Novruz bayramında “Nar” sərgisi
Heydər Əliyev Fondunun təşəbbüsü,
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət
Muzeyi və “Qız qalası” İncəsənət
Qalereyasının təşkilatçılığı ilə
“Qız qalası” Beynəlxalq İncəsənət
Festivalı keçiriləcək. Tədbir Azərbaycanın
bu dünya əhəmiyyətli abidəsinin
populyarlaşdırılması məqsədini
daşıyır.
UNESCO-nun Dünya İrs
Siyahısına daxil edilmiş İçərişəhərin
ərazisində yerləşən və Bakının rəmzi
hesab edilən bu abidə Azərbaycanın qədim tarixinin və
memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri
mədəni irsin zənginləşdirilməsinə və mədəniyyətlərarası
dialoqa öz töhfəsini vermək iqtidarındadır.
Artıq iki ildir ki, uğurla həyata
keçirilən “Qız qalası” festivalında
dünyanın müxtəlif ölkələrindən 40-dan
çox rəssam iştirak edib. “Qız qalası”
festivallarında yaradılan əsərlər bir sıra xarici
ölkələrdə keçirilən sərgilərdə də
beynəlxalq auditoriyaya təqdim edilib.
Konseptual baxımdan festivalın
miqyası ildən-ilə genişlənməkdədir. Novruz
bayramı münasibətilə “Qız qalası” festivalı
layihəsi çərçivəsində Heydər Əliyev
Fondunun dəstəyi ilə Dənzikənarı Milli Parkda Azərbaycanın
gənc və tanınmış rəssamlarının sərgisi
nümayiş olunacaq. Onların Qız qalası maketlərinin
üzərində işlədikləri “Nar” mövzusu təqdim
ediləcək.
Xatırladaq ki, ənənəvi
“Qız qalası” Beynəlxalq İncəsənət
Festivalı may ayında keçiriləcək. Növbəti
müsabiqədə 20-dən artıq ölkəni təmsil
edən rəssamların iştirakı nəzərdə
tutulur.
Mədəniyyət.-
2012.- 20 mart.- S. 3.