Xonçalı
Novruz gəlir
Novruz gəlir, yaz gəlir,
Bir əlində saz gəlir.
Bir əlində xonçası,
Açıb gülün
qönçəsi...
Qədim
tarixi olan Novruz bayramı təzə ili, bahar təravətli
yeni günü qarşılamaq deməkdir. Günəş
dünyanın cənub yarımkürəsindən şimal
yarımkürəsinə keçdiyi vaxt gecə ilə
gündüz bərabərləşir, qış qurtarır,
yaz fəsli başlayır. Novruz əsrlərin dərinliyindən
gəlib bizim günlərə çıxmış ən
gözəl bayramlardan biridir. Bir çox türk və müsəlman
ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda
da geniş qeyd edilir.
Ötən illərdə olduğu kimi, Bahar bayramı bu
il də ölkə paytaxtında xüsusi təmtəraqla
qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təşkil edilən şənliklər İçərişəhərdən
- Qız qalasının yanından başlayaraq Dənizkənarı
Milli Parkda davam etdi...
* * *
Martın 18-də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət
Vəliyev, nazirliyin məsul işçiləri Dənizkənarı
Milli Parkda el bayramına hazırlıq prosesi ilə
tanış oldular.
Mədəniyyət
kollektivlərinin bayram töhfəsi
Musiqi və rəqs kollektivlərinin,
teatrların, folklor kollektivlərinin bayram mərasiminə
böyük həvəs və səylə
hazırlaşdığı ilk baxışdan diqqəti cəlb
edirdi. Balaca rəqqaslar Qız qalasının yanında ifa edəcəkləri
bayram rəqsinə xüsusi həvəslə
hazırlaşmışdılar. Dənizkənarı Milli
Parkda qonaqları milli musiqi sədaları altında salamlayacaq
balacalar, cəngavər geyimində el qəhrəmanlarını
canlandıran aktyorlar, bayram tədbirinə xeyir-dua verəcək
Dədə Qorqud, Bahar qızı, məzəli
çıxışları ilə insanlarda xoş əhvali-ruhiyyə
yaradan Novruz personajları - Kosa və Keçəl də
burada idi.
Dövlət Mahnı və Rəqs
Ansamblının, Bakı Xoreoqrafiya Məktəbinin, «Cəngi»
folklor, «Cücələrim» uşaq ansambllarının,
Uşaq Filarmoniyasının solistləri milli geyimlərdə
qara zurnanın sədaları altında qızğın məşq
edirdilər. Qız qalasının hər bir tərəfində
isə orta əsrlər cəngavərlərinin
formasını geyinmiş əsgərlər
düzülmüşdülər. Yolboyu milli geyimdə olan
qız və oğlanlar gülərüzlə qonaqları
qarşılayacaqdılar.
Folklor kollektivlərinin rəngarəng
çıxışları
Novruz bayramı ilə əlaqədar
Milli Parkın ərazisində Şərq bazarı
qurulmuşdu. Rayonlardan gəlmiş xalq kollektivləri, mədəniyyət
işçiləri, musiqi qrupları, el sənətkarları
el bayramına ciddi-cəhdlə hazırlaşırdılar. Hər
bölgə ayrıca stenddə təmsil olunurdu. Burada hər
bölgənin mətbəxi, sənətkarlığı barədə
ətraflı məlumat verilirdi.
Lənkəranın “Nənələr”
folklor qrupu da burada idi. Qrupun 75 yaşlı üzvü Qızbəs
Əhmədova Novruz şənliklərində iştirak etməkdən
zövq aldığını deyir: “Biz bu bayrama həmişə
ciddi hazırlaşmışıq. İnanmışıq ki,
bu bayramı necə qarşılasan, bütün ili elə
qarşılayarsan. Bir ağbirçək kimi xalqımıza
xöşbəxtlik, insanlara uzun ömür arzulayıram”.
Astaranın Kakalos kənd mədəniyyət
evinin “Əvəsor” kollektivi maraqlı musiqili kompozisiya
hazırlamışdı. Qızlardan ibarət qrup üzvlərinin
maraqlı nişan məclisi fonunda kompozisiyası
iştirakçılarda xoş ovqat yaradırdı.
Masallının məşhur
“Halay” kollektivi də maraqlı musiqi nömrələri təqdim
edirdi. “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblının, Lerik
rayonundan gələn ”Rəfti-uzunömürlülər”
folklor və rəqs kollektivi üzvlərinin də
çıxışları maraqla qarşılandı.
Qədim
bayram ənənələri yaşadılır
Milli Parkın bir guşəsi idman
meydançasını xatırladırdı. Bir tərəfdə
“Cəngi” sədaları altında pəhləvanlar
ağır çəki daşlarını atıb-tutur, qol
güclərini sınayır, digər yanda güləşçilər
məharətlərini göstərirdilər. Pəhləvan Məhəmmədəli
Ramazanov deyir ki, Novruz tədbirlərinin belə təmtəraqla
təşkil olunması qədim el sənəti ilə məşğul
olanların sayını artırıb: “Bu gün burada 87
yaşlı pəhləvanımız da var. Pəhləvanlıq
sənəti dünyanın nadir sənətlərindəndir.
Hər xalq pəhləvan yetirə bilmir. Burada hər bir hərəkət
məzmunludur. Mən 15 yaşımdan bu sənətlə məşğulam.
Əvvəllər milli bayramlarda, məhsul bayramlarında kəndlərdə
zorxana meydanları təşkil olunurdu. Zurnaçı dəstəsi
"Cəngi" çalar, kənd cavanları qurşaq
tutardılar. Bu gün həmin ənənələr
unudulmaqdan xilas olub. Sevinirik ki, bizim bu sənət də
yaşayır, unudulmur”.
“Mirzə Fətəli dünyasına xoş gəlmisiniz!”
Dənizkənarı Milli Parkın
bir guşəsində qonaqları aktyorlar bu sözlərlə
qarşılayırlar: “Mirzə Fətəli Axundzadə
dünyasına xoş gəlmisiniz!” Bu il 200 illik yubileyi
geniş şəkildə qeyd olunan ədibin “Hekayəti
Xırs-Quldurbasan”, “Sərgüzəşti Vəziri-Xani Lənkəran”,
“Müsyö Jordan və Dərviş Məstəli Şah” və
digər əsərlərindən obrazlar insanları
salamlayırdı. Hacı Qara “xəsislik edir”, müsyö
Jordanın hərəkətləri gülüş
yaradırdı.
Mərasimə xalq
nağıllarımızın personajları, nağıl
tamaşalarının qəhrəmanları da gəlmişdilər.
Fərqli
səmənilər
Milli Parkda Novruz mövzusuna həsr
olunmuş rəngkarlıq nümunələri də göz
oxşayır, rəssamların dili ilə Novruz ənənələrini
təbliğ edirdi. Dövlət Rəsm Qalereyasının
Fondunda saxlanılan 50-dək sənət nümunəsi
arasında müasir incəsənət nümunələrinə
də rast gəlmək olurdu.
Azərbaycanın müxtəlif
bölgələrini əhatə edən stendlərdə milli
mətbəx nümunələri ilə yanaşı kənd
təsərrüfatı məhsulları da sərgilənirdi.
Eyni zamanda rayonlarda yaradılmış istehsal müəssisələrinin
məhsulları iştirakçılara təqdim olunurdu.
Zövqlə bəzədilmiş şəkərburalar,
müxtəlif şirniyyatlar stendləri bəzəyirdi. Stendlərin
hər birində fərqli bir neçə növ səməni
də var idi. Onlar quruluşu, ölçüləri, gözəlliyi
ilə göz oxşayırdılar. Lənkərana aid stenddə
irihəcmli samovar quruluşlu səməni uzaqdan diqqəti cəlb
edirdi. Qaranquş formalı səməni və bir metrə
çatan səmənilərin necə hazırlanması
iştirakçılarda maraq oyadırdı.
Milli mətbəximiz və xalq sənətimiz təbliğ
olunur
Azərbaycan mətbəxinin
dünyada tayı-bərabəri yoxdur. Milli Parkın ərazisində
bayram günləri olanlar bu nümunələri bir arada
görmək imkanına malik idilər.
Stendlərdə qoyulmuş əvəzsiz
nemətlər arasında nələr yox idi. Yüzlərlə
mürəbbə növləri, şirniyyatlar, spesifik mətbəx
nümunələri, fərqli dadlı meyvə növləri
stendləri bəzəyirdi...
Xalidə Həbibova Lənkəranın
milli mətbəx nümunələrini təqdim edirdi: “Bizim ləvəngimiz
nəyə desən dəyər.
İştirakçıları Lənkərana dəvə
edirəm, gəlsinlər, peşman olmazlar”.
Azərbaycan Milli Kulinariya Mərkəzinin
ləziz təamları da ayrıca stenddə öz əksini
tapmışdı.
Stendlərdə sənətkarlıq
məhsulları ilə də göz oxşayırdı.
Yüzlərlə tətbiqi sənət nümunəsi qədim
sənət növlərinin yaşadıldığından,
inkişafından xəbər verirdi. Hüseyn Hacımustafazadə
şəbəkə ustasıdır. Novruz tədbirlərində
iştirak etmək üçün Gəncədən gəlib.
Hər il Novruz tədbirlərində iştirak edir,
hazırladığı məhsulları sərgiləyir.
Deyir ki, Novruz bayramı həm də qədim xalq sənəti
ənənələrini təbliğ edir: “Novruz bayramı
günlərində Bakıda əcnəbilər çox
olurlar. Onlar qədim sənət nümunələrinə də
xüsusi maraq göstərirlər. Əlbəttə ki, belə
mədəniyyət tədbirləri el sənətimizi
dünyaya tanıdır”.
Paytaxt sakinlərinin Novruz sevinci
Novruz şənliyi ilə
bağlı mərasimi, məşq prosesi olmasına baxmayaraq,
xeyli şəhər sakini izləyirdi. Bakıda yaşayan
Vüsal Mehdiyev deyir ki, Novruz vətənini, millətini sevənlərin
bayramıdır: “Bu bayram milli olduğuna görə təmtəraqla
qarşılanmalıdır. Milli Parka istirahətə gəlmişdim.
Burda mədəniyyət müəssisələrinin bayrama necə
həvəslə hazırlaşdıqlarını
gördüm. Yəqin bayram günü tədbirləri
çoxlarının yadında xoş xatirələrlə
qalacaq”.
Səmayə Əliyeva təqaüdçüdür.
Deyir ki, bir vaxtlar bu bayramı geniş qeyd etmək yasaq
olunmuşdu: “İndi bayram ölkəmizdə çox
geniş qeyd olunur. Qədim adət-ənənələr
yaşadılır. Tariximizi yaşatmaq üçün milli
bayramlarımızın belə təmtəraqlı
keçirilməsi çox vacibdir”.
* * *
Novruz bayramı bir el şənliyi
olmaqla milli özəllikləri ilə yanaşı, sülh və
barış kimi bəşəri dəyərləri də təcəssüm
etdirir, təbliğ edir. Novruz insanları birliyə, xoş gələcəyə
səsləyir. Novruz dilimizi, qədim folklorumuzu yaşadır.
Çalışaq ki, bu bayramı xoş ovqatla yaşayaq.
İnanclara görə, bayramda
yandırılan tonqallar qaranlığı yox edir. İnsanlar
qışı qovub uzaqlaşdırır, günəşi səsləyir,
səməni yaşıllığı, qırmızı
boyanmış yumurta isə günəşi
çağırır. Bütün bunlarla həm də insan
demək istəyir ki, qışın mənə gücü
çatmadı. Yenə də ruzim ortadadır,
qışı uzaqlaşdırıram və yeni günümə
uğurla başlayıram.
Xoş inanclarımız,
dualarımız, arzularımız çin olsun...
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2012.- 20 mart.- S. 9.