Novruz,
Novruz bahara...
Milli bayramımız mədəni turizmin təşviqi
üçün geniş imkanlara malikdir
Azərbaycan
xalqının zəngin mədəni irsi, özünəməxsus
adət-ənənələri, rəngarəng mətbəxi,
el sənətkarlığı, milli geyimləri, rəqsləri,
oyunları və coşğu ilə qeyd etdiyi bayramları hər
zaman əcnəbilərin diqqətini çəkib. Təsadüfi
deyil ki, xalqımızın bir çox adət-ənənələrini,
mərasimlərini günümüzə qədər qoruyub
saxlayan və öz orijinallığı ilə seçilən
Novruz bayramı da minlərlə xarici turistləri ölkəmizə
cəlb edir.
Çünki insanların
dünyanın bu və ya digər ölkələrinə
turist səfəri etməyə sövq edən amillərdən
biri də onların yerli mədəniyyətə, spesifik adətlərə,
milli bayramlara olan marağıdır.
Yaz mərasimləri
turistləri xüsusilə cəlb edir
Azərbaycanlılar
kimi, əksər Şərq xalqları yaz fəslinin gəlməsi,
təbiətin canlanması, yeni astronomik ilin
başlanmasını çeşidli mərasimlər, şənliklərlə
qeyd edirlər. Qeyd edək ki, əksər xalqların
mifologiyasında dünyanın yaranmasında dörd
ünsürün rolu, demək olar ki, eyni formada
açıqlanır, bununla bağlı mıərasimlər
də bir çox ölkələrdə yaz fəslinə təsadüf
edir. Məsələn,
hər il fevral-mart aylarında Hindistanda
Holi adlı bahar bayramı keçirilir. Bu, qədim
ənənələr, əfsanələrlə bağlı
bayramdır. Hesab olunur ki, yazın gəlişi təmtəraqla
qeyd olunarsa, həmin il bolluq-bərəkət
olar. Holi bayramında insanlar tonqal qalayır, pis
ruhların müqəvvalarını yandırır, ellikcə
gəzintiyə çıxır, rəqslər edirlər.
Bayramda çoxlu şirniyyat bişirilir. Çində də Novruza oxşayan Sinmin adlı
bayram qeyd olunur. Aprelin əvvəlində
qeyd olunan bayramda insanlar gəzintiyə çıxır,
çərpələng uçurur, şənlənirlər.
Novruz kimi, Sinmində də bayramın
mühüm atributlarından biri boyanmış yumurtadır.
Xristian
xalqlarının Pasxa (İsa Məsihin zühuru) bayramı da
müəyyən mənada Novruzu xatırladır. Bu bayramda da bol süfrə açılır,
insanlar bir-birinə boyanmış Pasxa yumurtası
bağışlayırlar.
Braziliyada Pasxadan 40
gün (xristianlıqda “Böyük orucluq”) əvvəl
geniş təntənələrlə keçirilən karnaval
dünyanın dörd yanından çoxlu turist cəlb edir.
Braziliyanın ən böyük şəhəri
olan Rio-de-Janeyroda keçirilən ənənəvi Rio
karnavalı bütün dünyada məşhurdur. Hər
il karnaval zamanı turist səfərlərindən
ölkə büdcəsinə milyonlarla dollar vəsait daxil
olur.
Milli
bayramımız turizm məhsulu kimi təbliğ
olunmalıdır
UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan, BMT tərəfindən
beynəlxalq bayramlar sırasına daxil edilən Novruz da
öz koloritinə görə dünyada kütləvi şəkildə
qeyd olunan bayramlardan, karnaval və mərasimlərdən geri
qalmır. Bu səbəbdən də Novruzun həm
də ölkəmizə turist cəlb etmək
üçün təbliği önəm kəsb edir.
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı
sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə
görə, Novruz xalqımızın əziz bayramı kimi
qeyd olunmaqla yanaşı, həm də ölkəmizə
çoxsaylı turist cəlb edən milli mərasimdir. Məhz
buna görə də bayram günlərində turizm şirkətlərinə
tövsiyə olunur ki, ölkənin regionlarına “Novruz”
turları təşkil etsinlər: “Bu, xarici turistlərə
Azəraycanın milli dəyərlərini tanıtmaq
üçün bir vasitədir. Həm də
turistlər üçün maraqlı və rəngarəng
proqramdır. Ölkəmizin müxtəlif
bölgələrində Novruz bayramı məxsusi özəlliklə
qeyd edilir. Məsələn, Qazax rayonunun
Salahlı kəndində bu bayram spesifik tərzdə
keçirilir. Təbii ki, bütün
bunlar xarici turistlər üçün də çox
maraqlıdır”.
Sektor müdiri bildirdi ki, Azərbaycan
hələ bir neçə il öncə
İqtisadi Əməkdaşlıq Təşkilatı (Azərbaycan,
Türkiyə, İran və Orta Asiyanın müsəlman
ölkələrinin regional birliyi - red.) çərçivəsində
Novruz bayramının turizm məhsulu kimi tanınması məsələsini
də qaldırıb. Bu təşkilata daxil olan ölkələrdə
Novruz geniş şəkildə qeyd olunduğundan təklif
edilib ki, bayram günlərində həmin ölkələri
də əhatə edən eyniadlı mədəni turizm
marşrutu yaradılsın: “ İstəyirik
bu ölkələrlə qarşılıqlı Novruz
turları təşkil edək. Bayram günlərində
ölkəmizə daha çox turist cəlb olunması Azərbaycanın
mədəni dəyərlərinin təbliği, turizm
potensialımızn tanıdılması yönündə
mühüm addımdır”.
İstirahət məkanlarında Novruz havası
Biz də kiçik
bir araşdırma apararaq turizm şirkətlərinin Novruzla
bağlı hansı proqramlar hazırladıqlarını
öyrəndik.
“Spekt travel” şirkəti
Novruz günlərində həm yerli marşrutlarda, həm də
xarici ölkələrə turlar təklif edir. Şirkətin baş direktoru Göydəniz Qəhrəmanovun
sözlərinə görə, Naxçıvan və Qəbələyə
turlar təşkil edilib. 3 gün-1 həftə
müddətində nəzərdə tutulan turlarla
bağlı artıq kifayət qədər müraciətlər
var. Xarici turlar isə əsasən Türkiyəyə və Dubayadır.
600 manatdan başlayan qiymətlərlə həyata
keçiriləcək turlar zamanı turistlər 3 və 4
ulduzlu hotelləri seçə bilərlər. Bu qiymətlərə gediş-dönuş, viza,
hoteldə qalmaq və səhər yeməyi daxildir.
“Dərviş travel”
də Novruz günlərində turistlərə zəngin
paketlər təklif edir. Şirkətin
baş direktoru Nadir Nadirovun sözlərinə görə,
bayram münasibətilə Quba, Qəbələ, Şəki
və Masallı rayonlarına müxtəlif turlar təşkil
edilib. 2 və 3 günlük turların
müddəti turistlərin istəyinə uyğun olaraq
artırıla da bilər. 90-140 manat
arasında olan qiymətlərə nəqliyyat xərci, hoteldə
qalma və səhər yeməyi daxildir. Turistlərin
yerləşəcəyi bəzi hotellərdə Novruz
bayramı ilə bağlı şənliklər də təşkil
olunacaq. Şirkət həmçinin
Türkiyə, Dubay, Tailand, Malayziya və Avropa ölkələrinə
də turlar təklif edir. Şirkət rəhbərinin
bildirdiyinə görə, Novruz ərəfəsində bu
ölkələrə təşkil edilən turların qiymətləri
qalxıb. Bu isə aviabiletlərin
bahalaşması ilə əlaqədardır. Bu səbəbdən
adi günlərdə Dubaya 1 həftəyə 600 manata təklif
edilən turların qiyməti indi 800-1000 manat arasında dəyişir:
“Hazırda Dubayda dincəlmək Avropada istirahətlə, demək
olar ki, eyni qiymətə başa gəlir. Ona
görə də müştərilər Novruz günlərində
xaricdə istrahət etmək istəyənlər daha çox
Avropa ölkələrini seçirlər”.
“Millennium” turizm
şirkəti öz müştərilərinə Novruz
bayramı ilə bağlı daha çox yerli istirahət məkanlarımıza
turlar təklif edir. Şirkətin daxili
turizm şöbəsinin əməkdaşı Əfqan
Şahquliyevin dediyinə görə, martın 23-də Quba
rayonuna birgünlük tur təşkil ediləcək.
2012-ci il üçün Azərbaycanın
“Sənətkarlıq paytaxtı” seçilmiş bu məkana
səfər zamanı iştirakçılar şəhər
mərkəzi ilə tanış olacaqlar. Bunun
üçün 25 manat ödəmək kifayətdir. Bu məbləğə nəqliyyat xərci, qəlyanaltı,
nahar yeməyi və çay süfrəsi daxildir.
Şirkətin təşil etdiyi daha bir tur 20-24 mart tarixlərində
Şəkidə fəaliyyət göstərən
“Küncüt” və martın 21-də Lerikdə yerləşən
“Relax” istirahət mərkəzlərinədir. Hər
iki istirahət məkanında Novruz şənliklərinin
keçirilməsi də nəzərdə tutulur. Hər iki məkanda istirahət turistlərə 50
manata başa gələcək. Buraya hoteldə
qalma, nəqliyyat və səhər yeməyi daxildir.
“Relax”da arzu edənlər gün ərzində 15 manat əlavə
ödəməklə tam paket əldə edə bilərlər.
“Millennium” Novruz
günlərində Türkiyəyə və Dubaya da turlar təklif
edir. Şirkətin xarici turizm şöbəsinin əməkdaşı
Faida Məmmədovanın sözlərinə görə,
Dubaya qiymətlər 219 manatdan, Türkiyənin İstanbul
şəhərinə isə 320 manatdan başlayır və
buraya 3 və 4 ulduzlu hoteldə qalmaq, səhər yeməyi
daxildir. Aviabilet müştərinin öz
hesabınadır.
Hotellərdə
bayram tədbirləri olacaq
Novruz bayramı ərəfəsində
istirahət məkanlarımızda təşkil ediləcək
bayram proqramları və onların qiymətləri ilə də
maraqlandıq. Bəri başdan qeyd edək ki, Yeni il ərəfəsində gur-gur guruldayan istirahət
mərkəzlərinin əksəriyyətində Novruz
münasibətilə tədbirlərin nəzərdə
tutulmadığını bildirdilər.
Novxanıda yerləşən
“AF Hotel Aqua Park” Azərbaycanda yerli və xarici turistlərin
seçdiyi tanınmış istirahət mərkəzlərindəndir.
Burada qiymətlər ötənilkinə nisbətən bu il bir qədər qalxıb. Hotelin ön
büro müdiri Kəmalə Səfərovanın dediyinə
görə, burada iki nəfər üçün nəzərdə
tutulan bir otağın qiyməti 70 manat, 1 nəfər
üçün nəzərdə tutulan otağın qiyməti
55 manat, dörd nəfərin yerləşə biləcəyi
3 otaqlı apartament 120 manatdır. Dörd nəfərlik ikimərtəbəli
koteclər 120, 4 nəfərlik vip nömrələr
isə 200 manatdır. Qeyd edək ki, bu qiymətlərə
yalnız səhər yeməyi daxildir.
K.Səfərova bildirdi ki, istirahət
mərkəzində artıq bütün yerlər bronlaşdırılıb:
“Bu il Azərbaycanda Novruz bayramının daha geniş səviyyədə
qeyd edilməsi ilə əlaqədar olaraq xarici ölkələrdən,
xüsusilə İrandan çoxsaylı qonaqlarımız
olacaq. Ötən ildən fərqli olaraq bu il
təntənəli Novruz şənliyinin keçirilməsi nəzərdə
tutulur. Amma bunun hansı günlərdə və
hansı formada etməyi hələlik müəyyənləşdirməmişik.
Bunun səbəbi isə şənliyi
qonaqlarımızın istəyinə uyğun formada təşkil
etmək istəyimizdir”.
Builki Novruz Bakıda
yerləşən hotellərdə də müxtəlif tədbirlərlə
qeyd ediləcək. “Hilton Bakı”, “Kempinski Badamdar” və
“Avropa” hotellərində keçirilən tədbirlər
zamanı müştərilərin istəyinə uyğun
olaraq müxtəlif bayram proqramları nəzərdə
tutulur.
Beləliklə, hər
bir kəs Novruz bayramını harada qarşılamaq məsələsində
sərbəstdir. Bizim də bu
araşdırmanı aparmaqda məqsədimiz, sadəcə, vətəndaşlarımıza
gedəcəkləri məkanı seçməkdə köməklik
göstərməkdir ki, seçimlərində
yanılmasınlar.
Bayramınız mübarək!
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 20 mart.- S.4.