2012-ci
ilin “Xalq
yaradıcılığı paytaxtları” təqdim edildi
İl
ərzində Gədəbəy, Masallı və Qubada müxtəlif
layihələr, rəngarəng tədbirlər keçiriləcək
Mədəniyyət
və Turizm Nazirliyinin «Azərbaycanın xalq
yaradıcılığı paytaxtları» proqramı çərçivəsində
2012-ci il üçün Gədəbəy Azərbaycanın əfsanələr,
Masallı folklor, Quba isə sənətkarlıq paytaxtı
elan edilib. Martın 15-də Muzey Mərkəzində bununla
bağlı təqdimat mərasimi keçirildi.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev 2010-cu ildən həyata
keçirilən bu layihənin əhali tərəfindən
böyük maraqla qarşılandığını dedi: “Bu
layihə 2014-cü ilə qədər davam edəcək. Bu
müddətdə keçirilən tədbirlərin
miqyası da genişlənəcək, təcrübə də
toplanacaq. 2014-cü ildən sonra isə növbəti 10 il
üçün yeni proqramın hazırlanması nəzərdə
tutulur».
Nazir qeyd etdi ki, «Azərbaycanın
xalq yaradıcılığı paytaxtları» layihəsi
özünü yüksək səviyyədə doğruldur,
respublikanın bütün bölgələrində bu fəxri
ad uğrunda müəyyən bir rəqabət gedir:
«Çünki layihə rayonların mədəni
inkişafına müsbət təsir göstərir. Xalq
yaradıcılığı paytaxtı elan olunmuş rayon və
şəhərlərdə müxtəlif tədbirlərin təşkili,
sözsüz ki, bu bölgənin təbliğinə də
xidmət edir. Keçirilən tədbirlər yerlərdə
xalq yaradıcılığının müxtəlif sahələrinin
inkişafına təkan verir”.
Tarix və mədəni dəyərlər hər zaman
diqqət mərkəzindədir
Nazir qeyd etdi ki, Azərbaycan
xalqının qədim tarixi irsi, zəngin adət-ənənələri,
mənsub olduğu dəyərləri qoruyub saxlamaq, onu gələcək
nəsillərə çatdırmaq hər zaman diqqət mərkəzindədir.
Əbülfəs Qarayev bu sahədə Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən
işlərin xüsusi əhəmiyyətini qeyd etdi. Bu fəaliyyət
nəticəsində xalq yaradıcılığının
mühüm qollarını təşkil edən Azərbaycanın
aşıq sənəti (2009), Azərbaycan
xalçaçılıq sənəti (2010) UNESCO-nun
qeyri-maddi irs siyahısına daxil edilib. Azərbaycan
xalqının qədim ənənələrini özündə
yaşadan Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısında
yer alıb.
Əbülfəs Qarayev bildirdi ki,
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
dünyanın qabaqcıl ölkələrinin mədəniyyət
siyasəti sahəsindəki təcrübələri nəzərə
alınmaqla, Azərbaycanın qeyri-maddi mədəni irs sahəsinin
(diyarşünaslıq, folklor və sənətkarlıq) mədəni-siyasi
təminat mexanizmlərinin monitorinqi aparılıb.
Keçirilmiş monitorinqin nəticələri əsasında
“2011-2020-ci illərdə Azərbaycanın qeyri-maddi mədəni
irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi
hazırlanaraq baxılması üçün müvafiq
qurumlara təqdim olunub: «Bu sahədə aparılan
islahatların davamı olaraq, hazırda milli mənəviyyatın
və mədəniyyətin inkişaf özəyini təşkil
edən diyarşünaslıq, folklor və sənətkarlıq
üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub
saxlanılması, gələcək nəsillərə
çatdırılması məqsədilə “Azərbaycanın
qeyri-maddi mədəni irs abidələrinin Dövlət
Reyestri” tərtib edilib. Azərbaycan MDB ölkələri
arasında ilk ölkədir ki, belə bir reyestr
hazırlanıb.
Nazir onu da qeyd etdi ki,
xalqımızın qeyri-maddi mədəni irsinin sistemli şəkildə
inkişafı və təbliğini təşkil etmək məqsədilə
“Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin
portfolio bankı” hazırlanır. Burada xalq kollektivləri,
ifaçılar, xalq dekorativ-tətbiqi və təsviri sənəti
ilə məşğul olan sənətkarlar, bu sahədə
fəaliyyət göstərən qeyri-hökumət təşkilatları,
özəl qurumlar barədə məlumatlar əksini tapacaq.
Nazir “Azərbaycanın qeyri-maddi mədəni
irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı”nın
yaradılması istiqamətində iş
aparıldığını da diqqətə
çatdırdı. Qeyd etdi ki, klub-park sistemində mərkəzləşdirilmə
və profilləşdirilmə üzrə əsaslı
islahatlar həyata keçiriləcək: «Yerlərdə şəhər
(rayon) mədəniyyət evləri əsasında mədəniyyət
mərkəzləri və onların diyarşünaslıq,
folklor və sənətkarlıq istiqamətli
filiallarının, habelə mədəniyyət və istirahət
parklarının əsasında etnoparkların
yaradılması nəzərdə tutulur. Bununla yanaşı,
Azərbaycanın qeyri-maddi mədəni irsinin beynəlxalq aləmdə
təbliği, həmçinin ölkəyə gələn
turistlərin sayının artırılması məqsədilə
“Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq
mədəni-turizm marşrutları”nın təşkil edilməsi,
habelə digər konseptual proqram və layihələr üzərində
də müvafiq işlər görülür”.
Mədəni
irsimizin dünyada tanıdılmasında mühüm töhfə
Nazir qeyd etdi ki, həyata
keçirilən layihələr sırasında
“2010-2014-cü illər üçün xalq
yaradıcılığı paytaxtları” proqramının
xüsusi yeri var. Bildirdi ki, 2012-ci il üzrə xalq
yaradıcılığı paytaxtları elan olunmuş Gədəbəy,
Masallı və Quba şəhərlərində il ərzində
nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin,
respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans,
dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka,
infotur və digər tədbirlərin təşkili nəzərdə
tutulur: «Əminəm ki, ilboyu keçiriləcək tədbirlər
bu şəhərlərin və ümumilikdə Azərbaycanın
qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasında
mühüm töhfə olacaq».
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
Qeyri-maddi mədəni irs sektorunun əməkdaşı
Vüqar Məmmədov layihənin proqramını
açıqladı və 2011-ci ilin xalq
yaradıcılığı paytaxtları olmuş Şabran (əfsanələr),
Lənkəran (folklor) və İsmayıllı (sənətkarlıq)
şəhərlərində keçirilən tədbirlər
barədə məlumat verdi.
Sonra Gədəbəy, Masallı və
Quba rayonlarının icra hakimiyyətlərinin nümayəndələri
çıxış etdilər. Qeyd olundu ki, bu layihə Azərbaycanın
çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni
irs nümunələrinin, sənətkarlığının,
tarixinin qorunmasına xidmət edir.
Tədbirin sonunda 2011-ci ildə Azərbaycanın
müxtəlif istiqamətlər üzrə mədəniyyət
paytaxtı olmuş Şabran, Lənkəran və
İsmayıllı rayonlarının mədəniyyət və
turizm şöbələrinin müdirləri 2011-ci il
üçün təsdiq olunmuş illik tədbirlər
planının icrasında göstərdikləri fəaliyyətə
görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
fəxri fərmanla təltif olundular. Gədəbəy,
Masallı və Quba rayonlarının icra hakimiyyəti
başçılarının müavinlərinə, mədəniyyət
və turizm şöbələrinin müdirlərinə isə
bu şəhərlərin 2012-ci ildə “Yaradıcılıq
paytaxtları” elan olunmaları münasibətilə nazirliyin fəxri
diplomu və kuboklar təqdim olundu.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 16 mart.- S. 3.