Oddan başlanan bayram
Yazın gəlişi dünyanın bir çox ölkəsində
rəngli mərasimlərlə qeyd edilir
Azərbaycan
da daxil olmaqla, Şərq xalqlarının bir çoxunun qeyd
etdiyi Novruz bayramının əsas mahiyyəti gecə ilə
gündüzün bərabərləşməsi, yeni astronomik
ilin başlanması, qışın yola salınıb,
yazın qarşılanmasıdır. Bahar bayramı, yazın
qarşılanması mərasimi, bununla bağlı müxtəlif
ayinlər, adət-ənənələr isə
dünyanın müxtəlif ölkələrində fərqli
adlarla qeyd olunur.
Məsələn, xristianların
Pasxa bayramı (İsa peyğəmbərin zühuru), dini
mahiyyətli olsa da, müəyyən mənada Novruzu
xatırladır. Bu bayramda da evlərdə bol süfrə
açılır, Pasxa yumurtası boyanır, şirniyyat
bişirilir. Bayram axşamı insanlar kilsələrin həyətində
toplaşır, kütləvi gəzintiyə çıxırlar.
Bu zaman onlar müxtəlif oyunlar oynayır, xorla oxuyur, müddət
şənlənirlər.
Yaz gecə-gündüz bərabərliyinin
(21 mart) ardınca ayın doğmasından sonrakı birinci
bazar günü qeyd olunan Pasxa hər il fərqli vaxtlara təsadüf
edir. Üstəlik, katolik xristianlarla pravoslavlar kilsə təqvimlərindəki
fərqlər üzündən bayramı ayrı günlərdə
qeyd edirlər. Məsələn, 2012-ci ildə katoliklər
Pasxanı aprelin 8-də, pravoslavlar isə 15-də qeyd edəcəklər.
Rusların Pasxadan təxminən
ayyarım öncə qeyd etdikləri “Maslennisa” bayramı da
qışın yola salınması, yazın gəlişi ilə
bağlıdır. Bu bayramı ruslar (və digər slavyan
xalqları) hələ xristianlıqdan öncə, bütpərəstlik
dövründə qeyd ediblər. Tonqalların qalanması,
qışın (köhnəliyin) simvolu olan “Maslenisa” müqəvvasının
yandırılması bir anlamda bizim Novruz öncəsi qeyd
etdiyimiz ilaxır çərşənbələri
xatırladır. Tonqalda yanan “qış müqəvvası”
yerini yeni dövrə - yaza verir. Bayram yazın qış
üzərində qələbəsini
simvollaşdırır. “Maslenisa” adının mənası isə
belədir: pravoslav xristianlarda “Böyük orucluq”dan (“Velikiy
post”; ayyarım davam edir, Pasxa bayramı ilə başa
çatır) bir həftə öncə yeməklərin
hazırlanmasında kərə yağından, süd məhsullarından
və balıqdan istifadəyə icazə verilir. Pravoslav kilsə
təqvimində bu dövr “Yağ-süd həftəsi”
adlanır. “Maslenisa”nın başlanma tarixi hər il
“Böyük orucluğ”un vaxtından (2012-ci il
üçün 27 fevral - 14 aprel) asılı olaraq dəyişir.
Bu il “Maslenisa” fevralın 20-dən 26-dək davam edib.
Yazın gəlişinin bir əlaməti
də torpaqların əkilməsidir. Qədim rus (slavyan)
inanclarına görə, “Maslenisa” müqəvvasının
yandırılması və külünün torpağa
qarışdırılması gələcək məhsuldarlığın
rəmzidir. “Maslenisa” bayramında yağlı qutabların
(blinçik) bişirilməsi, qəbirlərin ziyarət
olunması və s. ayinlər də icra olunur.
Od
həyat simvoludur
Tonqallar qalanması, bayram
xonçası ətrafında şam yandırılması
Novruzun mühüm atributlarlndan biridir. Bu ritual dünyanın
bir çox xalqlarının bayram mərasimlərində yer
alır. Çünki od-alov ta qədimdən həyat rəmzi
olub, qədim insanlar oda tapınıb, onu müqəddəsləşdiriblər.
Oddan istifadə
insanlığın ən qədim və mühüm kəşflərindən
biridir. Qədim yunan əsatirlərində odun insanlara Prometey
adlı ilahi tərəfindən bəxş edildiyi bildirilir.
Reallığa gəldikdə isə, güman olunur ki, ilk dəfə
insanlar ildırımın çaxması və üzvi maddələrin
öz-özünə yanması nəticəsində əmələ
gələn təbii oddan istifadə etmişlər. Od ibtidai
insan dəstələrində sosial əlaqələrin
formalaşması və möhkəmlənməsində
mühüm rol oynayıb. İnsanlar oda sitayiş edib, ona
qurbanlar verib, nəticədə odla bağlı müxtəlif
adət-ənənələr formalaşıb.
Oda sitayiş formaları həm də
eramızdan əvvəl birinci minillikdə atəşpərəstlik
dinini yaradıb. Atəşpərəstliyin əsası oda
ilahi qüvvə kimi səcdə etməkdən ibarətdir.
Oda pərəstiş bir çox başqa ibtidai cəmiyyətlərdə
də yayılıb. Bu, od əldə etməyin və
saxlamağın çətinliyi, onun insan həyatındakı
əhəmiyyəti ilə əlaqədar idi. Atəşpərəstlik
qədimdə Qafqaz, Orta Asiya, İran, Hindistan, qədim
Yunanıstan, qədim Roma və sair ərazilərdə
yayılıb. Müasir dövrdə isə atəşpərəstlər,
Hindistan, Əfqanıstan, Ön Asiya və digər regionlarda
yaşamaqdadırlar.
Yəhudilərin dinində (iudaizm)
“alov mərasimi”, xristianlıqda şam yandırmaq, buddizmdə
“nirvana çırağı”, İslamda pirlərin ocaq
adlandırılması və sair insanın ta qədimdən
oda olan sonsuz ehtiyac, tələbat və ehtiramdan irəli gəlir.
Yeni gün - təravət və bərəkət
Qeyd etdiyimiz kimi, yazın gəlişi,
yeni astronomik ilin başlanması dünyanın müxtəlif
ölkələrində bayram edilir. Hindistanda Holi adlı bahar
bayramı fevral-mart aylarında keçirilir. Çində isə
Novruza oxşayan bayrama Sinmin deyirlər. Bu bayram aprelin əvvəlində
qeyd olunur.
Yaponiyada yazın gəlişi ərəfəsində
qeyd olunan “Gavalı festivalı” - “Ume Maçuri” isə
xüsusilə rəngarəng olur. Yaponiyada sakuranın
çiçəkləməsi, yaponların həmin
ağacların yerləşdiyi ərazilərə gedərək
bu mənzərədən necə zövq alması barədə
çox yazılıb. Lakin Yaponiyada yazın ilk çiçəkləri
məşhur sakuralarda deyil, məhz “ume” adlandırılan
gavalı ağaclarında açır.
Gavalı ağacları fevralda
çiçəkləməyə başlayır. Sakuradan fərqli
olaraq gavalı çiçəkləri çox güclü
ətirə malikdir. Yapon gavalısını bəzən
“yapon əriyi” də adlandırırlar. Çiçək
açmış gavalıdan zövq almaq ənənəsinin
əsası isə Yaponiyaya Çindən keçib. Yazda ilk
açan gavalı çiçəkləri yapon
poeziyasında çox zaman baharın rəmzi kimi təqdim
olunur. Martın 8-dək davam edən festival istirahət və
qeyri-iş günlərində müxtəlif tədbirlərlə
qeyd olunur.
Yaponiyada yazın gəlişi
münasibətilə qeyd olunan daha bir bayram Seçubun
(mövsümlərin bölünməsi) adlanır. Bu, faktiki
olaraq Yaponiyanın Ay təqvimində Yeni il bayramıdır.
Bu bayram fevralın 3-də qeyd olunur. Bayram xeyir qüvvələrin
şər qüvvələr üzərində qələbəsini
simvolizə edir.
Bir sıra ölkələrdə
yazın gəlişi ilə bağlı “Ağac əkilməsi
günü” qeyd olunur. Çində ağac əkilməsi
günü rəsmi yaz bayramıdır. Hər il martın
12-də ölkədə kütləvi yaşıl
plantasiyaların salınması mərasimi keçirilir.
Qardaş xalqların Novruz ənənələri
Novruz bayramı uzun illər ərzində
müxtəlif adlarla (Yeni Gün, Ərgənəgün, Bahar
bayramı) adlandırılsa da, onun əsas mahiyyəti - təravət,
yenilik, ruzi-bərəkət rəmzi dəyişməyib.
Xatırladaq ki, Novruz İranda, Orta Asiya ölkələrində,
Rusiya Federasiyasının türk-müsəlman respublikalarında,
Əfqanıstanda, habelə Türkiyədə, Şimali Kiprdə,
eləcə də Balkanlardakı müsəlman xalqları
arasında (Albaniya, Bosniya, Kosovo) qeyd olunur. Təbii ki,
dünyanın dörd bir yanında yaşayan
soydaşlarımız, türk xalqlarının diasporları
da Novruzu bayram edirlər.
Novruz bizim qardaş xalqlarla ortaq
bayramımız olsa da, onun ayrı-ayrı ölkələrdə
qeyd olunmasının özünəməxsus cəhətləri
də var.
Türkiyədə Novruz hələ
Osmanlı dövründən geniş qeyd edilib. O vaxtlar bayram
münasibətilə sultana ünvanlanmış xüsusi
şeirlər yazılar və ona təqdim olunardı. Bu
gün də Novruz rəngli mərasimlər
çal-çağırla qeyd olunur. Lakin Türkiyədə
Novruz bayramı istirahət günü sayılmır.
Novruz Türkmənistanda əsas
bayramlardan biridir. Türkmənlər arasında belə bir
atalar sözü də var: “İlin gəlməsi Novruzla bəlli
olur”. Novruz bayramı münasibətilə türkmənlər
evlərini bəzəyir, qonaq qarşılamağa
hazırlaşırlar. Müxtəlif yeməklər,
xüsusilə plov bişirər, şirniyyatlar
hazırlayarlar. Hesab edirlər ki, bayram üçün nə
qədər çoxlu yemək hazırlansa, il bir o qədər
bərəkətli olar.
Qırğızıstanda Novruzda
tonqal qalamırlar. Amma həyətin odla pak edilməsi adəti
var ki, bu da Azərbaycanda üzərlik yandırılmasına
bənzəyir. Qırğızlar deyir ki, bu, qədim türk
şamanlarından qalma adətdir. Onlar “Alas-alas, hər bəladan
xilas” - deməklə öz həyətlərini atəşlə
pis ruhlardan təmizləyirlər.
Tacikistanda Novruz martın 20-də
başlayır və 3-4 gün davam edir. Uşaqlar yaz
çiçəklərindən dərib yığır,
qapıları döyür, ev sahibinə çiçəklərdən
verir, ev sahibi də onlara şirniyyat, yumurta və s. verir.
Süfrəyə təmizliyin rəmzi hesab edilən süd,
şərbət və şam da qoyulur.
Novruz bayramı Özbəkistanda
da təmtəraqla qeyd olunur. İnsanlar kütləvi gəzintiyə
(“Seyir”) çıxırlar, yerlərdə yelləncəklər
qurulur, xoruz döyüşləri keçirilir. Novruzla
bağlı maraqlı adətlər var. Məsələn,
bayram vaxtı öküzlərin buynuzunu yağlayırlar ki,
yeni il bərəkətli olsun.
Mehparə
Mədəniyyət.- 2012.- 20 mart.-
S. 12.