Yurdda Novruz, dünyada Novruz
Milli bayramımız olan Novruz ölkəmizdə
olduğu kimi, dünyanın müxtəlif yerlərində həmvətənlərimiz,
eləcə də bir çox müsəlman-türk
xalqları tərəfindən qeyd olunur. Xatırladaq ki,
2010-cu ildə Novruzun BMT tərəfindən beynəlxalq
bayramlar sırasına daxil edilməsindən sonra dünyada
Novruz şənlikləri daha böyük vüsət
alıb.
“Novruz
həyat və yenilənmə rəmzidir”
Martın 17-də
P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında
“Novruz həyat və yenilənmə rəmzidir” adlı təntənəli
yığıncaq və bayram konserti olub.
Tədbiri Azərbaycan, Əfqanıstan,
İraq, Qırğızıstan, Tacikistan, Türkiyə,
Türkmənistan və Özbəkistanın Ukraynadakı səfirlikləri
təşkil edib. Təşkilatçı ölkələrin
diplomatları, o cümlədən Azərbaycanın Ukraynadakı
səfiri Eynulla Mədətli yığıncaq
iştirakçılarını salamlayıb.
Sonra baharın gəlişinin təcəssümü
olan Novruzu bayram edən müxtəlif ölkələrin
peşəkar və özfəaliyyət kollektivlərinin
iştirakı ilə konsert proqramı təqdim olunub.
Ukraynanın Xalq artisti Qurban
Abbasovun başçılıq etdiyi “Azərbaycan”
musiqili-xoreoqrafiya ansamblının rəqqaslarının,
aşıq Ədalət Kəlbəcərlinin
çıxışları alqışlarla
qarşılanıb. Həmin gün səfirliyimiz tərəfindən
Kiyevdəki “Bakı bulvarı” restoranında Novruz bayramı
münasibətilə qəbul təşkil edilib.
Stokholmda “Azərbaycan gecəsi”
Stokholm şəhərinin Hallunda
Kitabxanasında “Azərbaycan gecəsi” keçirilib.
Azərbaycanın tanıtmaq məqsədilə
keçirilən tədbir ölkəmizə dair filmin
nümayişi ilə başlayıb. İsveç
Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri
Mustafa Sönməz, şairə Eluca Atalı və digər
çıxış edənlər tədbir
iştirakçılarına Azərbaycan mədəniyyəti,
tarixi və incəsənəti barədə məlumat veriblər.
Mərasimdə İsveçdə
yaşayan azərbaycanlı uşaqların ifasında
şeirlər, mahnılar səsləndirilib, Azərbaycanın
xalq mahnısı “Sarı gəlin” təqdim olunub. Tədbir
iştirakçıları Azərbaycan mətbəxinin
nümunələrindən dadıblar.
Türkiyədə Novruz şənliyi və
“İrs-Miras” jurnalının təqdimatı
Azərbaycanın Türkiyədəki
səfirliyində Novruz şənliyi və “İrs-Miras”
jurnalının türk dilində nəşr edilmiş ilk
nömrəsinin təqdimatı olub. Mərasimdə Türkiyə
Prezidenti Aparatının baş katibi Mustafa İsen, Türkiyə
mədəniyyət və turizm nazirinin müavini Kemal Fahir
Genç, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TBMM-in
deputatları, diplomatlar, diaspor nümayəndələri
iştirak ediblər.
Səfir Faiq Bağırov Prezident
İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan
xalqına təbrikini oxuyub. Səfir bildirib ki, müxtəlif
dillərdə işıq üzü görən
“İrs-Miras” jurnalı bundan sonra türk dilində də nəşr
olunacaq.
Jurnalın baş redaktoru Musa Mərcanlı
bildirib ki, 10 yaşında olan bu nəşr dünyanın bir
çox ölkəsində oxuculara Azərbaycanın tarixi, adət-ənənələri,
dinamik inkişafı və zəngin mədəni irsi ilə
bağlı həqiqətləri çatdırır.
Qardaş Türkiyədə də bu jurnalın
buraxılması əlamətdar hadisədir.
Türkiyə Prezidenti
Aparatının baş katibi Mustafa İsen iki qardaş ölkənin
sevincli bir günündə səfirliyimizdə
olmağından məmnunluq duyduğunu söyləyib,
xalqlarımızın və dövlətlərimizin həmrəyliyinin
hər zaman davam edəcəyini vurğulayıb.
Tədbir
iştirakçılarına Şenol Talınlının
ifasında klassik Azərbaycan musiqisinin nümunələri təqdim
olunub.
Mədəniyyət.-
2012.- 20 mart.- S. 6.