Milli bayramımız bütün dünyada qeyd olunub

 

   2010-cu ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq status (21 Mart - Beynəlxalq Novruz Günü) alan Novruz bayramı dünyanın dörd bir yanında böyük təmtəraqla, rəngarəng tədbirlərlə qeyd olunub.

  

   BMT-nin Baş qərargahında Novruz bayramı

  

   Martın 20-də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan, İran, İraq, Pakistan və Hindistanın BMT yanında Daimi Nümayəndəliklərinin təşkilatçılığı ilə BMT-nin Baş qərargahında Novruz bayramı ilə bağlı tədbir keçirilib. Tədbirdə bu ölkələrin diaspor üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edib.

 

   BMT Baş Assambleyasının zalında keçirilmiş tədbirdə baş katib Ban Ki Munun "Beynəlxalq Novruz Günü" ilə bağlı təbrik məktubu oxunub. Məktubda 3 min illik yaşı olan və hazırda 300 milyondan çox insan tərəfindən qeyd edilən Novruz bayramının UNESCO-nun qeyri-mədəni irsi sırasına daxil edildiyi bildirilib.

   Daha sonra, Azərbaycan da daxil olmaqla, yuxarıda qeyd edilən dövlətlərdə Novruz bayramının qeyd edilməsi ilə bağlı qısa video-çarxlar nümayiş etdirilib və çıxışlar olub.

   Azərbaycanın BMT yanında Daimi nümayəndəsi A.Mehdiyev çıxışında bildirib ki, Novruz bayramı sülh və qarşılıqlı hörmət ideyaları əsasında əsrlərlə xalqlar arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Qeyd olunub ki, Novruz mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq edir, sosial ədalət, həmrəylik, bərabərlik, xeyirxahlıq kimi dəyərlərin yayılmasına öz töhfəsini verir. Tədbir ziyafətlə başa çatmışdır.

  

   Amerikanın türkdilli icmaları bayramı birgə qeyd ediblər

  

   Vaşinqtonda yaşayan türk icmaları Novruz bayramını birgə şənliklə, ziyafət və konsert proqramı ilə qeyd ediblər. Amerika-Türk Dostluq Assosiasiyasının və yeni yaradılan Avrasiya Amerika Mədəniyyət Assosiasiyasının birgə təşkil etdikləri tədbirdə ABŞ-da yaşayan müxtəlif türkdilli icmaların Novruz ənənələri, türkdilli xalqların tarixi və onları birləşdirən coğrafi ərazi guşələrlə təqdim edilib.

   Azərbaycan icmasının fəalları tərəfindən hazırlanmış guşədə suvenirlər, kitablar, stendlər vasitəsilə Vətənimiz haqqında geniş məlumat verilib. Bayram şənliyində Azərbaycanın və Qırğızıstanın Vaşinqtondakı səfirləri, Qazaxıstanın konsulu, Virciniya ştatı Konqresinin nümayəndələri, ABŞ-ın “Qarabağ” Fondunun təmsilçiləri də iştirak ediblər.

   Ölkəmiz adından səfir Elin Süleymanov şənlik iştirakçılarına Novruz təbriklərini çatdırıb, bütün türkdilli xalqlara əmin-amanlıq və rifah arzulayıb.

   Azərbaycan mədəniyyəti şənliyin konsert proqramında da yüksək səviyyədə təmsil olunub. 12 yaşlı Qafar Şamilovun sazda ifa etdiyi el havaları, eləcə də azərbaycanlı tələbə İkram Cəlil və onun özbəkistanlı həmkarı Delia Əhmədovanın birgə ifa etdikləri Azərbaycan milli rəqsləri alqışlarla qarşılanıb.

   Novruz şənliyində iştirakından böyük məmnunluq hissi duyan Virciniya ştatının konqresmeni Robert Brink deyib: “Türkdilli xalqların Novruz mədəni irsi haqqında ilk dəfə öyrənmək olduqca maraqlıdır. Konsert proqramı zamanı müxtəlif millətlərin belə gözəl ifalarla, biri-birindən seçilən mahnı, rəqs nömrələri, geyimlərlə təmsil edilməsi valehedici idi. Böyük Avrasiya bölgəsinin Novruz çətiri altında birləşdiyini bilmirdim. Çoxlu xoş təəssürat yaradan bir toplantının şahidi oldum”.

   ABŞ-ın müxtəlif ştatlarında yaşayan azərbaycanlı icması Novruz bayramını şənliklərlə qeyd edib. Martın 23-də Nyu-Yorkda yaşayan icmanın fəalları şəhərin “Orion-palas” zalının qarşısında Azərbaycan bayrağını dalğalandıraraq dövlət himnimizin sədaları altında bahar bayramının açılışını elan ediblər. Novruz xonçaları, səmənilərlə bəzədilmiş məkan əziz bayrama xoş ovqat qatıb. Şənliyə türk, özbək, yəhudi icmalarının üzvləri də qatılıblar.

   Florida ştatında fəaliyyət göstərən Türk Assosiasiyası ilə Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası da Novruz bayramını birlikdə qeyd ediblər. Şimali Kaliforniyanın Azərbaycan icması bahar fəslinin gəlişini San-Fransisko ərazisində yaşayan türk və qazax icmasının üzvləri ilə birgə qeyd edib. Daha bir Novruz şənliyi Meyn ştatının Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.

  

   Türkiyədə möhtəşəm Novruz tədbirləri

  

   Türkiyənin bütün şəhərlərində Novruz bayramı münasibətilə şənliklər keçirilib. Azərbaycanın diplomatik nümayəndəlikləri, ölkəmizdən gəlmiş incəsənət ustaları, qardaş ölkədə fəaliyyət göstərən dərnəklər və burada yaşayan azərbaycanlılar bayram tədbirlərində fəal iştirak ediblər.

   İstanbulun Zeytinburnu rayonundakı Topkapı Mədəniyyət Parkında keçirilmiş Novruz şənlikləri şəhərin valisi Hüseyn Avni Mutlunun təbriki ilə başlayıb. TÜRKSOY-un xətti ilə türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan gəlmiş incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Burada ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşkil etdiyi Azərbaycan guşəsində milli mədəniyyətimiz, məişət və mətbəx nümunələrimizi əks etdirən stendlər İstanbul sakinləri və şəhərin qonaqlarında xoş təəssüratlar yaradıb. Baş konsul Həsən Zeynalov, diplomatlar, İstanbul valiliyi və bələdiyyəsinin rəsmiləri eksponatlarla tanış olub, milli mətbəximizin ləziz yeməklərinin dadına baxıblar.

   Ankarada Türkiyə Prezidenti Abdullah Gül türkdilli ölkələrdən Novruz şənliklərində iştirak etmək üçün gəlmiş incəsənət ustalarını qəbul edib. O, bütün türk dünyasını Novruz bayramı münasibətilə təbrik edib, qardaş ölkələrə rifah, bərəkət və uğurlar diləyib.

   TÜRKSOY-un baş katibi Düsen Kaseinov Türkiyə Prezidentinə məlumat verib ki, türkdilli ölkələr, habelə Rusiya Federasiyası və Balkanlardan gəlmiş 250 sənətçi müxtəlif şəhərlərdə keçirilən şənliklərdə iştirak edir.

   Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də TÜRKSOY-un dəvəti ilə Ankara və digər şəhərlərdə keçirilən Novruz şənliklərində iştirak etmək üçün Türkiyəyə gəlmiş türkdilli ölkələrin incəsənət xadimləri ilə görüşüb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı və ölkəmizdən gəlmiş sənətçilərin də iştirak etdiyi görüşdə C. Çiçək türk mədəniyyətini dünyada tanıtmaq üçün son illər böyük addımlar atıldığını vurğulayıb.

   TÜRKSOY və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ankaradakı Dövlət Rəsm və Heykəl Muzeyində Novruz şənliyi keçirilib.

   Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Rusiya və türkdilli ölkələrin səfirləri, incəsənət xadimləri iştirak edib. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay çıxış edərək, bütün türk dünyasını bayram münasibətilə təbrik edib.

   Ankarada türkdilli ölkələrdən gəlmiş incəsənət ustaları, o cümlədən ölkəmizi təmsil edən xalq artistləri Mələkxanım Əyyubova və tarzən Möhlət Müslümov maraqlı konsert proqramı təqdim ediblər.

   Türkiyə paytaxtındakı Novruz şənlikləri Milli Təhsil Nazirliyinin salonunda keçirilmiş bayram tədbiri və geniş konsertilə tamamlanıb. Tanınmış müğənni Azərin öz ifası ilə Türkiyənin İsparta şəhərindəki Süleyman Dəmirəl Universitetində keçirilmiş Novruz şənliklərinə xüsusi ovqat qatıb. İzmir şəhərində isə Azərbaycan Kültür Mərkəzinin təşkil etdiyi 5-ci Azərbaycan Novruz Festivalı çərçivəsində qarmonçuların konserti olub.

   Kocaeli şəhərində keçirilmiş şənlikdə 13 ölkədən, o cümlədən Azərbaycandan gəlmiş incəsənət ustalarının konserti olub. Adana Azərbaycanlıları Kültür və Dayanışma Dərnəyinin təşkil etdiyi tədbirdə də qonaqlara bayram konserti təqdim olunub. Türkiyədə Novruz şənlikləri martın 30-da Kayseridə təşkil olunacaq konsertlə yekunlaşacaq.

  

   Moskvada bayram şənliyi

  

   Moskvada Ümumrusiya Azərbaycan Konqresi və Azərbaycanın RF-dəki səfirliyi də bayram tədbiri təşkil edib. ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev təbrik nitqində bildirib ki, bahar və bərəkət rəmzi olan Novruz xaricdə, o cümlədən Rusiyada yaşayan həmvətənlərimizin ən sevimli və geniş qeyd etdikləri bayramdır. Bayram tədbiri canlı milli musiqi və Azərbaycan incəsənət xadimlərinin çıxışları ilə müşayiət olunub.

   Rusiyanın Azərbaycan Gənclər Təşkilatının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun “Həmyerlilər birliyi”nin təşəbbüsü ilə Novruz şənliyi keçirilib. Tədbirin iştirakçılarına qədim kökləri olan bu milli bayramın ölkəmizdə qeyd olunmasını əks etdirən səhnələşdirilmiş kompozisiyalar, o cümlədən Novruzun ənənəvi qəhrəmanlarının - Heydər Əliyev Fondunun təqdim etdiyi milli kostyumları geyinmiş Kosa və Keçəlin çıxışı, tələbə kollektivləri tərəfindən hazırlanmış musiqi nömrələri təqdim edilib. Tədbirdə “Odlar yurdu” ansamblının, skripkaçı Anar Yusifovun ifaları səslənib, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan gənclərinin məharətləri nümayiş olunub. Tədbir iştirakçılarına populyar “Baku” jurnalının nüsxələri və Heydər Əliyev Fondunun nəşrləri paylanıb, Novruz süfrəsi təqdim olunub.

  

   Parisdə Novruz təntənəsi

  

   Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə UNESCO-nun Parisdəki mənzil iqamətgahında ənənəvi olaraq Novruz bayramı ilə bağlı təntənəli mərasim keçirilib. Səfir Elçin Əmirbəyov mərasim iştirakçılarını bayram münasibətilə təbrik edib. Firavanlıq, bolluq və bərəkət rəmzi olan, baharın gəlişindən xəbər verən Novruzun sovetlər dövründə təzyiqlərə baxmayaraq, varlığını qoruyub saxladığını diqqətə çatdırıb. Fransa ictimaiyyəti nümayəndələrinin, diaspor təmsilçilərinin iştirak etdikləri mərasimdə Azərbaycan-Fransa Gənclik Assosiasiyasının rəqs ansamblının üzvləri milli rəqslər ifa ediblər.

   Mərasim iştirakçılarına Novruz bayramı süfrəsinin bəzəyi olan şirniyyatlar və zəngin mətbəximizin şah xörəyi sayılan plov təqdim olunub.

  

   Kiyevdə Novruz konserti

  

   Ukrayna paytaxtındakı “Şəhrizad” Azərbaycan mətbəxi restoranında Novruz bayramına həsr olunmuş bayram gecəsi təşkil edilib. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri, Azərbaycanın və keçmiş SSRİ-nin Əməkdar məşqçisi Oleq Krapivin tərəfindən təşkil olunmuş tədbirin aparıcısı opera müğənnisi, Ukraynanın Xalq artisti Qurban Abbasov olub. UAK-ın yaradıcısı, professor Tələt Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun xanımı Valentina Əsədova, Azərbaycan məktəbinin fəaliyyət göstərdiyi Kiyevin 248 nömrəli məktəbinin direktoru Tatyana Vişnyevskaya və başqaları bayram gecəsində çıxış ediblər.

   Rəsmi hissədən sonra keçirilən bayram konsertində Q.Abbasovun ifasında Azərbaycan və Ukrayna mahnıları səslənib, beynəlxalq müsabiqələr laureatı Bəxtiyar Ağayarovun rəhbərliyi ilə “Vətən” ansamblı Azərbaycan, Ukrayna və gürcü xalq rəqslərini təqdim edib.

  

   Litvada Bahar bayramı

  

   Vilnüsdəki “Holiday İnn” hotelində də Novruz bayramı münasibətilə tədbir keçirilib.

   Tədbirdə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, Litva Seyminin deputatları, ölkənin ictimai-siyasi xadimləri, incəsənət adamları, dipkorpusun nümayəndələri, eləcə də Kaunas, Klaypeda, Şyaulyay şəhərlərində yaşayan soydaşlarımız iştirak edib. Səməni, xonça, buta və digər atributlarla, əsl Novruz ab-havasında, xüsusi zövqlə bəzədilmiş zalda Azərbaycan təbiətini, tarixi memarlığını əks etdirən fotoşəkillər, plakatlar göz oxşayırdı.

   Səfir Həsən Məmmədzadə çıxış edərək, qonaqları və həmvətənlərimizi Novruz bayramı münasibətilə təbrik edib, Novruzun qədim tarixindən söhbət açıb. Litva Seyminin xarici işlər komitəsinin sədri Emanuelis Zingeris tədbir iştirakçılarını salamlayaraq, Novruzun Azərbaycan xalqına ruzi-bərəkət, əmin-amanlıq gətirməsini diləyib.

   Qonaqların da iştirakı ilə yumurtadöyüşdürmə, papaqatma kimi Novruz adətlərini özündə əks etdirən səhnəciklər göstərilib.

   Novruz bayramı münasibətilə Litvanın bir çox bölgələrində tədbirlər keçirilib.

   Kaunasda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə keçirilən tədbirdə Novruza həsr olunmuş videoçarx nümayiş etdirilib, adət və ənənələrimiz haqqında məlumat verilib. Tələbələrimiz xarici və yerli qonaqlar arasında Novruz adətlərini təsvir edən oyunlar təşkil ediblər. Azərbaycan, Litva, Türkiyə və digər ölkələrdən olan gənclərin iştirakı ilə “Yallı” rəqsi ifa edilib.  

 

   Estoniyada Novruz bayramı geniş qeyd olunub

  

   Azərbaycan icması tərəfindən Tallinin Lindakivi Mədəniyyət Mərkəzində Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun və ölkəmizin Estoniyadakı səfirliyinin dəstəyi ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

   İştirakçılara Estoniyada fəaliyyət göstərən həmyerlimiz Rauf Avşarovun rəhbərlik etdiyi Kukla Teatrının premyerası - “Üç keçi” tamaşası təqdim olunub.

   Sonra Estoniyada keçirilən Beynəlxalq musiqi müsabiqəsinin iştirakçıları - Bakıdakı Fikrət Əmirov adına musiqi məktəbinin şagirdləri Eldar Tahirovun və İbrahim Nəsrullayevin ifasında Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib.

   Azərbaycan icması tərəfindən Estoniyada fəaliyyət göstərən “Haljas Ticarət” şirkətinin dəstəyi ilə Estoniya parlamentində də Novruz bayramı günü keçirilib.

   Deputatlara Azərbaycan şirniyyatları - paxlava, şəkərbura və şirələr təqdim olunub.

   Tədbirlər haqqında yerli telekanallarda reportajlar verilib.

  

   Milli bayramımız Yunanıstanda

  

   Xalqımızın qədim milli adət-ənənələrindən sayılan Novruz bayramı Yunanıstanda da qeyd edilib. Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi və Yunanıstanın Saloniki şəhərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Novruz bayramı münasibətilə keçirilən tədbirdə bir çox ölkələrdən tələbələr də iştirak edib. Azərbaycanın Yunanıstandakı səfirliyinin konsulu Anar Məmmədov Novruz bayramı haqqında qısa məlumat verib. Azərbaycanlı tələbələr tərəfindən ölkəmizin mədəniyyəti, turizm imkanları, həmçinin Novruz bayramına dair təqdimatlar keçirilib, milli rəqslər, mahnılar ifa olunub. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri və Novruz şirniyyatları təqdim olunub.

  

   Qahirədə «Beynəlxalq Novruz festivalı»

  

   Qahirə şəhərində Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Tacikistan, Özbəkistan və Əfqanıstanın Misirdəki səfirliklərinin birgə iştirakı ilə «Beynəlxalq Novruz festivalı» keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Azərbaycanın təşəbbüsü və Novruzu qeyd edən bir çox dövlətlərin həmmüəllifliyi ilə BMT Baş Məclisində 2010-cu ildə qəbul olunmuş «Beynəlxalq Novruz Günü» qətnaməsi haqqında məlumat verib. Festivalda Türkiyə, Özbəkistan, İran, Tacikistan və Əfqanıstanın səfirləri də çıxış ediblər. Festival çərçivəsində hər bir ölkənin milli mədəniyyətini və Novruz adət-ənənələrini əks etdirən xüsusi guşələr nümayiş olunub.

  

   Meksika parlamentində Novruz konfransı

  

   Meksika Konqresinin Deputatlar Palatasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib. Konfransda ölkəmizin Meksikadakı səfiri İlqar Muxtarov, iranlı və iraqlı diplomatlar, Konqresin üzvləri və rəhbər işçiləri iştirak ediblər. Səfir İ.Muxtarov konfrans iştirakçılarına Novruz bayramının min illərlə ölçülən tarixi kökləri, adətləri, həmçinin özünəməxsusluğu və müxtəlifliyi ilə seçilən xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Sonra konfrans iştirakçılarına Azərbaycan səfirliyinin hazırladığı Novruz bayramı haqqında təqdimat nümayiş etdirilib. Tədbir iştirakçıları Novruz bayramı münasibətilə 2011-ci ilin martında Azərbaycan, İraq və İran səfirlikləri tərəfindən əkilmiş ağacların yerləşdiyi Meksika Konqresinin parkını da ziyarət ediblər.

  

   Almaniyada Azərbaycanın muğam ustalarının konserti

  

   Berlində fəaliyyət göstərən “Türk Evi”ndə Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsi, Berlin Atatürkçü Düşüncə Dərnəyi və Almaniyada Yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə diasporumuzun üzvləri üçün muğam ustaları - Xalq artisti Səkinə İsmayılova və Zakir Əliyevin ifasında konsert olub.

   Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Rəngarəng muğam parçalarından ibarət olan konsert tədbir iştirakçılarında geniş təəssürat oyadıb. Konsertdə Almaniyadakı Azərbaycan və türk diasporlarının, ölkədə akkreditə olunmuş səfirliklərin, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  

   Finlandiyada Azərbaycan mətbəxi

  

   Finlandiyanın paytaxtı Helsinkidə ”Caisa” Mədəniyyət Mərkəzində Finlandiya Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə ”Azərbaycan plovları” adlı gecə keçirilib. Tədbirdə FAA-nın nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının sədr müavini Vəfa Muradlı iştirakçılara Azərbaycan mətbəxinin tarixi haqqında məlumat verib. Sonra Azərbaycan mətbəxi haqqında qisametrajlı flim nümayiş etdirilib. Tədbir iştirakçılarına üç növ Azərbaycan plovu təqdim olunub.

 

 

 Mədəniyyət.- 2012.- 28 mart.- S. 9.