Üç çinar
Ədəbiyyat tariximizdən
Azərbaycan
tarixinin lazımi səviyyədə öyrənilməməsi
və yazılmaması bir problem kimi həmişə Səməd
Vurğunu narahat etmiş, şair bu işin gerçəkləşməsi
naminə çalışmışdır. Onun 1930-cu illərdə
qələmə aldığı, lakin
sağlığında nəşr etdirmədiyi bir şeiri də
bu mövzudadır.
«Lənkəran şeirləri» ümumi başlıqlı həmin şeiri ədibin irsinin cəfakeş toplayıcısı və qoruyucusu mərhum Aybəniz Vəkilova sonralar üzə çıxarmış və özünün ön sözü ilə birlikdə mətbuatda dərc etdirmişdi. Aybəniz xanım həmin ön sözündə yazmışdı: «Şeir əski əlifba ilə yazıldığından və 1936-cı ildə şairlə Ağdam və Lənkəranda görüşlər keçirildiyindən belə məlum olur ki, şeir məhz həmin il Lənkəran səfəri ilə əlaqədar qələmə alınmışdır».
Şeirdə göstərilir ki, uzun illər Azərbaycanın başı üzərində qara yellər əsmiş, neçə-neçə igidlər dara çəkilmişdir. Lakin xalqımız məhv olmamış, düşmən qarşısında mərdliklə dayanmış, ona layiqincə cavab vermişdir. Bunlar bizim tariximizdir, Azərbaycan xalqının yaşamış olduğu taledir. Bütün bunlar elmi əsaslarla öyrənilməli, qələmə alınmalıdır. Tariximiz elə öyrənilməlidir ki, bunun sayəsində dünya Azərbaycan adlı bir məmləkəti yaxından tanısın.
Şeirdə Azərbaycan tarixinin yazılması üçün məsuliyyət daşıyanlar, onun araşdırıcıları ciddi tənqid olunurlar:
Bəzən olur yazıq şair
Keçmiş günə, bizə dair
Arxivləri axtararaq,
Yığın-yığın, qalaq-qalaq
Kitablara göz gəzdirir,
Açır, baxır, seçir
bir-bir.
Bir parası əfsanədir,
Baş çıxmayır bunlar nədir?
Arif gərək məni qansın,
Tarixçilər
qoy utansın!
Yazılmamış
tariximiz,
Tarixsizmi yarandıq biz?!
Şeir Xəzər sahilində
bitmiş «Qoca çinar»a xitabən yazılmışdır. Əslində bu çinar Azərbaycanın rəmzidir.
Şair də məhz Azərbaycana müraciət
edir. Bu çinar
ölkəmizə qoşun
çəkib gələnlərin,
üzümüzə «dost kimi»
gülənlərin üstünə
kölgə salmalı
olmuş, elə buna görə də sonradan «pis günə» qalmış, öz müstəqilliyini itirmişdir.
Azərbaycanın rus çarizmi tərəfindən
istilasına aid misralar
nisbətən yaxın
keçmişimizin səhifələridir:
Külək vurdu çinarlığı...
Əsib coşan rus çarlığı
Üzərinə
ordu çəkdi,
O, başında
bostan əkdi...
Bu çölləri,
bu dağları
Qapladı bir nalə səsi.
Qanlı çarın təntənəsi
Sevincindən göyə qalxdı,
Bizə «tatar» deyib baxdı.
Biz öldürdük
generalı,
Tapdaladıq o medalı...
Şair xalqımızın həyatında baş vermiş hadisələri xatırlatmaqla onları öyrənməyin gərəkliyini
bildirir, bu işdə tarixçilərə
istiqamət verir.
Səməd Vurğun bütün
əsərlərində Azərbaycan
xalqının oğludur,
o, dünənə də,
bu günə də, sabaha da bir azərbaycanlı
kimi baxır, doğma diyarı da məhz azərbaycanlı
kimi görürdü.
Azərbaycanın özü də,
sakinləri də, dağı da, aranı da, ən kiçik ağacı, daşı, kolu da onun
üçün əzizdir,
doğmadır. Bu baxımdan «Çinarın
şikayəti» (1936) şeiri
xüsusi maraq doğurur.
Şeirin yazılması konkret
bir hadisə ilə bağlıdır.
1936-cı ildən Gəncədə
işləmiş və
burada Səməd Vurğunla dəfələrlə
görüşmüş jurnalist
Ənvər Qasımov
öz xatirələrində
yazır: «Növbəti
gəzintilərimizin birində
şairə (S.Vurğuna
- A.B.) Gəncə çinarlarının qorunmamasından, hətta bu köhlənlərin baxımsız qaldığından
şikayətləndim. Şair sözümə dil yetirdi:
- ...Çinarlar
qədim Gəncənin
şöhrətidir. Hər ağacın
dibində bir manqal tüstülənir,
ağacların əlçatmaz
budaqları dəhrələnir.
Həmin bağdan bir
küçə aralı,
o zamankı Sənaye Texnikumunun qabağında bir cüt çinarın
kəsilmək qorxusu altında olduğunu dedikdə Səməd Vurğun pərt oldu. Bir neçə dəqiqədən
sonra şair həmin qoşa çinarın görüşünə
getdi... Gövdəsi əl-ələ vermiş
beş igidin
qulac qollarına çatan həmin çinarları gördükdə
Səməd lal-kar durub xeyli baxdı.
Onun çöhrəsində heyranlıqla
qəzəb bir-birinə
qarışdı. Mən
hiss etdim ki, şairi əsəbiləşdirmişəm,
suçumu yüngüllətmək
üçün günahkar
halda dedim:
- Bu küçədən
düz vağzala qədər tramvay yolu çəkirlər, deyəsən, çinarlar
relslərin düz salınmasına mane olacaq...
Səməd Vurğun Şəhər Xalq Deputatları Sovetinin sədri Həmid Sultanovun, Partiya Komitəsinin birinci katibi İbrahim Tağıyevin yanına getdi, şəhərdə mədəniyyət
işlərinin inkişafı,
təbiətin mühafizəsi
barədə onlarla nə danışdı, nə məsləhətləşdisə,
həmin çinarları
kəsmədilər... Ancaq şair
Bakıya qayıdandan
sonra «Çinarın şikayəti» şeirini yazdı, həmin şeiri gərək ki, 1936-cı ilin axırlarında «Kommunist»
qəzetinin səhifələrində
çap edildi».
Şeir ilk dəfə müəllifin
belə bir qeydi ilə çap olunmuşdur: «Bəzi şəhərlərimizdə
«ağıllı» mühəndislərin
quruluş proyektinə
görə çinarlar
yıxılmalı imiş.
Vətənimizin gözəl təbiətinə
qarşı bu kimi qaba rəftarın
qarşısını almaq
üçün şair
öz səsini ucaltmalıdır».
«Çinarın
şikayəti» ağacın
dilindən yazılmışdır.
Bu qoca dünyanın
şahidi olan çinar dil açıb şairə şikayətlənir. O deyir
ki, hər gəlib gedən onun kölgəsində dincəlir, yaş torpağında bağçalar
gül açır, hər yarpağında quşların adı var, budaqları isə hava səngəridir.
Bu çinarın başına karvanlar dolaşmış, çahangirlər
bağrını doğramışdır.
Lakin qocaman çinar Vətən torpağı üzərində
həmişə vüqarla
dayanmış, öz
əzəmətini itirməmişdir:
Başımda oynamış yüz boranlı qış...
Sanma ki, qüdrətim,
gücüm qalmamış.
Bax, ayrılmamışam öz
kötüyümdən!..
Qəhrəman
bir elin timsalıyam mən...
Göründüyü kimi, Səməd
Vurğun çinarı
həm təbiətin
nadir neməti, təmiz
havanın və suyun, münbitliyin mənbəyi, həm də ulu tariximizin
şahidi kimi qoruyur, gələcək nəsillərə çatdırılmasını
istəyir. Şairin təsvirində
bu qocaman çinar yurdun rəmzidir. Məhz buna görə
də onu ana torpaqdan ayırmağa
heç kəsin haqqı yoxdur.
Çinar şairin başqa
bir şeirində də Vətənin rəmzi kimi verilmişdir.
Maraq doğuran bir
cəhət də vardır ki, Səməd Vurğun «Mənim arzum» adlandırdığı bu
şeiri həmin dövrün gənc şairlərindən birinin
şeirindən ilhamlanaraq
qələmə almışdır.
Həmin şair - dövrünün ədəbi
gəncliyinin istedadlı
nümayəndəsi Adil
Babayev sonradan öz xatirələrində
bu barədə belə yazmışdır:
«1945-ci ilin payız günləri idi. Tbilisidən Bakıya yenicə gəlmişdim. Başqa
gənc qələm yoldaşlarımla birlikdə
şeirlər yazırdım...
Mən o
zaman «Çinar» adlı bir şeir
yazmışdım. Uzun
müşahidənin və
coşqun gənclik hisslərinin məhsulu olan həmin şeirdə doğma vətənindən didərgin
salınmış, ömrü
sürgünlərdə, zindanlarda
keçmiş, nəhayət...
Azərbaycana, öz doğma
kəndinə qayıtmış
bir azərbaycanlının
taleyi təsvir edilirdi. Şeir «Qocanın söhbəti»
adı ilə «Kommunist» qəzetində dərc olundu. O, pis qarşılanmadı. Mən şeirin dərc olunmasına və oxucuların razılığına
sevindim. Lakin bir
neçə gündən
sonra baş verən hadisə mənim fərəhimi, sevincimi qat-qat artırdı. Noyabr ayının
10-da «Kommunist» qəzetində
«Mənim arzum» adlı bir şeir
oxudum. Unudulmaz Səməd Vurğunumuzun
bu şeiri mənə ithaf olunmuş və şeirin:
Daddımsa aləmin hər nemətini,
Dilbər guşələrdə ötdüsə
ömrüm,
Dünyanın
ən böyük səadətini,
Bu boylu
çinarın altında
gördüm.
bəndi
epiqraf qoyulmuşdu».
Şeir gənc şairə
xitabən yazılmışdır.
Gənc şairin yüksək vətənpərvərliyi,
«dünyanın ən
böyük səadətini»
ana yurdun torpağında bitmiş çinarın kölgəsində
görməsi Vurğunu
fərəhləndirirdi:
Şair, nə incədir rübabın sənin!
Uçurdu ruhumu çaldığın
bu saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi
solmaz.
O səcdə qıldığın çinar
kölgəsi
Mənim də şeirimin
qibləgahıdır.
Səməd Vurğun öz
gənc həmkarını
ana torpağı qarış-qarış gəzməyə,
hər daşın altında bir gövhər axtarmağa, yuvasından tərlanı
səsləməyə, qartal
qanadı ilə fəzaları aşmağa
çağırır. Onun gənc şairə tövsiyəsi
budur: «Mən keçən yolları sən də keç, qardaş!»
Böyük ədib bu gəncin
daxili aləmini duyur, istedadını qiymətləndirir, onu yazıb-yaratmağa, ana yurdu tərənnüm etməyə, hər otun, çiçəyin öz adını yazmağa, torpağı danışdırmağa, daşa,
torpağa qanad verməyə ruhlandırır:
Vaxtdır! Bu eşq ilə bir dastan başla,
Min ürək
dil açsın hər varağında.
Babalar yurdunu sən də alqışla
Bizim Vaqif kimi Kür
qırağında.
«Mənim
arzum» Səməd Vurğunun yüksək vətənpərvərlik hissləri
ilə birlikdə həm də onun öz dövrünün
gənc ədəbi qüvvələrinə diqqət
və qayğısını,
habelə inamını
əks etdirir.
Adilxan Bayramov,
filologiya elmləri
doktoru
Mədəniyyət.-
2012.- 28 mart.- S. 13.