Arzular çin olanda
Bakıda «Belkanto» opera studiyası açılacaq
XX əsrin böyük tenoru, dünya opera sənətinin ulduzu Franko Korellinin adı Azərbaycanda da əbədiləşəcək.
Dünya şöhrətli
sənətkarla şəxsən
tanış olmaq xoşbəxtliyi nəsib olmuş insanlar sırasında azərbaycanlı Rizvan Sədirxanov da var. Vaxtilə İtaliyada yüksək vokal məktəbi keçmiş
R.Sədirxanov indi Bakıda F.Korelli adına «Belkanto» studiyası açmaq qərarına gəlib.
Axundov bağının yaxınlığında
tipik «İtalyan sarayı»... F.Korelli adına «Belkanto»
studiyası məhz burada öz qapılarını istedadlı
vokalçıların üzünə
açacaq. Beləliklə, dəfələrlə İtaliyada nüfuzlu vokal müsabiqələrinin
qalibi, dramatik tenor R.Sədirxanovun çoxdankı
arzusu tezliklə reallaşacaq. Bakıda belə
bir studiyanın açılması ideyası
onda hələ İtaliyanın Marka əyalətinin Ozimo şəhərindəki Musiqi
Akademiyasında vokal sənəti təhsili alarkən yaranmışdı.
Bu məktəb Cili, Qyaurova, Pavorotti və digər başqa tanınmış opera müğənnilərinin
adları ilə bağlıdır. Rizvan
Sədirxanov akademiyanı
bitirdikdən sonra müxtəlif ölkələrdən
olan 38 məzun arasından seçilərək
böyük tenorun ölkəsində, İtaliyanın
Rekanti şəhərində
Benyamin Cili adına
nüfuzlu tenorlar müsabiqəsində iştirak
etmək hüququ qazanır. Soydaşımız müsabiqədə mötəbər jürinin
qəlbini fəth edir. O, ən yaxşı iştirakçı
kimi qəbul edilir və xüsusi mükafata layiq görülür. Mükafatı isə ona Franko Korelli şəxsən təqdim
edir. İtaliya müğənniləri opera incəsənətinin “Comolonquma”sı
sayılırlar, onun zirvəsində isə Korelli dayanır, ardınca Karuzo, Cili, Pavorotti gəlir. Monte San Vito şəhərində bizim
dramatik tenor Franko Korelliyə həsr edilmiş neopolitan “Katari” konsert proqramı ilə çıxış edib.
Bu konsertdə böyük maestronun dilindən səslənən
“bravo” səsləri Rizvan
Sədirxanov üçün
ən gözəl mükafat kimi qalacaq. Beləliklə, onlar görüşürlər
və taleyin qismətilə soydaşımıza
Franko Korellinin ailə üzvləri ilə tanışlıq nəsib olur. Həmin anları əks etdirən fotoşəkillər
Rizvan Sədirxanov üçün ən əziz xatirələrdəndir.
Metr ona çıxış etdiyi ən populyar operaların nəşrini hədiyyə
edir.
Yeri gəlmişkən, “Belkanto” studiyasının ən görkəmli yerində vaxtilə Cüzeppe Verdinin “Trubadur” operasında çıxış etmiş
Franko Korellinin (Manriko obrazında) fotosu asılıb. Qeyd edək ki, dünyanın ən böyük opera səhnələrində (“Metropoliten-opera”
- ABŞ, “La Skala” - İtaliya)
çıxış etmiş
dahi müğənni
2003-cü il oktyabrın 29-da vəfat edib və Milanda
dəfn olunub.
Bütün bunlar barədə
Rizvan Sədirxanovun studiyasında təhsil alanlara danışılacaq.
Lakin bu bir qədər
sonra olacaq. Hələlik o, studiyasının
perspektiv planlarından
söz açır:
“Bu studiyanı açmaqda
mənə Franko Korellinin özü xeyir-dua verdi.
Lakin bu məktəb xüsusi musiqi təhsili verən təhsil müəssisəsini
əvəz etmək məqsədilə yaradılmır.
Mənim
üçün mühüm
olanı istedadlı vokalçıların burada
yaxşı məktəb
keçmələri, öz
fitri istedadlarını
inkişaf etdirmələridir.
Biz həmçinin öz istedadlı tələbələrimizə İtaliyada
təhsil almaqda kömək də edə bilərik”.
“Belkanto”
studiyasında tədrisə
gəlincə, burada məşhur müğənnilərin
sənət tərcümeyi-halı
ilə bağlı zəngin tədris materialları olacaq. Eyni zamanda onların səsi yazılmış
gözəl fonetika, klassik operaların hissələrindən kompakt-disklər
də yer alacaq. Rizvan Sədirxanov bu barədə belə deyir: “Adi dərslər
60 dəqiqə olacaq.
Bunun artıq olmasına ehtiyac yoxdur. Axı klassik musiqi yüksək fiziki əmək deməkdir.
Bu baxımdan səsə çox ehtiyatla münasibət bəsləmək və onu çox məharətlə kökləmək
lazımdır. Mənim İtaliya,
Türkiyə və İsraildə ustad dərslərim olub və mən bunları öz həyat təcrübəmdən
bilirəm”.
“Belkanto”
studiyasına tez-tez tanınmış opera müğənniləri
gəlir. Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının solisti, Əməkdar artist Əvəz
Abdullayev Çexiyadan
qastroldan qayıdandan sonra o öz emosiyalarını, təəssüratlarını,
gələcək planlarını
bölüşmək üçün
maestronun yanına gəlir. Və əlbəttə, Franko Korello adına
“Belkanto” studiyanın rəsmi açılışının
nə zaman olacağını da öyrənmək istəyir.
Rizvan Sədirxanov isə
bu barədə, sadəcə, təvəzökarcasına
susur. Bu da təəccüblü deyil. Axı rəsmi açılışa
qədər hələ
həll edilməyən
bir sıra təşkilati məsələlər
var. Tezliklə Franko Korello adına
“Belkanto” studiyası öz işinə başlayacaq və ola bilsin ki,
nə vaxtsa opera səhnəsinə bu studiyanın astanasından
daxil olan müğənniləri dinləyəcəyik.
Lakin hələlik bizə Rizvan Sədirxanova öz gələcək planlarını həyata keçirməkdə uğurlar
arzulamaq qalır.
Mehparə
Mədəniyyət.- 2012.- 16 mart.-
S. 11.