Türk dünyasının mədəniyyət paytaxtı

 

   Xəbər verdiyimiz kimi, Qazaxıstanın Astana səhəri 2012-ci ildə “Türk Dünyası Mədəniyyət Paytaxtı” elan olunub. Bu münasibətlə fevralın 24-də şəhərdə təntənəli mərasim keçirilib. TÜRKSOY-un və Qazaxıstanın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti də iştirak edib.

  

   Astananın “Türk Dünyası Mədəniyyət Paytaxtı” elan olunması barədə qərar türkdilli ölkələrin dövlət başçılarının 2010-cu il sentyabrın 16-da İstanbulda keçirilən X zirvə toplantısında qəbul edilib. Həmin sammitdə türkdilli ölkələr arasında inteqrasiya və işbirliyinin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra qərarlar qəbul olunmuşdu. 2012-ci ildən həyata keçirilən “Türk Dünyası Mədəniyyət Paytaxtı” layihəsi də bu qəbildəndir. Biz də bu layihəyə ilk ev sahibliyi edən Astana şəhərinin tarixi, mədəni irsi barədə oxucularımıza bir qədər ətraflı məlumat vermək istərdik.

  

   Aqmoladan Astanaya

  

   Qazaxıstan Respublikasının yeni paytaxtı olan Astana şəhərinin tarixi o qədər də qədim deyil. XIX əsrin 30-cu illərində əsası qoyulan şəhər Mərkəzi Qazaxıstanda, İşim çayı sahilində, ölkə ərazisinin çoxunu təşkil edən yarımsəhra-çöl ərazidə, dəniz səviyyəsindən 347 metr hündürlükdə yerləşir. Şəhərin adı bir neçə dəfə dəyişdirilib. 1830-cu ildən 1961-ci ilədək Akmolinsk, 1961-dən 1992-dək Selinoqrad (rus dilində xam torpaq şəhəri) adlanıb. 1992-ci ildə şəhərin tarixi adı - özü də bu dəfə ruslaşdırılmış formada deyil, Akmola adı ilə - bərpa olunub. Akmola qazax dilində “ağ məzar” anlamını verir. 1994-cü ildə Qazaxıstan parlamenti paytaxtın ölkənin cənub sərhədindəki Almatı şəhərindən təxminən 1000 km şimala - ölkənin coğrafi mərkəzində yerləşən Akmolaya köçürülməsi barədə qərar qəbul edib. 1997-ci il dekabrın 10-da Akmola Qazaxıstanın paytaxtı elan olunub. 1998-ci il mayın 6-da prezident Nursultan Nazarbayev Dövlət Onomastika Komissiyasının tövsiyəsini nəzərə alaraq Akmolanın Astana adlandırılması barədə fərman verib. Paytaxt olduqdan sonra şəhər sürətlə böyüməyə başlayıb. 1999-cu ildə UNESCO Astananın ən gənc paytaxt olduğunu nəzərə alaraq ona “Dünya şəhəri” adını verib.

   2012-ci ilin məlumatına görə, Astananın 750 min nəfər əhalisi var. Şəhərdə 100-dən çox millətin nümayəndəsi yaşayır.

  

   Rusların müdafiə qalası

   

   15-20 il öncəyədək adi əyalət (Selinoqrad vilayəti) mərkəzi olan şəhərin maraqlı tarixi var. 1824-cü ildə Mərkəzi Asiyada hakim olan çar Rusiyasının hərbi qalası kimi inşa edilib. Sonralar kiçik əhəmiyyətli şaxtaçılar (kömürçülər) şəhərinə çevrilib. Sovet dövrünün ilk vaxtlarında da şaxtaçılar şəhəri kimi tanınıb. Lakin 50-ci illərin sonunda SSRİ rəhbəri Nikita Xruşovun “Xam torpaqların dirçəldilməsi” layihəsi bu bölgənin aqibətini də dəyişdi. Akmolinsk ətrafında 155 min kvadratkilometr çöl torpaqları Sovet İttifaqının ən böyük taxıl istehsalı regionlarından birinə çevrildi. 1961-ci ildən Selinoqrad vilayəti yaradıldı və Akmolinsk vilayətin mərkəzi oldu. Selinoqrad vilayətində taxılçılıqla yanaşı, heyvandarlıq da geniş inkişaf etmişdi. Burada həmçinin maşınqayırma, metallurgiya, yüngül və yeyinti sənayesi, yüngül inşaat materiallarının istehsalı mərkəzləri vardı.

   1991-ci ildə Qazaxıstan müstəqillik əldə etdikdən sonra bir çox küçələrin, məşhur meydan və şəhərlərin tarixi adları bərpa olundu. Ruslaşdırılmış qazax adı Selinoqrad da dəyişdirilərək Akmola oldu. 1997-ci ildə isə şəhərin yeni (paytaxt) həyatı başlandı. Qeyd etdiyimiz kimi, “Akmola” sözü qazax dilində “ağ məzar” mənasını verir. Çiçəklənən şəhərin - ölkə paytaxtının - belə adlanması isə arzu olunan deyildi. Odur ki, Akmola Astana ilə əvəzləndi. “Astana” qazax dilində «paytaxt» deməkdir. Keçmiş paytaxtın - Almatının şəhər kimi ərazisinin genişləndirilməsinin qeyri-mümkünlüyü, onun seysmik bölgədə yerləşməsi paytaxtın dəyişdirilməsində mühüm amillərdən biri olub. Lakin bu qərarın verilməsində başlıca faktor milli dövlətçiliklə - qeyri-qazax əhalinin çoxluq təşkil etdiyi mərkəzi və şimali Qazaxıstanda yerli əhalinin sayının artırılması, mərkəzdənqaçma meyillərinin qarşısının alınması ilə bağlı idi.

  

   Ultramüasir şəhər

  

   Bugünkü Astana şəhəri təkcə dünyanın tanınmış memarlarının şah əsərləri ilə deyil, eyni zamanda siyasət, mədəniyyət və iqtisadiyyat mərkəzi kimi də tanınmaqdadır. Dünyanın məşhur sənətçilərinin konsertlərinin verildiyi və dünyanın dörd bir yanından gələn teatr sənətçilərinə ev sahibliyi edən Astana şəhəri həm də bəşəriyyətin mədəni irsini nümayiş etdirməkdədir. Əsası 2000-ci ildə qoyulmuş Prezident Mədəniyyət Mərkəzi şəhərin diqqətəlayiq məkanlarındandır.

   Astananın görməli yerləri sırasında “Sülh sarayı”nın da (“Sülh və anlaşma sarayı”) adını çəkə bilərik. Piramida formalı sarayın hündürlüyü 62 metrdir. Binanın layihəsini Britaniyanın tanınmış mühəndisi və memarı Norman Foster verib. Sarayın içərisində opera teatrı, eləcə də yığıncaq və konfransların keçirilməsi üçün nəzərdə tutulan otaqlar yerləşir. Lap yuxarı mərtəbədə müxtəlif dinlərə məxsus liderlərin qəbulu üçün 200 nəfərlik dəyirmi zal var. Yuxarıdan baxanda bina dünyanın dörd tərəfinə istiqamətlənmiş şüaları olan şarı xatırladır. Mərkəzdə muzey, kitabxana və konsert zalı da yerləşir.

  

   Şəhərin simvolu - «Hündür qovaq ağacı»

  

   Astana-Bayterek abidəsi şəhərin simvolu və vizit kartı hesab olunur. Monumentin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur. 97 metr yüksəklikdə şəhərin mənzərəsini seyr etmək üçün rəsədxana da yerləşir. Buraya qalxan hər kəs rəsədxanadan paytaxtı əl içi kimi görə bilər. Abidəyə qalxmaq üçün liftdən istifadə olunur. Burada ən maraqlısı zalın ortasında yerləşən dünyanın 17 din xadiminin imzası olan 17 ləçəkli qlobusdur. Binada qalereya, böyük akvarium və restoran yerləşir. Bayterek dünyada 22 metr diametri, 300 ton ağırlığı olan, beş dirək üzərində dayanan və günəş şüalarının təsiri ilə tez-tez rəngini dəyişən şüşədən hazırlanan yeganə şardır. “Bayterek” sözünün mənası hündür qovaq ağacı deməkdir. Abidənin maraqlı fəlsəfəsi var. Bu, yumurtalarını qovaq ağacının başında qoyan xoşbəxtlik quşu Simurqla bağlıdır.

   Yeni paytaxt indi iş adamlarını, alimləri özünə cəlb edən maqnitdir. Şəhərdə həmçinin böyük biznes mərkəzi var. Son vaxtlar Astana Mərkəzi Asiya ölkələrindən olan inşaatçıların diqqətini özünə cəlb edir. Yeni şəhər İşimin cənubunda yerləşir, köhnə məhəllələr isə çayın şimal hissəsinə uzanır.

  

   “Yeddi ilham pərisinin sirləri”

  

   İri meqapolis və genişləndirilmiş biznes imkanlarından əlavə Astana həm də əsl Asiya təcrübəsini təklif edir. Buranı özünə məskən seçənlərə, yaxud şəhərə qonaq gələnlərə zəngin yerli mətbəx nümunələri, o cümlədən köçərilərin sevdiyi at və dəvə ətindən yeməklər təqdim olunur. Məsələn, “beşbarmaq” məşhur yerli yeməklərdəndir. Yeri gəlmişkən, Astanada dünyanın bir çox paytaxtları ilə müqayisədə restoranlarda, ticarət mərkəzlərində, hotellərdə qiymətlər nisbətən ucuzdur. Qazaxıstanın şimal hissəsində yerləşən Astana dünyanın ən soyuq paytaxt şəhərlərindən biridir. Kontinental iqlimi olan şəhərdə yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər olur.

   Astananın salınmasında ölkənin 71 şəhəri, 432 tikinti şirkəti iştirak edib. 135 zavod isə onu tikinti materialları ilə təmin edib. Layihələrə yaponiyalı Kise Kurokava və britaniyalı Norman Foster kimi dünyanın tanınmış memarları rəhbərlik edib.

   Astananın dinamik inkişafı dünyanın minlərlə istedadlı və aydın məqsədli yaradıcı insanlarını özünə cəlb edib. Ona görə də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə ilk Milli İncəsənət Universitetində qazax gənclərinin «Yeddi ilham pərisinin sirləri»ni öyrənirlər.

   Şəhərdə dörd ali məktəb, filarmoniya, muzey, teatr və kitabxanalar var.

   Qazax xalqının tolerantlığının nümunəsi kimi Astanada müxtəlif dini inanclarla bağlı tikilən məbədləri də qeyd etmək lazımdır. Şəhərdə Qazaxıstanın ən böyük «Nur-Astana» məscidi, sinaqoq, katolik kilsə və iki pravoslav kilsə var. “Nur-Astana”nın 62 metrlik dörd minarəsi var. Eyni zamanda şəhərdə Rusiyanın Mədəniyyət və Elm Mərkəzi də fəaliyyət göstərir ki, bu da Qazaxıstan ərazisində yaşayan iki çoxsaylı xalq - qazaxlarla ruslar arasında mədəni əməkdaşlığın, dostluğun, həmçinin Rusiya Federasiyası ilə Qazaxıstanın mədəni əlaqələrinin daha sürətli inkişafının göstəricisidir.

   Beləliklə, Astananın mədəni həyatına bu kiçik ekskurs ilə belə qənaətə gəlmək olar ki, Qazaxıstanın yeni paytaxtı, sadəcə, işıqlı, müasir meqapolis deyil, eyni zamanda qazax xalqının mədəniyyət və mənəviyyat simvoludur. Bu üzdən Astananın 2012-ci ildə “Türk Dünyası Mədəniyyət Paytaxtı” elan olunması da təsadüf deyil.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 28 mart.- S. 11.