Azərbaycanın turizm imkanları Moskvada nümayiş olunub

 

   Mahir Qəhrəmanov: «Stendimizə müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdı»

  

   Martın 21-dən 24-dək Moskvada «MİTT-2012» adlı beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Xarici turizm sektorunun məsləhətçisi Səid Rüstəmov, Qəbələ və Oğuz rayon mədəniyyət və turizm şöbələrinin müdirləri Nargilə Qafarova və Ulduz Baxışova, Milli Kitabxananın əməkdaşı Günay Məmmədova, Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub.

  

   Qeyd edək ki, MİTT dünyanın ən iri 5 turizm sərgisindən biri hesab olunur. Builki sərginin ümumi ekspozisiya sahəsi 50 min kvadratmetr təşkil edib. Bu sahədə dünyanın 189 ölkə və regionundan 3000-dən artıq turizm fəaliyyəti ilə məşğul olan şirkət öz imkanlarını nümayiş etdirib. Sərgini Rusiyanın müxtəlif şəhərlərindən və dünyanın 95 ölkəsindən 80 mindən çox insan ziyarət edib ki, bunun da 73 faizini turizm sektorunun nümayəndələri təşkil edib.

   Tədbirlə bağlı təəssüratlarını qəzetimizlə bölüşən Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, Azərbaycan bu sərgidə 2002-ci ildən təmsil olunur. Sərgidə ölkəmizin turizm potensialı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 80 kvadratmetrlik lövhədə rus və ingilis dillərində hazırlanmış bukletlər, broşürlar, CD-lər və s. vasitəsilə nümayiş etdirilib: «Sərgi çox maraqlı və aktiv bir formada keçdi. Azərbaycanın stendinə müraciət edənlər, ölkəmizin turizm məkanları ilə maraqlananların sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdı. Sərgi zamanı Azərbaycan nümayəndə heyətinin müxtəlif görüşləri oldu. Bu görüşlər əsasən müxtəlif portallarda, kütləvi informasiya vasitələrində Azərbaycan turizminin təbliği ilə bağlı idi. Rusiya bizim üçün olduqca əhəmiyyətli bir turizm bazarıdır. Çünki ölkəmizə gələn xarici turistlər arasında sayına görə Rusiya vətəndaşları birinci yerdədir. Qeyd edim ki, Azərbaycan nümayəndə heyətinin tərkibində sərgidə iştirak edən turizm şirkətləri də çox fəallıq göstərdilər. Onlar həm yerli şirkətlərlə, həm də müxtəlif ölkələri təmsil edən turizm şirkətləri ilə çoxsaylı əməkdaşlıq müqavilələri bağladılar».

   Sektor müdirinin sözlərinə görə, MİTT sərgisi zamanı Azərbaycanın stendinə müraciət edənlər daha çox may ayında ölkəmizdə keçiriləcək «Eurovision» mahnı müsabiqəsi ilə bağlı suallar veriblər: «Sərgidə Azərbaycanda fəaliyyət göstərən “Geo Travel”, “Billur Tour”, “Millennium Tourism and Congress DMC”, “Eurotourism”, “İmprotex”, “Regea Travel”, “Tourism.az”, “The Tour”, “Ata Travel” şirkətlərinin və “Jumeirah Bilgah” hotelinin nümayəndələri də iştirak edirdilər. Onlar əvvəlcədən «Eurovision»la əlaqədar xüsusi paketlər hazırlamışdılar. Həmin paketlərdə müsabiqə ilə bağlı müxtəlif biliklərin alınması, hotellərin bronlaşdırılması və s. məlumatlar əksini tapmışdı. Bundan başqa, müraciət edənlərə şifahi olaraq da məlumat verilirdi. Bir məqamı da qeyd edim ki, budəfəki MİTT sərgisinə Azərbaycanın iki rayonunun - Oğuz və Qəbələnin mədəniyyət və turizm şöbələrinin müdirləri də qatılmışdı. Onlar öz bölgələrinin turizm potensialı haqqında ziyarətçilərə məlumatlar verirdilər. Bu təcrübəni gələcəkdə daha da genişləndirmək və yüksək səviyyədə tətbiq etmək fikrimiz var».

   Qeyd edək ki, sərgi xalqımızın milli bayramı olan Novruz bayramı günlərinə təsadüf etdiyindən ziyarətçilərə ölkəmizdə təşkil edilən Novruz turları haqqında da ətraflı bilgilər verilib, eyni zamanda onlara bayram şirniyyatları təqdim edilib.

  

   * * *

 

   Martın 20-də Azərbaycanın turizm sektorunun nümayəndələri «MİTT-2012» çərçivəsində Moskvadakı «The Ritz-Carlton» hotelində keçirilən 8-ci «Luxury Travel Mart» (LTM) adlı sərgiyə də qatılıblar. Rusiya, Azərbaycan, Ukrayna, Qazaxıstan, Estoniya və RF regionlarından 1000 nəfərdən artıq turizm professionallarının iştirak etdiyi tədbirdə zəngin insanlar üçün nəzərdə tutulmuş təmtəraqlı səfərlər haqqında məlumat verilib, eyni zamanda qonaqpərvərlik biznesinin yeni təmsilçiləri təqdim edilib. LTM sərgisində iştirak edən şirkətlər arasında 5 ulduzlu hotel və kurortların, nəqliyyat, yaxta səfərlərini təşkil edən kompaniyaların, kirayə təyyarə götürmək imkanlarına malik olan turizm şirkətlərinin nümayəndələri üstünlük təşkil ediblər.

   Qeyd edək ki, builki LTM sərgisinin iştirakçıları rekord say təşkil edib. Belə ki, tədbirdə turizm fəaliyyəti ilə məşğul olan 203 şirkət təmsil olunub.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 28 mart.- S. 12.