Xalqın zəngin keçmişinə böyük ehtiram

 

   Bu gün bütün dünyanı öz tərəqqisi, yüksəlişi ilə heyrətdə qoyan Azərbaycan Respublikasının vətəndaşı olmağımla qürur duyuram. Artıq 20 ildir ki, dövlət müstəqilliyimizi bərpa etmişik. Ölkəmizdə müstəqilliyin, güclü dövlətçiliyin iqtisadi əsasları yaradılıb, onun fəlsəfəsi, azərbaycançılıq ideyası təşəkkül tapıb. Təbii ki, bütün bunlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün onun layiqli yetirməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin gözəl, uğurlu nəticəsidir.

  

   İstiqlaliyyətimiz dövründə biz dövlət və millət olaraq çox şeylərə nail olmuşuq. Şübhəsiz ki, ən böyük nailiyyətimiz müstəqilliyimiz, azadlığımızdır. Buna görə də müstəqil Azərbaycanın bir ziyalısı, alimi olaraq mən çox məmnunluq duyuram və bütün dünya qarşısında qürurlana bilirəm. Çünki bu tərəqqi, bu yüksəliş, bu qürur mənim məşğul olduğum sahə ilə - elm, mədəniyyətlə də çox sıx bağlıdır.

  

   Qloballaşmanın mənfi təsirləri də var

  

   Son zamanlar bizim mənəvi dəyərlərimizə, keçmişimizə, soy kökümüzə, zəngin və qədim tariximizə maraq artmaqdadır. Təsadüfi deyil ki, son illər Azərbaycanda istər mədəniyyət, istərsə də elm sahəsində xalqımızın tarixi, milli-mənəvi dərki ilə bağlı əsərlər çap olunur, məcmuələr işıq üzü görür, tarixi ənənələrimiz öyrənilir, tədqiq edilir. Bu faktın özü çox maraqlı olmaqla yanaşı, həm də sivil dünyaya çıxmağımız üçün olduqca dəyərlidir, əhəmiyyətlidir.

   İndi bütün dünya qloballaşmadan, kürəsəllikdən danışır. Qloballaşmanın özlüyündə müsbət nəticələri çoxdur. Həmin nəticələr ondan ibarətdir ki, artıq mənəvi sərhədlər açılır, maneəsiz, sərhədsiz bir dünya yaranır, insanlar dinindən, dilindən, mənsub olduğu iqtisadi zümrədən asılı olmayaraq, bir-biriləri ilə ünsiyyətə girməyə nail olurlar. Yəni bir dünya ünsiyyəti yaranır, kürə insanlarının vahid bir toplumu formalaşır. Bunun, əlbəttə ki, istər elm, istər mədəniyyət, istərsə də iqtisadiyyat baxımından çox böyük faydaları, üstünlükləri var.

   Amma bütün bunlarla yanaşı, bu qloballaşmanın doğurduğu çətinliklər də yetərincədir. Özü də bunu mən təkcə şərqli təfəkkürü, Şərq alimi düşüncəsi ilə demirəm. Avropanın əksər alimlərinin, məqalələrini oxuduğum elm xadimlərinin fikrincə, qloballaşma mənfi nəticələr də verir. Qloballaşmada mədəniyyətlərin inteqrasiyası, bir-birinə yaxınlaşması prosesi baş verir ki, bu zaman da mədəniyyətlər öz milli simasını qorumaq zorunda qalır. Bunun mənfi nəticələr doğurmaması, mədəniyyətimizin, soy kökümüzün, milliliyimizin qorunması üçün mədəniyyət sahəsində dəyərli işlər həyata keçirilir. Bu kontekstdə yanaşdıqda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə nəşr olunmuş bir nəşri, yüksək tərtibatlı «Novruz - Azərbaycan xalq bayramı» bələdçi kitabını xüsusi qeyd etmək istərdim.

   Nazirliyin çap etdirdiyi bu kitab milli-mənəvi dəyərlərin qorunması və geniş ictimaiyyətə, dünyaya çatdırılması istiqamətində layiqli nümunədir.

  

   Xalqın milli-mənəvi dəyərlərinə ehtiramla

  

   Bu mühüm layihənin rəhbəri və ön sözün müəllifi mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, mətnin müəllifləri isə teatrşünas, mədəniyyət, teatr, sənətşünaslıq sahəsində dəyərli mütəxəssis Ədalət Vəliyev və gözəl şairimiz Vaqif Bəhmənlidir. «Təhsil» nəşriyyatında yüksək bədii tərtibatla nəşr olunan bu kitab nəinki ayrı-ayrı adamların evində stolüstü kitabı olmağa layiqdir, eyni zamanda bu qiymətli nəşr bizim qız-gəlinlərimiz üçün çox gözəl bir cehizlikdir. Bunu kitabı vərəqləyən hər kəs anlayacaq, ondan mədəniyyətimiz, folklorumuz, musiqimiz, incəsənətimiz barədə nə isə mütləq əxz edəcək.

   Kitabın səhifələrini vərəqləyərkən ulu öndərin bahar çiçəkləri qarşısındakı rəsmi və xalqın bu qədim, böyük bayramı haqqındakı «Novruz bayramı ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin möhkəmlənməsi, onların bir-birinə qayğı və diqqətinin artırılması üçün gözəl zəmin yaradır. Yaxınların yad olunması, umu-küsülərin, kin-küdurətlərin aradan qaldırılması, cəmiyyətdə qarşılıqlı xoş münasibətlərin bərqərar olması Novruzun əsrlərin süzgəcindən keçərək formalaşmış gözəl ənənələrindəndir» kəlamı insanı ilk andan nəşrə, onun ehtiva etdiyi mərama kökləyir.

   Burada həmçinin möhtərəm Prezident İlham Əliyevin Bakıda, Novruz mərasimlərində fotosu və mənəviyyatımız, soy kökümüz, milli dəyərlərimizlə bağlı düşüncələrindən biri yer alır. Kitabda Novruzu dünyanın qeyri-maddi mədəni irsi adlandırmaq sahəsində çox böyük işlər görən, mədəniyyətimizin hamisi, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən də geniş söz açılır.

   Nazir Əbülfəs Qarayevin müəllifi olduğu «Ön söz»də xalqın bu qədim bayramı, onun dövlət səviyyəsində təbliğatı və xalqımızın keçmişi ilə bağlılığı barəsində maraqlı fikirlər təfsilatı ilə əksini tapıb. Bu qədim xalq bayramının yaşadılması yönündə görülən işlər və qarşıda duran vəzifələr bir daha göstərir ki, xalqın mənəvi keçmişi ilə bağlı olan hər bir məqam dövlətin, onun mədəniyyət siyasətinin əsasını təşkil etməkdədir.

  

   Dəyərli mənbə və zəngin fotoalbom

  

   Fotoşəkillərlə zəngin olan nəfis tərtibatlı kitaba fotokitab da demək olar. Burada xalqın malik olduğu mənəvi dəyərin zənginliyinin göstəricisi olan Novruzun gözəl adət-ənənələri, xalqın keçirdiyi şənliklər, icra etdiyi rituallar fotoların müşayiəti ilə rəngarəngliklə əks olunub. Novruzun Azərbaycan xalqının həyatındakı rolu kitabda geniş şəkildə əksini tapıb. Ümumiyyətlə, qeyd edim ki, Novruz təkcə bir xalqın, millətin bayramı deyil. O bir fəlsəfə, zəngin tarix, böyük mənəviyyat bayramıdır ki, bu da kitabda öz məqamında, yüksək mərtəbəsində əks olunub. Kitabla bağlı qeyd edəcəyim bir məqam da Novruza qədər qeyd olunan çərşənbələrlə əlaqədardır. Bilirsiniz ki, bizdə adətən 4 çərşənbə - su, od, torpaq və yel çərşənbələri geniş qeyd olunur. Amma, əslində, bu 4 çərşənbədən əvvəl gələn əzəl, yalançı və xəbərçi çərşənbələr var ki, onlar barədə də kitabda maraqlı mülahizələr yer alıb. Nəşrdə hər bir çərşənbə ayrı-ayrılıqda qeyd olunur, onlarla bağlı inanclar, icra olunan mərasimlər geniş şəkildə əks olunur. Tonqal qalamaq, səməni göyərtmək, nəğmə oxumaq, nehrə, zorxana və bu kimi ən müxtəlif detallarınadək Novruz və onun əhatə etdiyi məqamlar, ayırd etdiyi mənalar öz əksini tapıb.

  

   Novruz, sadəcə, bayram deyil

  

   Həqiqətən də, Novruz, sadəcə bir bayram deyil, bir xalqın mənəvi dəyərlər kompleksi, birlik, bərabərlik təntənəsidir. Bu məqam kitabda da öz bariz əksini tapıb. Buraya bizim tariximiz, keçmişimizlə bağlı bir çox məsələlər daxildir. Ona görə də bu bayrama yalnız şənlik, şadyanalıq kimi baxmaq kifayət deyil. Novruz həm də yeni məhsulun təməlinin qoyulduğu bayramdır. O yeni başlanğıc, təbiətin, belə deyək, dirildiyi, cana gəldiyi bayramdır.

   Novruz insanların ünsiyyət, təbiətə münasibət, insanlığa sevgi, ehtiram bayramıdır. Düşünürəm ki, insanlığın tarixində təbiətlə hesablaşmaq mifi, cəmiyyətlə hesablaşmaq isə ideologiyanı yaratdı. Novruz bu mənada mifin yaranması, insanın özü haqqında mif mədəniyyətinin formalaşması ilə əlaqəlidir. Bu mənada Novruz da bir mifdir, bəşəriyyətin mifik təfəkkürünün mədəniyyətidir. Novruz insanın insan, təbiətlə münasibətlərini aydınlaşdıran və təbiətin insana verdiklərini əyaniləşdirən bir mərasimdir. Elə kitabda da məhz bu məqamlar tam təfsilatı ilə, özü də sadə, xalq dilində, xalqın təfəkküründən süzülüb gələn bədii nümunələrlə, misallarla öz əksini tapıb. Nümunə gənc və yeniyetmələrin xalq adət-ənənələri ruhunda tərbiyələnməsi baxımından da dəyərli mənbədir.

  

   Kitab mədəniyyətin göstəricisidir

  

   Son zamanlar Mədəniyyət və Turizm Nazirliyi, ümumiyyətlə, kitab mədəniyyətimizə münasibətdə qənaətbəxş fəaliyyət nümayiş etdirir. Artıq Azərbaycan kitabı dünyanın ən məşhur kitab sərgi və yarmarkalarına çıxa və poliqrafik keyfiyyəti ilə onlarla ayaqlaşa bilir. Respublikamızda beynəlxalq səviyyəli kitab sərgiləri, bu çərçivədə elmi konfrans və toplantılar keçirilir. Bunun nəticəsidir ki, artıq böyük anlamda kitaba qayıdış müşahidə olunmaqdadır. Təbii ki, bu da böyük səylərin nəticəsində hasil oldu. Şəhər və rayonlarda kitab mağazalarının sayının azaldığı bir dövrdə Mədəniyyət və Turizm Nazirliyi kitabı əvvəlki yüksək dəyər mərtəbəsinə qaldırmaq üçün bir sıra əhəmiyyətli addımlar atdı. Təbii ki, bu münasibətin kökündə cənab Prezident İlham Əliyevin kitab mədəniyyətimizin inkişafına diqqət və qayğısı dayanır. Ölkə başçısının sərəncamları ilə Azərbaycan və dünya klassik ədəbiyyatının nümunələri böyük tirajlarla çap olunaraq respublikanın bütün kitabxanalarına yayılıb. Artıq ən ucqar kəndin kitabxanasında da yeni, nəfis tərtibatlı kitablar var. Təbii ki, bu da dövlətin mədəniyyət, elm siyasətinin bütün məqamlarının diqqətdə saxlanıldığının göstəricisidir.

   Haqqında danışdığım bu nəşri də bu siyasətin davamı hesab edirəm və layihənin müəlliflərinə, bu gözəl poliqrafik nümunənin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, xalqın sənət, mənəviyyat xəzinəsində bu kitabın da ayrı bir yeri, məqamı var. «Novruz - Azərbaycan xalq bayramı» nəşrini xalqın Novruz kimi böyük, əzəmətli mədəniyyət abidəsinin mahiyyətini gənclərə, yetişən nəsillərə çatdıran olduqca dəyərli bir mənbə hesab edirəm.

 

 

   Nizaməddin Şəmsizadə,

   filologiya elmləri doktoru,

   professor

 

   Mədəniyyət.- 2012.- 20 mart.- S. 7.