“Caz əfsanəsi - Vaqif
Mustafazadə”
Böyük
musiqiçidən bəhs edən yeni sənədli film
çəkilib
Martın
16-da - Vaqif Mustafazadənin doğum günündə “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyində lentə alınan “Caz əfsanəsi
- Vaqif Mustafazadə” sənədli bədii televiziya filmi ilk dəfə
Azərbaycan Televiziyasında nümayiş olunacaq.
Azərbaycan caz musiqisinin
böyük ustadının həyat və
yaradıcılığından bəhs edən yeni ekran əsəri
barədə məlumat almaq üçün əvvəlcə
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş
redaktoru Yaqub Əlioğluna müraciət etdik:
- Vaqif Mustafazadəyə həsr
olunmuş sənədli-bədii televiziya filminin istehsalı bu
günlərdə başa çatıb. Vaqif Mustafazadə Azərbaycan
musiqisində, Azərbaycan incəsənətində bir hadisə
idi. O, muğamla cazın sintezini yaradaraq Azərbaycan musiqisinə
yeni nəfəs, orijinallıq gətirdi. Bu gün inkişaf
edən, müasirləşən, yeniləşən Azərbaycan
dünyaya özünün dəyərlərini də
çatdırır. Dünya Vaqifi tanıyır, ancaq Vaqifin
görünməyən tərəflərini yenidən
dünyaya tanıtmaq bizim mənəvi borcumuzdur.
Film Vaqifin doğulduğu məkanda
- İçərişəhərdə çəkilib.
İçərişəhərin özü bir əfsanədir,
nağıldır. Vaqif İşərişəhərdə
doğulduğu üçün musiqidə öz
nağılını yarada bildi. 33 dəqiqəlik filmdə
tamaşaçılar Vaqifin musiqiyə gəlişindən
tutmuş, tanınmış cazmen olmasına kimi qısa,
yığcam informasiyalarla bərabər, onun indiyədək
eşidilməyən melodiyalarını da dinləyəcəklər.
Filmin ssenari müəllifi
tanınmış yazıçı-publisist İntiqam
Qasımzadə, quruluşçu-rejissoru Tahirə
Hüseynova, quruluşçu-operatoru Zahid Bağırov,
rejissoru Hüseyn Hüseynovdur.
Filmin rejissoru Tahirə Hüseynova:
- “Azərbaycantelefilm”də
üç film çəkmişəm: Üzeyir Hacıbəylidən
bəhs edən “Əbədi iftixarımız”, “Bir
ömrün fəsilləri: Xəyyam Mirzəzadə” və
bir də istehsalı yenicə başa çatmış “Caz əfsanəsi
- Vaqif Mustafazadə”.
Film bədii-sənədli
olduğu üçün Vaqifin uşaqlığını,
gəncliyini, cavanlığını canlandırmağa
çalışmışıq. 8-9 yaşlarında Vaqifin
obrazını 6 saylı məktəbin şagirdi Heydər Məmmədov,
19-20 yaşlarını Mədəniyyət və İncəsənət
Universitetinin tələbələri Asif Mirzəzadə, Zəka
Məmmədov, cavanlığını isə istedadlı
musiqiçimiz Şahin Növrəsli canlandırıb.
Şahin Növrəsli böyük məmnuniyyətlə təklifimizi
qəbul etdi və mən deyərdim ki, bu rolun öhdəsindən
uğurla gəldi.
Filmdə Vaqif Mustafazadənin
ifasında Niyazinin, Qara Qarayevin, Tofiq Quliyevin, Səid Rüstəmovun,
Ramiz Mirişlinin, Adil Bəbirovun musiqiləri səsləndirilir.
Dünya şöhrətli Corc Gerşvinin “Mənim sevdiyim
adam” adlı bir musiqisi var. Vaqif bu musiqini çox sevərdi və
9 yaşından başlayaraq ömrünün axırına
kimi bu musiqi sanki onu müşayiət eləyirdi. Filmdə bu
musiqilərlə yanaşı Luis Armstronqun əsərlərindən
və Vaqifin özünün bəstələdiyi musiqilər
də səsləndirilib.
Ssenari müəllifi İntiqam Qasımzadə:
- “Azərbaycantelefilm”dən mənə
müraciət edəndə ki, Vaqif Mustafazadə haqqında
film çəkmək istəyirlər, bu mənim
üçün böyük bir sevinc oldu. Mən Vaqif
Mustafazadə yaradıcılığının, sənətinin
vurğunuyam. O bizim yaşıdımızdır. Bir şəhərdə
böyüyüb boya-başa çatmışıq, mən
Vaqiflə şəxsən tanış olmuşam, bir-birimizə
hörmətimiz olub. Bu böyük sənətkarın
vaxtsız vəfatı həmişə mənim qəlbimi
ağrıdıb. Biz Vaqifi çox tez itirdik. Cəmi 39 il
yaşadı. Ölümü də qeyri-adi oldu. Daşkənddə
konsert verərkən ürəyi ağrıyır, birinci hissədən
sonra deyirlər ki, bəlkə konserti dayandırasan, Vaqif
görün necə bir sənətkar idi ki, o, konsertinə gəlmiş
tamaşaçıların onun dinləmək arzusunu ürəyində
qoymur, sonacan konsertində iştirak edir. Konsertdən sonra təcili
yardım gəlib onu aparsa da, həyatını xilas etmək
mümkün olmadı.
Biz o zaman bunu bir dost, bir sənətkarın
itkisi kimi başa düşürdük, amma illər keçəndən
sonra biz baxıb görürük ki, necə böyük bir sənətkarı
itirmişik. Vaqifi tanısam da, sənətinə bələd
olsam da, onun Azərbaycan musiqisi üçün etdiklərini
gözəl bilsəm də, ürəyim sözlə dolu olsa
da, belə bir ssenari yazmaq üçün onun həyat yoluna
yenidən nəzər salmaq, onun haqqında yazıları
oxumaq, musiqisini dinləmək lazım idi. Mən iki ay gecə-gündüz
Vaqifin musiqilərini dinlədim və onu özüm üçün
yenidən kəşf etdim. Kəşf etdim ki, Vaqif fövqəladə
bir sənətçi olub. Vaqif dünyanın ən
istedadlı musiqiçisidir və ən böyük sənətkarlarla
bir sırada durmağa layiqdir.
Azərbaycan Televiziyası bu filmi Vaqifin ad gününə hədiyyə
etdi. Mən filimi görməmişəm,
amma çox səbirsizliklə gözləyirəm
ki, o filmi görüm. İnanıram ki, Tahirə xanım yaxşı bir film çəkib.
Çünki o mənim qədər,
bəlkə də məndən də artıq Vaqif sənətinin, Vaqif musiqisinin heyranlarından biridir.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 16 mart.- S. 11.