“Şah Abbas və Xurşudbanu”
Dahi Üzeyir bəyin operasının 100 yaşı qeyd
edildi
Martın 15-də Üzeyir Hacıbəylinin ev-muzeyində
dahi bəstəkarın “Şah Abbas və Xurşudbanu”
operasının 100 illik yubileyinə həsr olunmuş tədbir
keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar
incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov
açaraq 1912-ci il martın 12-də Nikitin qardaşları
sirkinin səhnəsində tamaşaya qoyulan opera barədə
məlumat verdi. Bildirdi ki, 100 il bundan əvvəl Üzeyir bəyin
iki unudulmaz operası - mart ayında “Şah Abbas və
Xurşudbanu”, may ayında isə “Əsli və Kərəm”
operaları tamaşaya qoyulub. “Əsli və Kərəm”
operasının taleyi uğurlu oldu. Not yazıları,
plastinkaları, lent yazıları günümüzəcən
gəlib çıxsa da, təəssüf ki, “Şah Abbas və
Xurşudbanu” operası” unudulmuş operalarımız
siyahısındadır: “Vaxtilə Bakıda, eləcə də
Tiflisdə, İstanbulda tamaşaya qoyulan bu opera 20-30-cu illərdə
kommunist ideologiyasına uyğun gəlmədiyinə görə
səhnədən çıxarılır, əlyazması,
not kağızları da it-bata düşür”.
Sərdar Fərəcov bildirdi ki,
Üzeyir Hacıbəyli irsinin bir parçası olan qiymətli
sənət nümunəsini bu gün tamaşaya qoymaq
mümkün olmasa da, bu tarixi unutmamalıyıq. Üzeyir
Hacıbəylinin ev-muzeyinin baş elmi işçisi Sevinc
Quliyeva “Şah Abbas və Xurşudbanu” operasının tarixi
barədə ətraflı çıxış etdi. Tarixin
qaranlıq səhifələrini araşdıran Sevinc Quliyeva
operanın yazılma tarixi, səhnə uğuru, o
dövrün şəxsiyyətlərinin opera barədə mətbuat
səhifələrində söylədikləri yüksək
fikirləri iştirakçıların nəzərinə
çatdırdı.
O, qeyd etdi ki, “Şah Abbas və
Xurşudbanu” operasının rejissoru Hüseyn Ərəblinski,
dirijoru Müslüm Maqomayev olub. Operanın ilk
tamaşasında Şah Abbas rolunu Hüseynqulu Sarabski,
Xurşudbanu rolunu Əhməd bəy Ağdamski oynayıb.
Tamaşanı tarzən Şirin Axundovun rəhbərlik etdiyi
“Şərq orkestri ” müşayiət etmişdir.
Tədbirdə Azərbaycan Teatr
Xadimləri İttifaqının sədri, Xalq artisti Azər
Paşa Nemətov, Əhməd bəy Ağdamskinin oğlu
Telman Ağdamski, Xalq artisti Canəli Əkbərov
çıxış edərək, musiqi xəzinəmizin
nadir incilərini yaradan Üzeyir bəyin ölməz irsindən,
Azərbaycan mədəniyyəti, ədəbiyyatı və
incəsənətindəki danılmaz xidmətlərindən
danışdılar.
Xatırladaq ki, Üzeyir Hacıbəyli
bu operanın mövzusunu bir xalq nağılından
götürmüşdür. Şöhrətpərəst
şaha qalib gələn sadə odunçu qızının
taleyindən bəhs edən bu opera xoşbəxt sonluqla bitir.
Tədbirdə operanın ilk
tamaşasından yadigar qalmış afişa, proqram və
fotoşəkillərdən ibarət sərgi də
nümayiş olundu.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 16 mart.- S. 5.