Şərqin
kiçik möcüzəsi: Zəfəran
Respublikamızın zəngin təbii sərvətləri
arasında nadir bitki növlərinin özünəməxsus
yeri var. Şəninə mahnılar qoşub, süfrələrimizin
bəzəyi saydığımız zəfəran həmin
bitki növlərindən biridir...
Zəfəran çoxillik
bitkidir, zanbaqçiçəklilər fəsiləsinə
aiddir. Onun dünyaya bir neçə
növü məlumdur. Yaşıl
gövdəli və bənövşəyi rəngli
çiçəyi olur. Hər bir çiçək tacının
ortasında qırmızı rəngli üç
ədəd tel olur. Ədviyyat
kimi tanıdığımız zəfəran
məhz həmin o üç
teldir. Zəfəran kökündəki soğanaqlar vasitəsilə
çoxaldılır. İyul-avqust
aylarında soğanaqlar yerdən
çıxarılır və bir-birindən aralanır. Qurudulduqdan sonra təzədən
seyrək şəkildə torpağa
basdırılır. Payız aylarında çiçəkləyir,
oktyabrın sonu - noyabrın əvvəlində
isə onun tellərini yığmaq
lazım gəlir. Yığılan tellər qaranlıq və
quru yerdə saxlanılır. Qurudulmuş zəfəran tellərini
ağzıbağlı şüşə qabda
saxlamaq lazımdır. Bu vəziyyətdə
ədviyyat təravətini
on-on beş il saxlaya bilir.
Zəfəranın insanlara məlum
olma tarixi çox qədimdir. Onun vətəni barədə
müxtəlif fərziyyələr
mövcuddur. Belə qənaətə
gəlinib ki, o, ilk dəfə Hindistan, Çin, Türkiyə, İran və Suriyada aşkar olunub. Sonra ərəblər onu Avropaya aparıblar.
Bu gün zəfəranın
ən çox İspaniyada, Fransanın cənubunda, İtaliyada, Krımda becərildiyi bildirilir. Ondan həm də
dərman hazırlanmasında,
boyaqçılıqda istifadə
olunur. Araşdırmalarda göstərilir ki,
eradan çox-çox
əvvəl zəfərandan
həm də təbii boyaq kimi istifadə edilib. Məşhur yunan həkimi-alimi
Hippokrat isə bir sıra xəstəliklərin
müalicəsində məhz
zəfərandan istifadə
edib. İndinin özündə də zəfərandan məişətdə ədviyyat,
təbabətdə isə
dərman kimi istifadəsi geniş yayılıb. Zəfəranın müalicəvi əhəmiyyəti
barədə danışanda
ilk növbədə onun
sinir sisteminə müsbət təsiri önə çəkilir.
Təbabət elmi onun ürək-damar sistemini möhkəmləndirdiyini, mədə-bağırsaq
xəstəliklərinə, başağrısına, göy
öskürək, qaraciyər
və öd kisəsinin fəaliyyətinə
çox müsbət
təsir göstərdiyini
bildirir. Lakin ondan
həddindən artıq
istifadə də məsləhət görülmür.
Hər bir adam üçün
illik norma bir qram müəyyən
edilib.
Azərbaycan milli mətbəxində
bir çox xörəklərin (plov, piti) və şirniyyatların
(şəkərbura, paxlava)
hazırlanmasında da
ondan geniş istifadə olunur. Zəfəranla hazırlanmış xörək çox dadlı olur və bir neçə
gün xarab olmadan saxlamaq olur.
Maraqlıdır ki, zəfəranın
həm yazda, həm də payızda çiçəkləyən
növləri məlumdur.
Bitkinin yazda çiçəkləyən növünün
mavi, ağ,
sarı, açıq
bənövşəyi rəngli
gülləri ola bilir. Adətən bu növdən
dekorativ məqsədlərlə
daha çox istifadə edilir. Lakin bu bitkiyə şöhrət gətirən
təkcə çiçəklərinin
gözəlliyi deyil,
ilk baxışdan adi görünən dişciklərinin
parlaq rəngə boyanmasıdır. Payızda çiçək
açan zəfəranın
güllərinin rəngi
isə parlaq sarı-narıncıya çalır.
Aparılan təcrübələrdən aydın olub ki, bir qram
zəfəranla yüz
litr suyu boyamaq mümkündür.
Onu da deyək ki,
bu xüsusiyyət zəfəran dişciklərin
tərkibində olan rəngləyici maddə ilə bağlıdır.
Şərq ölkələrində isə zəfəran dişciklərindən bəzi
xörəklərə xüsusi
dad və ətir verdiyinə görə istifadə edilib. Xüsusilə ərəb ölkələrində
soğan, sarımsaq və dəfnə yarpaqları ilə yanaşı, zəfərandan
da ədviyyat kimi istifadə olunub. Şərq alimlərindən olan M.Y.Şirvani (1712) yazıb:
“Zəfəran insanı
gümrah saxlayır, mədəni möhkəmləndirir,
dalaq, qaraciyər xəstəliklərində, bel
ağrılarında, soyuqdəymədə
xeyirlidir. O, cinsi fəallığı artırır,
üzün rəngini
yaxşılaşdırır, üzə şəfəq
verir, yuxu gətirir”.
Respublikamızda zəfəranın altı növü mövcuddur. Onlardan ancaq
biri mədəni şəraitdə becərilir.
Bu yaxınlara kimi o ancaq Abşeronun
Bilgəh sovxozunda əkilirdi. Hazırda onun becərilmə
sahəsi genişləndirilir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 20 mart.- S. 14.