Səksən
səkkiz yaşlı kitabxananın bu günü
“Oxucuların kitaba, mütaliəyə
marağının azalması kitabxanaçıların məsuliyyətini
artırır”
Bakıda yerləşən kitabxanalar sırasında Səbail
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi
Kitabxanası (keçmiş Maksim Qorki adına Mərkəzi
Səyyar Kitabxana) keçirdiyi tədbirlərin rəngarəngliyi,
maraqlı layihələri ilə diqqəti çəkir. Zəngin
fondu olan kitabxanada hər kəs onu maraqlandıran nəşri
əldə edə bilir. Kitabxananın əməkdaşları
da hər bir oxucu marağına diqqətlə yanaşaraq
lazımi köməyi göstərirlər. Oxucu
üçün də ən vacib olanı budur.
Kitabxana 1924-cü ildə Bakı
Xalq Maarif Şöbəsinin nəzdində yaradılıb.
Ötən dövrdə özünəməxsus inkişaf
yolu keçərək yaxşı ənənələrini
qoruyub saxlaya bilib. Kitabın, mütaliənin təbliği,
savadsızlığı aradan qaldırmaq məqsədilə
yaradılan səyyar kitabxana fabrik, zavodlara kitab apararaq zəhmətkeşlərə
paylayarmış.
Bu gün kitabxanada məlumatın
toplanması və oxuculara çatdırılmasında yeni
texnologiyalardan istifadə olunur.
Direktor Nüşabə Ələkbərovanın
sözlərinə görə, uşaq və gənclər
öz vaxtlarının bir qismini bu kitabxanada keçirir, dərslərə
hazırlaşır, mütaliə edirlər. Kitabxana əməkdaşları
da gənclərin asudə vaxtlarını daha səmərəli
keçirmələri üçün müxtəlif tədbirlər
işləyib hazırlayırlar. Bu xidmət həm də
oxucuların mənəvi-psixoloji durumunun
yaxşılaşdırılmasına yardımçı
olur. Kitabxana direktoru bildirdi ki, kitabxanaçılar
oxucuların əhvalına, istəyinə uyğun kitab
tövsiyə edirlər. Bu işi isə kitablar haqqında ətraflı
məlumatı olan kitabxanaçılar görürlər.
Kitabxana 6 şöbədən ibarətdir:
oxuculara xidmət (abonement və oxu zalı), kitabişləmə
və komplektləşdirmə, metodika və biblioqrafiya,
elektron-informasiya, kütləvi tədbirlərin təşkili
şöbələri.
Kütləvi tədbirlərin təşkili
şöbəsi kitab fondlarının oxucular
üçün daha geniş şəkildə
açılmasına, günün ən zəruri
mövzuları üzrə ədəbiyyatın məhz kitab sərgiləri,
biblioqrafik icmallar, mülahizələr, ədəbi-bədii
gecələr, anım günləri və digər kütləvi
tədbirlər vasitəsilə təbliğini həyata
keçirir.
Oxuculara xidmət şöbəsinin
(Azərbaycan və rus abonementi) fondunda bədii və elmi ədəbiyyat,
müxtəlif dərs vəsaitləri əldə etmək
olar. Buradan ayrı-ayrı oxucu qrupları istifadə edir.
Kitabxana əməkdaşlarının bildirdiyinə görə,
respublikada «Açıq rəf» üsulu ilk dəfə burada tətbiq
edilib.
Kitablar oxuculara 15 gün müddətində
istifadə etmək üçün verilir. Kitabların
vaxtında qaytarılmasına xüsusi nəzarət var.
Şöbənin fondu cırılmış və səliqəsiz
halda olan, o cümlədən məzmun etibarilə köhnəlmiş
ədəbiyyatdan mütəmadi olaraq təmizlənir. Həmçinin
şöbə oxucuların tələbatını daha dərindən
öyrənmək üçün sorğu-anketlər
hazırlayır. Bu anketlər vasitəsilə oxucuların
hansı kitablara daha çox maraq göstərdikləri bəlli
olur.
Kitabişləmə və komplektləşdirmə
şöbəsi yeni daxil olmuş ədəbiyyatın
uçotunu aparır, fondların tərkibinin öyrənilməsini
və yeni kitabların işlədilməsini həyata
keçirir. 2011-ci ildən fəaliyyətə başlayan
elektron-informasiya xidməti və biblioqrafiya proseslərinin avtomatlaşdırılması
şöbəsinin əsas işi informasiya
texnologiyalarının kitabxanalarda tətbiqinə, elektron
kataloqun, elektron kitabxananın yaradılması, oxucuların
informasiya tələbatını daha dolğun şəkildə
ödəməkdən ibarətdir. MKS-in fondunda olan ədəbiyyatın
biblioqrafik göstəricilərinin elektron kataloqu
hazırlanır. Şöbə həmçinin MKS-in
saytına yeni materiallar, keçirilən tədbirlər
haqqında informasiyalar yerləşdirir.
Hər bir kitabxananın fəaliyyətinin
forma və metodlarını metodiki şöbə tənzimləyir.
Şöbənin əməkdaşları ayda bir dəfədən
az olmayaraq MKS-in kitabxanalarına ezam olunurlar. Nöqsanlar və
işdə buraxılan səhvlər yerindəcə
araşdırılır, işçilərə lazımi
tövsiyələr verilir.
Oxu zalının fondunda
bütün bunlarla yanaşı kitabxanaya bir nüsxədə
daxil olan ədəbiyyat toplanır ki, bu da ona kitabxanadakı ən
zəruri ədəbiyyatın mühafizəsinə kömək
edir. Oxu zalından müxtəlif sahələrdə
çalışan insanlar, tələbələr, məktəblilər,
təqaüdçülər istifadə edirlər.
Direktor N.Ələkbərova: «Kitab
fondumuz 190 min nüsxəyə yaxındır. Oxucular bizim
kitabxanada heç vaxt kitab baxımından korluq çəkə
bilməzlər. Oxucu marağı müxtəlifdir. Klassik ədəbiyyat
tədris proqramlarına daxil olduğundan bu kitablara maraq daha
böyükdür. Lakin müasir ədəbiyyata həvəsi
olan oxucular da çoxdur. Həmçinin qəzet-jurnal
oxumağa gələn oxucular da çox olur. Mətbuatla
oxucuları mütəmadi olaraq tanış etməyə
çalışırıq».
Kitabxana direktoru bildirdi ki, oxucunun
sayı mövsümdən asılıdır. Tətil
günlərində oxucular az olur. Bu isə oxucuların
böyük əksəriyyətinin məktəbli və tələbələrdən
ibarət olması ilə bağlıdır: «İmtahana
yaxın günlərdə oxucularımız çox olur.
Bütün kitabxanalarda yay mövsümündə oxucu az
olur. Bu, tətil günlərində əksəriyyətin
istirahətdə olması ilə bağlıdır. Ümumi
götürəndə isə oxucumuz çox olur. Bunun bir
çox səbəbi var. Əsas odur ki, şəhərin mərkəzində
yerləşirik».
2009-cu ildən kitabxananın
saytının və kataloqunun fəaliyyətə
başladığını deyən N.Ələkbərova
kitabxanaya daxil olan yeni kitabların müntəzəm olaraq
elektron kataloqa yerləşdirildiyini bildirdi. Oxucular kitabxanaya gəlməsələr
də, kitabxanada olan kitablar, qəzet-jurnallar haqqında məlumatlar
əldə edə bilərlər. Həmçinin də yeni
kitablar haqqında tez-tez saytda məlumatlar, fonddakı kitablar
tövsiyə edilir.
Kitabxana direktoru kitabxananın əsaslı
təmir olunduğunu, iş və texniki təchizat şəraitinin
də yaxşı olduğunu vurğuladı.
Son dövrlər kitablara, mütaliəyə
marağın azalması probleminə də toxunun N.Ələkbərova
bildirdi ki, bu problem bütün dünyada yaşanır:
“İnsanlar daha çox internetə vaxt sərf edirlər. Bu
isə kitabxanaların məsuliyyətini artırır.
Dövlət tərəfindən kitabxana işinin
yaxşılaşdırılması, bu sahədə problemlərin
aradan qaldırılması üçün çox işlər
görülür. Latın qrafikası ilə kitabların nəşrindən
sonra, demək olar ki, bizim bütün fondumuz təzələndi.
Oxuculara artıq köhnə deyil, yeni nəşr olunmuş
kitabları təqdim edirik. Kitabxanaçıların borcu odur
ki, oxucularda kitaba marağı artırsın”.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2012.- 28 mart.- S. 12.