Dağların
ağır qışı
Sevinirəm ki, Məmməd Aslanın ilk
oxucularındanam. Böyük ürək və səmimiyyətlə
mətbəə ətirli kitablarını birinci mənə
bağışlayar. Bu yaxınlarda şair yenicə
çapdan çıxmış iki cilddə «Varlıqla
yoxluq arasında» adlı şeir kitabını mənə
göndərib. Yazdığı avtoqraf qəlbimi çox
kövrəltdi: «Ömrümün ana-bacısı
qayğılarını üstünə
götürmüş əziz Flora Xəlilzadəyə
xoşbəxtlik diləkləri ilə». Müəllimimin məni
ana-bacı gözündə görməsi könlümü
riqqətə gətirdi. Bir müddət bu kitabları vərəqləyə
bilmədim. Tamamilə Məmməd Aslanın şeirlərinə
köklənmək üçün sanki zaman gözləyirdim.
Qələm əlimdə yenə titrədi, kəlmələrim
yenə itik düşdü. Yenə də köməyimə
Məmməd Aslanın şeirləri gəldi...
İllər boyu dilimin əzbəri
olan misraları məni çox uzaqlara apardı:
Səpib göyərdərəm
sözü, kəlməni,
Ayrı qulluğum yox, ayrı
işim yox.
Tanıtsa, bir misra tanıdar məni,
Ayrı sənədim
yox, arayışım yox.
Bu közərən
sözlərin ahəngində Məmməd Aslanın
kitabını mənəvi bir ehtiyacla oxumağa
başladım. Ömrünü söz
uğrunda girov qoyan şairin yaradıcılığında nəğmələr
çeşmələnir, güllər odlanır,
bülbüllər zilə çıxır, buludlar kişnəyir,
dağlar andlaşır, min fəryad bir axara yönəlir.
Doğrudan da müəllifin dediyi kimi: «bilməcədi
bildiyimiz bu dünya». Yaxşı ki belə təbii,
ilhamlı şairlərimiz var. Bu cildlərdə mənim diqqətimi
müəyyən obrazlar çəkdi. Ən
əvvəl şairin öz portretini gördüm. Rəbbi nə veribsə, Məmməd Aslan odur.
Tarix boyu haqsızlıq önündə
susmağı bacarmaz, ucuz mətləbləri dilinə gətirməz.
Təbiətindən gələnlər misra-misra
süzülüb:
Tənha zirvələrin
yar-yoldaşıyam;
Quşqonmaz dağların
ağır qışıyam;
Mən qaya parçası,
çaxmaq daşıyam;
Mən çətin
adamam, asan deyiləm.
Bu etirafdan nələr
duyuruq? Söz uğrunda ömrünü
odlara tapşıran istedadlı bir qələm əhli öz
xasiyyətinin ağırlığından həqiqətən
şikayət edir? Yoxsa
qarşıdakının səhvlərini bu şəkildə
dilə gətirir? Deyə bilmərəm.
Anladığım odur ki, bütün inciklikləri,
küskünlükləri elə bu xasiyyətinə görə
də Məmməd Aslana bağışlamaq olar. Pilə
təbiətli Məmmədin bəzən elə sərt, qətiyyətli,
inadkar, ipə-sapa yatmaz məqamları var ki... Həyatın
min cür əzabına tuş gələn şairin
ömrü bir tonqala bənzəyir. Şeirlərində
də bu odun közərmələri duyulur: «Məni
söndürməyə göstərmə inad, bir yanar kürəyəm:
torpağım çat-çat». Ömrünün
bütün ağrı-təlaşını sözlə
çəkərək sökməyə çalışan
müəllifin sonda gəldiyi nəticə də mənalıdır:
«dərdsizlik dərddən betərdi».
Həyatın
ağlagəlməz qəhrləri şairin qismətindən əskik
olmayıb. Uşaqlığından
üzü bəri valideyn, bacı-qardaş, övlad itkilərindən
başlayaraq gözləmədiyi vətən dərdinə qədər
çox əbədi ayrılıqlara tuş olub. Bəzən ideallaşdırdığı dostunu, bəzən
də sədaqətinə inandığı kiminsə vəfasızlığı
taleyindən izsiz keçməyib. Bəlkə
də buna görədir ki, onun bütün şeirləri
ömrünün ayrı-ayrı közərmələrinin
aynasıdır. Çəkdiyi əzabdan, keçirdiyi
sarsıntıdan yenə də şeir doğulub: «Bir yanar
ocaqdım, bir qızıl közdüm, əridi
varlığım, kül oldu, dözdüm». Onun
vəfalı dostu həmişə dərddi. Dərdə
əyilməsə də, bəzən dərdin özünə
belə dağ çəkməyi bacaran şair hərdən
dərdə sığındığını da dilə gətirir:
Bu qədər möhnətə
ürəyim fildi,
Yüz yol
öldürüldü, yüz yol dirildi.
Eşqimin çiçəyi
çoxdan dərildi,
Görən, nə
axtarır çəməndən yazıq?!
Məmməd Aslan təbiətən
kövrək şairdir. Hər misrasında
ürək döyüntüsü var. Onun şeirlərini
oxuduqca adamın öz könlü də dəli rüzgarla
köklənir. Əlçatmaz, ünyetməz
günlərin həsrəti üzə durur. Həsrətdən zinhara gəlirsən. Şeirləri oxuduqca təbdən-təbə
düşürsən.
Məmməd Aslan Kəlbəcər
rayonunun Laçın kəndində anadan olub. O,
doğma yurdunu dəlicəsinə sevən bir aşiqdi. Kəlbəcərin simvolu olan Dəlidağ Məmməd
Aslanın qibləgahı idi. Ulu
babaları, nənələri bu dağa baxaraq salavat çəkərdilər.
Şairin bioqrafiyası,
yaradıcılığı və xoşbəxtliyi bu dilbər
guşəyə bağlıdır. Doğma
yerlərdəki bulaqlar onun ürəyində
çağlayardı. Ömrünün
neçə şirin dastanı o dağların qoynunda vərəqlənərdi.
Loğmanı da, sevinci də, bəxtəvərliyi də Kəlbəcər
dağları idi Məmməd Aslanın... İndi bu həsrətdən
içi yanar, bağrında közə dönmüş Kəlbəcər
şeirlərində oxşanar, əzizlənər: «Bizsiz
qalıb o guşələr, bizsiz açır bənövşələr...».
İnsanın ömrü boyu hazır
olmadığı bu dərd çoxumuzu dirigözlü
öldürməkdədi. Kəlbəcərin
adı çəkiləndə Məmməd Aslanın dolu
gözlərindəki həsrət yeddi başlı əjdaha
kimi varlığımı didir, dərdimi tərpədir.
Mənim də Urud həsrətim baş
qaldırır.
1990-cı ilin 20
yanvarı yaddaşımıza çəkilməz dərdlə,
yasla daxil oldu. 20 Yanvarın adı çəkilən
kimi Məmməd Aslanın «Ağla, qərənfil, ağla»
ağısı yada düşür. O müsibətli
gündən indiyədək hər birimiz şəhidlərin
hüznündən doğan ağrını sanki bu
bayatılarla boşaltmağa, ya bəlkə də
azaltmağa çalışırıq:
Qərənfil - şəhid
qanı!
Qan götürdü
dünyanı...
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
Məmməd
Aslanın 1969-cu ildə qələmə aldığı
«Sümüklü dərə» şeiri də
başımıza gələn fəlakətlərin əks-sədasıdır.
Müəllif bildirir ki, Kəlbəcərin
Göyçə gədiyinə dirənən dağ
aşırımında insan sümükləri ilə dolu bir
dərə var. Ötən əsrin əvvəllərində
daşnakların qanlı cinayətinin qovluğudur bu dərə.
Eləcə də kəllə sümüklərindən
anlamaq olur ki, bu şəhidlər bizim babalarımız olub.
Məmməd Aslan yazır ki, dağ əriyəndən
sonra bu dərənin üstü həmişə humay
quşları ilə dolu olur. Hərdənbir
dərəyə enib sümüyü bir daşın
üstünə buraxar, sonra da tezcə «ovunun» düşdüyü
yerə şığıyar. Sümüklərin
içərisindəki qurd-quşla qarnını doyurar.
Hələ o vaxt şair bu müdhiş «mənzərə»
haqqında belə yazırdı:
Bura şəhidlərin gorsuz
gorgahı,
Bura qatillərin məhşər
günahı!
Uçqun dodağında saxlar min
ahı -
Sümüklü dərə.
Qəribədir ki,
yaxın vaxtlarda Qubada aşkar edilən insan məzarlıqları
da elə Kəlbəcərdəki Sümüklü dərənin
oxşarıdır. Amma, təəssüf
ki, o vaxt şairin çəkdiyi bu haraya sovet rejimi qalın pərdə
çəkdi, səsi eşidilməz oldu.
Məmməd
Aslanın yaradıcılığında Təbriz mövzusu
da öz möhtəşəmliyi ilə diqqət çəkir.
Xəyalında əbədiləşən (hətta
qızının adını Təbrizə qoyub), həmişə
görmək həsrəti ilə yaşadığı Təbrizdə
olmaq səadəti, nəhayət, qismətinə
çıxıb: «Nə yaxşı yumşaldı o sərt
havalar, qovuşdu soydaşlar, həsrət obalar». Müəllifin
«Şəhriyarnamə» əsəri də dilimizin qüdrətinə
heykəl qoyan, poeziyamızın sənət zirvəsi
sayılan Şəhriyara ünvanlanıb:
Şəhriyarım, bal dilimin şəhdisən,
Boz səhrama leysan yağar -
«şeh» desən!
Ovqatıma bahar gülər - «meh» desən,
Elə kövrək, elə
çevik pərgərsən,
Müxtəsəri,
zər sözümə zərgərsən.
Məmməd
Aslanın yaradıcılığında möhtəşəm
obrazlardan biri də Sözdü. Sözə
ruhun pərvazı, ağılın kəsəri kimi baxan, ona
məhəbbətlə, ehtiramla yanaşan şair həqiqətən
də ömrünü söz uğrunda girov qoyub. Bu yolda könüllü odlara yanıb tutuşaraq
sözdən mülklər ucaldıb. Sözü
bütün varidatlardan ucada tutub. Şairə
görə, söz Füzulidən yadigardır.
Çəkdiyi zillətlərin,
keçirdiyi ağrı-acıların, itkilərin, həsrətin
zalımlığı və qəzəbli diktəsidir ki, Məmməd
Aslanın yaradıcılığında Zamanın nəhəng
görünüşü var. Müəllif bunu da etiraf edir
ki, Zamanın özü də bir iblisdi, rəngi hər
gün dəyişir. Bu dəyişən
zamanların axarında üzə bilməyən, dilinə
yalan gəlməyən, həmişə düz sözə
tapınan Məmməd Aslanın bir kimsədən zərrəcə
umacağı yoxdur. Buna görə də
həmişə dərya səbrinə sığınaraq
günahı onunla «ovxala, getsin» deyib. Bəzən
də hiddətlənərək ovqatının təlx
vaxtında zamanın qarışıq rənginə ayna tutub.
Zaman bütün bəndi,
bərələri kəsərək hər şeyi insanın əlindən
bir anda alıb aparır. Gəncliyi də,
sağlamlığı da... Buna görə də şair
ömrün ala-toranlığında xəfifcə dilə gəlir:
Ömür ki var - hesabatdı,
Fürsət gəzdim,
hesab artdı.
Hesab artdı... əzab artdı,
Bu hesabı üzməliyəm.
Akademik Həsən Əliyevin baş redaktoru
olduğu «Azərbaycan təbiəti» jurnalında bir müddət
məsul katib vəzifəsində çalışan Məmməd
Aslan təbiətin mühafizəsi ilə bağlı
çox səmərəli fəaliyyət göstərib.
Akademik Həsən Əliyevin məxsus fikridir: «Bizim elmdə
demək istədiklərimizi Məmməd Aslan şeirlərində
çox bacarıqla ifadə edib. Bu da çox
vacibdir. Çünki onun şeirlərindəki
təsir yüzlərlə elmi məqalədən
güclü olur». Böyük qiymət və
həqiqətdir. Məmməd Aslanın şeirlərində
dünyanın ovqatı var. Oxuduqca təsirlənməyə bilmirsən,
bəzən də bu şeirlərin yaratdığı havaya
qoşulub buludlara çəkilmək istəyirsən:
Dərdini çəkənə
zindan əzabı,
Nəbzini tutana
behiştdi dünya.
Məmməd Aslan həm
də tərcümə ilə məşğul olan qələm
sahibi kimi də səmərəli fəaliyyət göstərir.
Keçmiş SSRİ xalqlar ədəbiyyatından
tərcümələrə xüsusi diqqətlə
yanaşan ədib özbək şairəsi Zülfiyyənin
«Torpağa səcdə», qazax şairi Qədir Mirzalıyevin
«Bu bağda bülbüllər ötər» şeirlər
kitabını tərcümə edib. Eləcə
də türk şeirindən seçmələri, Yunis
İmrə və Aşıq Veysəl
yaradıcılığından etdiyi çevirmələr ədəbiyyatımızın
inciləridir.
Məmməd Aslana
ithaf edilən şeirlər də çoxdur. Kitabın
ikinci cildində son fəsillərin biri belə adlanır: «Məmməd
Aslan haqqında qələmdaşlarının dəyərləndirmələri».
Bir-birindən gözəl, mənalı şeirlərin
içərisində diqqətimizi ən çox Məmməd
Arazın 1967-ci ildə adaşına ünvanladığı
poetik etiraf oldu:
Qardaş düzümünün əsiri
oldum,
Xəbərim
olmadı özümdən mənim.
Sənin çiçəyinə,
gülünə baxdım,
Min yarpaq
töküldü sözümdən mənim.
Məmməd
Aslanın şeirləri qaranlığa nur saçan
işığa bənzəyir. Bütün dolu
misralarının gözlərimizdən könlümüzə
süzülən sehri ilə özümüz öz qəlbimizə
yol axtarırıq və bir qələm sahibi kimi şairin
etirafına sığınaraq təskinlik tapırıq:
Ömrü söz uğrunda girov
qoymuşam,
Ayrı ürəyim yox, ayrı
başım yox!
Bu niyyətlə də
ədəbiyyata, mətbuata gələnlər sözün qədrini
bilərək onu bütün varidatlardan ucada gördülər.
Amma neyləməli ki, Sözə divan tutanlar, onun rəngini
itirənlər də var. Belələri üçün də
Məmməd Aslanın sərt təpkisi həmişə
yerinə düşür: «Dil bağban olmasa, söz qalar
çolaq». Ömrü boyu Sözün qüdrətinə
sığınan, onun min bir mənasını ustalıqla
açan, keşiyini çəkən şair Məmməd
Aslan bu sənətin zirvəsində dayanan ustaddır!..
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2012.- 30 mart.- S.13.