasının dosentidir. Bakıya gələndə mütləq bizimlə görüşüb işlərimizlə maraqlanır, öz uğurlarından danışır. Çalışırıq ki, xoş ənənələri layiqincə davam etdirək.

  

 

   İradə Əsədova

 

   Mədəniyyət.- 2012.- 16 mart.- S. 12.