Nağılların
rəngli aləmi
Martın 14-də Xətai
Sənət Mərkəzinin miniatür sənəti
qalereyasında Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan
nağılı” mövzusunda rəsm sərgisi
açıldı. Sərgidə rəssamın 45-dən çox rəsm əsəri nümayiş
olunur.
İngilis dilində “Azərbaycan nağılları” (“Azerbaijan fairy tales”) kitabının layihə rəhbəri Leyla Əfəndiyeva sərginin açılışında çıxış edərək bildirdi ki, Arif Hüseynov bu nəşrdə toplanan 28 nağıla 40-dan çox illüstrasiya çəkib. Rəssam bu işlərə iki ilə yaxın vaxt sərf edib: “Biz bu gün “Azərbaycan nağılları” kitabında yer almış həmin rəsmlərin ayrıca sərgisini qeyd edirik. Rəssam hər bir nağıl qəhrəmanının obrazını əsl sənətkarlıq və sevgi ilə yaradıb”.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev bildirdi ki, sərgidə nümayiş olunan əsərlərdə ənənə ilə müasirliyin vəhdətinin əks olunduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, rəssamın bədii irsin məna-məzmun yükünü daşıya bilən bədii-estetik məziyyətlərindən istifadə etməsi ona, sözün əsl mənasında, reallıqla irreallığın qovuşuğundan ərsəyə gələn ilğım-nağıl lövhələr yaratmağa imkan verib.
Mərasimdə çıxış edən Arif Hüseynov nağıllarımıza çəkdiyi illüstrasiyalarla yanaşı, sərgidə Novruz bayramına həsr edilmiş rəsmlərə də yer ayırdığını vurğuladı. Tamaşaçılar sərgidə rəssamın özünəməxsus, orijinal bir üslubla fırçasının “gözündən” keçirdiyi nağıl qəhrəmanlarımızın obrazlar aləmi ilə yaxından tanış oldular. Burada nağıllarımız hər birimizin yaddaşına həkk olunmuş əfsanəvi qəhrəmanlar, həmçinin milli bayramımıza xas olan adətlər miniatür sənətinin zəngin ənənələri əsasında öz bədii əksini tapıb.
S. Fərəcov
Mədəniyyət.-
2012.- 16 mart.- S. 8.