O, çaldı, çaldı, çaldı...

 

   Fərqinə varsalar da çaldı, varmasalar da

  

   Qınayıb-qınamasalar da, barmaqlarının atəşinə yanıb-yanmasalar da çaldı. Çağdaşı olan şairlərinRza, yaz. Rza, durma, Rza, yaz!” höcətilə, “zəncirləri qıram gərək, qıram, qıram!” əzmi ilə çaldı. O qədər çaldı ki, axırda bütün ölkə ona bir könüldən min könülə vurulub, “sən çaldın!” - dedi.

  

   Onun ifalarındakı fateh taktlar, “alovlu ürək”-“şıdırğı barmaqlarduallığından qopan yaz hərarətli, yay qaynarlı caz ən soyuq ürəklərdə belə, “cızzelədi...

   Vaqif bütün səslər fəlsəfəsinə vaqif idi. Özündən çox, “özgələr”ə, yalnız sənət büdcəsinə işləyən adamı”, yeniliklər, orijinallıqlarfermeriidi. Heç bir tərəfdə dayanmayıb, heç bir tərəfə qarşı çıxmadan beynəlxalq sənət generalitetinə daxil edilən Azərbaycan mədəniyyətinin əsgəri idi...

  

   Onun çöl “forma-məzmun”ları

  

   Öncə onunnorma”sız sənət forması haqda bir neçə söz.

   Bu gün bizim çalışdığımız Avropaya inteqrasiyanın, artıq bütün dünyanın qoşulmaqda olduğumədəniyyətlərin dialoqukimi qlobal layihələrin, bəşəri sivilizasiya epopeyasınınön söz”ünü 60 il əvvəl deyib, “giriş”ini 50 il bundan öncə yazıb - Vaqif Mustafazadə. Bunun özü bir sənət reforması, sənətkar məzmununun öncəgörmə formasıdır... Əsl sənətkar üçün fərqi var - onu bəri başdan qiymətləndirdilər, ya geri yaşdan? Fenomenallar üçüngəl-gəldeyib əl eləməklə, “get-get” deyib əməl-fel eləməyin elə bir fərqi yox! Əsas odur ki, əvvəlini yüz ölçəcən - sonu mütləq düz biçiləcək...

   Onun sənətkarlıq, şəxslik ictimailik forması da özgə bir aləm idi. Bu İçərişəhər balasının bayır təhər-tövrü qədər qədim idisə, məzmunu bir o qədər yeni idi. Ədəbi-bədii aləmlə bağlı “60-cılar”, “70-cilər” terminləri ayağından desəm, elə o illər tamaşaçılarının yaxşı yadında olar Vaqif Mustafazadə imici. Bütün Bakınınalışdım-yandımstilyaqalığı dövründə o özköhnə kişilərgörkəmiylə hamıdan fərqlənirdi. Gündən-günə müasirləşib-ütüləşən bir şəhərin lap içindən - İçərişəhərdən olasan, ətrafındakıdaley-daleymahnılar, “Buleyli”lər, “Qalada yatmış idim”lər kimi kömköhnə bir mədəniyyətbazar”ına caz kimi təptəzə birnırxqoyasan ... buxəntərə dədə-baba əba-qəbasında gəzəsən, oxəntərə mülayim xarakterə, kolorital oturuş-duruşa malik olasan!..

   

   Olum

  

   Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda anadan olmuşdur. 1964-də “Oreroansamblı, 65-də GürcüstandaQafqazcaz triosu, 70-də “Leylivokal kvarteti, 71-də “Sevilvokal-instrumental, 77-də “Muğam” instrumental ansambllarını yaradıb başçılıq edir. 1979-da Əməkdar incəsənət xadimi adına, 1982-də (ölümündən sonra) Azərbaycan Dövlət Mükafatına layiq görülür.

   Vaqifi tam almaq üçün gərək yazını qulağınla da oxuya biləsən - necə ki radio-televiziondan eşitdiyimiz sözsüz musiqiləri, simfoniyaları duyğularımızınqələmiləfikir-zikrə çevirib hekayətləşdiririk. Onun yaranış tarixçəsi baxımından hələ çox uşaq cazda ifa etdiyi hikmətləri bu qədər qos-qoca sözdə ifadə etmək olmur, axı. “Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo-79” kimi beynəlxalq caz müsabiqələri festivallarının şəriksiz laureatı olmuş bu sənətkarın dosye aktivinə bəndəniz əlavə etsin ki? Monakoda keçirilən beynəlxalq caz festivalında öz övladını - “Əzizənin intizarında”sı ilə beynəlxalq övlad məhəbbəti dastanı yaradaraq birincilik qazanan fenomen haqda əlavə sözə ehtiyac varmı? “Fortepiano simfonik orkestr üçün konsert»in, tamamlanmamışMuğamsimfoniyasının, neçə-neçə caz, fortepiano şedevrlərinin müəllifinin ruhuna elə beynəlxalq “bravo!” terminindən savayıhər şey havayıdesəm , “bəlkə nəsə deyə bildimehtimalıyla davam edək...

   

   Düşüncəmüəllifini düşünərkən...

  

   Əlbəttə, onun dahiyanəDüşüncə”si ladında düşünmək bunları yazıya almaq çox müşkül...

   Musiqişünaslar, yazı-pozu adamları onun özü, özgürlüyü, bənzərsiz çalğıları, vulkanik çılğınlığı haqda çox təşbehlər, polifonik fikirlər söyləyiblər. Dostları, şəxsi tanışlığı olmayan vurğunları onun təbii, qeyri-adi təbiəti, ipə-sapa yatmazlığının müxtəlifjanr”ları barədə çox bəhs ediblər. Mən - “dəstədən geridə qalmamaq üçünbəyan edim ki, sağlığında ona yarı Şərq-yarı Qərb adamı kimi baxırdım. Bu qəribə adamın - başında ikən görünməz əllərinin, daim plyus-minus yüklü sifətinin, çox zamanikiliməna təcəssüm etdirən təbəssümlü dodaqlarının, hətta 70-ci illərin sonlarında ona 2 il teleqadağaiş”i kəsdirən bığlarının bir tayı Şərqə çalırdı, bir tayı Qərbə...

   Sevilmək üçün, çalğılarına, bəstələrinə heyranlıq üçün, təxti-bəxtinə, hərtərəfli orijinallığına həsəd üçün, lap elə cavan qəfil bir ölümlə sevərlərini yandırıb-yaxmaq üçün... daha Tanrı ondan əsirgədi ki? Siz bir bu görəcək sənətkarınadicəolum-ölüm tarixçələrinə diqqət yetirin: 16 mart 1940 - 16 dekabr 1979. Olumu bahara, ölümü qışa beş gün qalmış...

   Deyirəm, bəlkə hərəni bir cür qidalandırıb qanadlandıranDüşüncə”sində bu nüanslara da toxunub bu sağ olmuş? Vaqifə dərindən vaqif olan oxucularsağ olmuşepitetinə duruxmazlar, yəqin. Hər çalğısı ilə hər dəfə bizi cansıxıcı anlardan alıb dirildən kəs ölə bilərmi, hörmətli zövqdaşlarım?! O, sadəcə, ömür payı sarıdan tamarzı qoydu bizi, vəssalam!

   Onun ecazkar musiqi taktları zəriflikdən infarkta doğru döyünən könlü dünyatutan bir antena idi. Bu “antena”nın barmaqcıqları səs-sədaları bütün başqaları kimi tutsa da, onları yalnız yalnız özü kimi yayımlayırdı. Özgə səsləri necə özümüzünküləşdirib doğmalaşdırırdısa, öz ritmlərimizi eləcə onlarınkılaşdırır beləliklə, hamını dünyəviləşdirirdi. Deyirlər, kamil musiqinin vətəni olmur, dili, tərcüməsi yoxdur. Düz deyirlər. Amma, məncə, bu ilahi qidanın zümrəsi, sinfi var. Söhbət sovetlər dövrünün fəhlə-kəndli siniflərindən, qulluqçu-ziyalı zümrələrindən getməsə , deyim ki, Vaqif Mustafazadəyə qədərcaz”avızeləyən, “mızqoyan ziyalılarımız da vardı. “Vaqif dərsi”ndən sonra isə, hətta ucqar kəndlərimizdəki cılxa saz, tar “planetlilərimizbelə, onunHeyratı”, “Şurcazları haqda özRuhani”, “Yetim segah”larından az gap eləmirlər.  

 

   Gəlişi şam, oluşu tam, gedişi natamam...

  

   Bəli, bircə ömür payı sarıdan yarımçıq qaldı - bu bütöv gənc, ağır-batman ahıl, virtuozqoca”! Otuz doqquzcasındaca çıxıb getdi. Bay, “çıxıb getdinəymiş belə - qələmim yanıltdı məni; çaxıb getdi! Hədsiz alicənabların, sədsiz həssasların sevgilisi olan bir aşiq-azar apardı onu. Könül-qəlb antenaları yalnız xoş münasibətlərə, ümumbəşəri dəyərlərə tuşlanmış sənət məcnunlarının canan-canalanı olan infarkt özünə daha bir yar tapdı Vaqifin köksündə. Qoymadı ki, bu könül bağbanı, Məlikməmmədliyin bu real təcəllası dünyanın ən qədimşərq”ilərilə ən yeniqərb”ilərinin 40-cı qapısını da açsın...

   Deyirlər, guya böyük, ali insanlar dünyalarını dəyişəndə ölüm sevinir. Bəlkə elə Səməd Vurğun buna görəÖlüm sevinməsin, qoy...” kimi bir şeirə qol qoyub?..

  

   Yəni ölüm (?!.)

  

   Bəli, cismi ölüm! Amma qəm?..

   Yəni ömrünün 40-cı yaşına çata, sənətnağılı”nın 40-cı qapısını aça bilməsə , bu dünyada öz aləmini yaradıb getmiş həmişə canlı aləmin cismi yoxluğu da yanğı-yarımçıq bir əsər! Bu yanğılıyarımçıqlıq”ların da müəllifi olan Vaqif bizimçün ayrıca-əlahiddəcə bir müasir-milli sənət sarayı qoyub getdi. Dünya üçünsə, ümumi bir musiqiindustriyasıyaradıb qaldı.

   Bu “etdi-getdi”, “çaldı-qaldı”ları üslubi qafiyələr, yazıbitirmə qaçaqaçı sanma, poetik-polifonik qafiyələr ustadı! Demək istədiyim bu ki, bu dünyada qalan dünya malı deyil; qeyri-maddi mənəvi halların ömrü maddi malların ömründən uzun olur. Çox uzun olur - ey fizikən qısa, mənən uzunömürlü, əbədi ustad!..

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 16 mart.- S. 10.