Türk dünyasında ilin
ədəbiyyat adamı
“Qardaş qələmlər” dərgisinin Xalq
yazıçısı Anara həsr etdiyi xüsusi
buraxılışı təqdim olundu
Xəbər
verdiyimiz kimi, ötən ilin oktyabrında Şimali Kipr
Türk Cümhuriyyətində keçirilən Türk
Dünyası Ədəbiyyat Dərgiləri Konqresində Azərbaycanın
Xalq yazıçısı Anar “Türk dünyasında ilin ədəbiyyat
adamı” elan edilib. Bununla əlaqədar olaraq Türkiyədə
nəşr olunan “Qardaş qələmlər” dərgisi
2012-ci il yanvar sayını Xalq yazıçısına həsr
edib.
Martın 14-də Azərbaycan Milli
Kitabxanasında dərginin Xalq yazıçısına həsr
edilmiş sayının təqdimatı keçirildi. Tədbiri
Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq,
yazıçını həm “Türk dünyasında ilin ədəbiyyat
adamı” elan edilməsi, həm də doğum günü
(martın 14-də yazıçının 74 yaşı tamam
olub) münasibətilə təbrik etdi.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid xalq yazıçısının türk dünyasındakı xidmətlərindən, dilimizin qorunması, ədəbiyyat və mədəniyyətimizin təbliğində gördüyü işlərdən söhbət açdı. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəli Öməroğlu çıxışında qeyd etdi ki, Anar təkcə Azərbaycana məxsus deyil, o, türk dünyasında yaşayan ən böyük aydınlardan biridir: “Dərgimizin yanvar sayını özəl olaraq Anar bəyə həsr etməyimiz 2012-ci ildə nəzərdə tutulan ilk işlərdən biridir”.
“Qardaş qələmlər”in baş redaktoru Əli Akbaşı isə çıxışında “Yazarlar mədəniyyət elçiləridir. Onlar axıb gedən zamana öz möhürlərini vururlar. Biz bir türk milləti olaraq Anar kimi dahilər yetişdirməyimizlə fəxr duymalıyıq”, - deyə bildirdi.
Yazıçı-tərcüməçi İmdad Avşar Xalq yazıçısını klassika ilə modernizmi birləşdirən sənətkar olduğunu vurğuladı.
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli səbəbkarı ona həsr etdiyi seirlə təbrik etdi.
Tədbirdə çıxış edən millət vəkili, yazıçı-publisist Aqil Abbas, AYB-nin katibi Arif Əmrahoğlu Anarın Azərbaycan mətbuatı və publisistikasına töhfələrindən, yazıçının yaratdığı “Qobustan” jurnalının bu sahədə tarixi rolundan bəhs etdilər.
Tədbirin sonunda çıxış edən Xalq yazıçısı xoş sözlərə görə təşəkkür edərək bildirdi: “Bu gün atamdan üç, anamdan isə altı yaş böyüyəm. Arzu edirəm ki, Tanrı mənə ömür versin, yarımçıq işlərimi başa vurum”.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 16 mart.- S. 5.