Ölkəmiz
rəqs üzrə beynəlxalq olimpiadada uğurla təmsil olunub
Martın
24-25-də Tbilisidə rəqs üzrə III Beynəlxalq
olimpiada keçirilib. Tədbir Tbilisi meriyası,
Gürcüstan Müasir Estrada Federasiyası və digər təşkilatların
dəstəyi ilə gerçəkləşib.
42
nominasiya üzrə rəqs kollektivinin yarışmasında
Bakının “Nero” rəqs qrupu “Strit Dans Şou”
nominasiyasında birinci yeri tutub. Qeyd edək ki, ölkəmiz rəqs
olimpiadasında ilk dəfə təmsil olunub.
Azərbaycanlıların Marneulidəki
mədəniyyət mərkəzinin nəzdində fəaliyyət
göstərən “Sarvan” folklor rəqs qrupunun olimpiadada
çıxışı da uğurlu olub. Qrup xalq rəqsləri
nominasiyasında “Yallı” rəqsinə görə 1-ci, “Tərəkəmə”
rəqsinə görə isə 2-ci yerə layiq
görülüb.
Olimpiadanın yekun konsertində hər
iki qrupun çıxışları tamaşaçılar tərəfindən
böyük rəğbətlə qarşılanıb. Tahir
Eynullayevin ifa etdiyi “Məzəli”, “Nero” rəqs qrupunun
“Sarı gəlin” rəqsi əsasında hazırlanmış
“Emporio” kompozisiyası, “Sarvan” folklor rəqs qrupunun ifa etdiyi Azərbaycan
və gürcü rəqsləri tamaşaçıları
heyran edib.
Gürcüstanın Müasir və
Klassik Rəqslər Federasiyasının prezidenti Valentina
Kuzmidi bildirib ki, bu il üçüncü dəfə
keçirilən beynəlxalq olimpiadada
iştirakçıların sayı min nəfəri
keçib: “Tədbirdə azərbaycanlı
dostlarımızın da iştirakı və elə ilk
çıxışda da birinci yeri tutmaları bizi çox
sevindirib. Biz Azərbaycanı çox sevirik. Bu olimpiadada azərbaycanlılar
çox maraqlı çıxışları ilə fərqlənmişlər.
Bu münasibətlə onları bir daha təbrik edirəm”.
Mədəniyyət.-
2012.- 28 mart.- S. 12.