Bir ömürdə minbir “ömür”

 

   Fərhad, Otello, Fətəli xan, Makduf, Vaqif, Məcnunun atası, Hüseyn dayı, Rüstəm kişi, Luici...

  

   Öz ömrü çox qısa: 26 mart 1910 - 31 yanvar 1963. Əlli üç il. Səhnə və ekranlarda yaratdıqlarının ömürləri isə daha az - lap “saathesabı”: birində beş, o birində iyirmi-otuz beş, digərində qırx-əlli beş dəqiqə. Amma... bu ömürlər hərəki-fəaliyyətilik baxımından bu qədər yaşanıb. Bəs sənətilik sarıdan? Bunun izahı üçün dəqiqələr gərək deyil, bircə kəlmə lazımdır: əbədilik!

 

   Necə ki, bəzən, bir günə, beş-on saata “bir igid ömrü” deyirik, yaxşı nəzər etsək, onun yaratdığı obrazlara sərf etdiyi hər beş-on dəqiqəni də bir “bir sənətkar ömrü” kimi dəyərləndirərik...

  

   Və elə bu “bir saat-para saat”lar yığışıb, onun Rüstəm kişi olaraq dediyi bir sözün (“Mənim ailəm yumruq kimi omalıdır!”) timsalında cəmləşib, onu bu dünyadan tez, sənət dünyamızdan isə lap tez, çox erkən apardı.

   Yazımın başlıqaltısında bu azman sənətkarın yaratdığı obrazlardan bir neçəsinin adını verdiyimə və bu səhifədə fotoşəklinin də veriləcəyinə görə, adam heç onun ad-soyadını, ümumiyyətlə, qeyd etmək istəmir: həm səhifədə yer tutumu, həm də “görünən dağa nə bələdçi” məsəlinə rəğmən.

   Onun atası da çox az yaşayıb; gələcəyin bu böyük sənətkarının 10 yaşı tamam olmamış dünyasını dəyişib. Ailə başçısı kimi tək qalmış anası isə istəmirmiş ki, bu qoçaq-qıpçaq oğlu məhəllədə “hamının lağ-luğaz edəcəyi bir sənət”dən yapışsın - artist tayfası olsun. Onun orta məktəb müəllimləri arzulayırmışlar ki, bu “çox zehnli-fəhmli oğlan” elm dalınca getsin. Məhəllə “cur”ları isə onu dilə tuturmuşlar ki, sən bizim dəstəyə başçılıq elə, dolanışığın bizdə!

   Elə mən də onun yaradıcılıq hal-əhvalından əvvəl, bu zəlzələvi ömrün ənənəvi tərcümeyi-hal “bal”ından başlamaq fikrində idim, alınmadı.

  

   Nədən ki...

  

   Bu yazının “əlifba”sı onun az yaşamasından başlandı ki, bunun da əsas baiskarlarından biri, bəlkə də başlıcası elə bu əlahəzrət sənət dünyası ilə bağlıdır.

   Aşağıda toxunacağım mətləbə ayaq-hazırlıq olaraq deyim ki, Ələsgər Ələkbərovun yaradıcılıq aləmi yüzlərlə məqaləyə, onlarca oçerkə, neçə-neçə kitaba mövzu ola bilər. Bəs niyə bəndəniz onunla bağlı indiyə qədərki yazılarda üstündən sükutla keçilən bir məsələni - onun qısqanclıq “istedad”ını “prioritet”ləşdirmək istəyir? Çünki bunun onun təkcə şəxsi həyatına yox, sənət dünyasına da dəxli var. Məsələn, öz səhnələrində saysız-hesabsız Otellolar görmüş moskvalılar onun ifasında tamaşa etdikləri Otellonu niyə “1 nömrəli Şekspir şedevri” adlandırmış, onu “triumfal aplodisment”lərə qərq etmişlər?! Mənə elə gəlir ki, bu rolun dahiyanə, təkrarsız çıxmasının məğzində, rus “mujik”i üçün o qədər də önəmli olmayan bir iksirin - Azərbaycan kişisinə xas xalis ər qısqanclığının da rolu az olmayıb...

   ...Deyirəm, əyər aktyorların obrazları bütün incəliklərinə qədər oynamalarını təqdir ediriksə, onların şəxsi (və ictimai) həyatlarını da açıqlamağa tənqidi baxmamalıyıq.

   Hə, bu “giriş”dən sonra, zənnimcə, sənət Ələsgər Ələkbərovu ilə həyat Ələkbərov Ələsgər Hacıağa oğlunu - heç olmasa bir epizodluq paraleldə təqdim etmək olar.

   Bu real rol, şəxsi dram gənc Ələsgərin 1927-1930-cu illər arası Bakı Türk İşçi Teatrında işlədiyi dövrdən oynamağa başlayır. Bu yaraşıqlı, boylu-buxunlu, hədsiz istedadlı oğlan bütün qızların diqqət mərkəzinə çevrilir. Onların arasında tezliklə Azərbaycan SSR və SSRİ Xalq artisti olası korifey bir sənətkar - Hökumə Qurbanova da vardı ki, Ələsgərin gözü məhz onu tutur. Bu “səhnə qəşəngi” ilə “səhnə gözəli” sənət sahəsində olduğu kimi, həyat-həyətdə də birləşirlər. Bir-birinə alovlu məhəbbətlə ailə qururlar. Bir qızları olur. Sən demə, bu sevgili melodramın tragifabula kulminasiyasına az qalırmış. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülür və bu gənc ailə də oraya getməli olur. Məşhur rejissor-aktyor Abbas Mirzə Şərifzadə də - teatrın səviyyəsini qaldırmaq (...və görünür, bu gənc ailənin səadət quşunu göylərdən endirmək...) üçün Gəncəyə göndərilir. Hökumə xanımın fitri istedadı, qeyri-adi bacarığı təcrübəli Şərifzadənin gözündən yayınmır və məşqlərdə ona daha çox vaxt ayırır, daha sıcaq diqqət yetirir. Hər şeydə, hər təbiət-keyfiyyətdə alovlu, çılğın, qaynar olan Ələsgər isə bu qəribə əlahiddəliyə hiddətlə baxır, mətbu məxəzlərdən birinə düşmüş faktla desək: “qısqanclıqdan alışıb-yanır”. Elə gənc gəlin Hökumə də ondan geri qalmır - səhnə və mətbəx həyatının çox hissəsini öz Ələsgərini qəşəng aktrisalara qısqanmaq “rolunda” çıxış edir. Səhnədəki dilsiz müşahidələr evə, mənzildəki deyinmələr teatra daşınır. Söz-söhbətlər tezliklə dörd divarlar arasından dörd bir tərəfə yayılır. Yerli-yersiz ittihamlar, danlaq-qınaqlar xoş arzu-muraz üstündə qurulmuş bu gözəl, bu tamaşa ailənin “pərdə”sini endirir. Gənc istedadlar ailəsi boşanır. Ələsgər yaxın ətrafının qınağı ilə rastlaşsa da, heç kimə məhəl qoymadan univermaqda işləyən bir rus qızı ilə ailə qurur və elə həmin il Bakıya qayıdıb, Akademik Dram Teatrında çalışmağa başlayır.

   “Qəribə adam”lıq damarı ədəbiyyatın əzəli-əbədi mövzusudur. Sənətkar qəribəliyi isə, hələm-hələm ələ düşməz. Yuxarıda “qərib” teatrdakı qəribəliklərinin birindən söz açdığım bu böyük sənətkarımızın daha bir özünəməxsusluq “etiket”indən sonda bəhs edəcəyəm. Amma bəri başdan bunu da deyim ki, Ələsgər Ələkbərovun hardasa bir az qurnazlıq təsiri bağışlayan, ətrafa bir qədər çöçün görünən keyfiyyətlərində də bir istedad, təkrarsızlıq, hüsn-rəğbətoyadıcılıq vardı...

  

   Onun obrazlarındakı hədsiz obrazlılıq

  

   Hədsiz, intəhasız, füsunkar obrazlılıq! Onun radi-obrazlarından bir misal. Amma misal bizdən, onun mələk sədalarına timsal səs tonunu qulaqlarınızın çəkic-zindan kamertonuyla əks-sədalamaq sizdən. Hə, həmin situasiyaya hazırlaşın. Deməli, qadın (Sona Hacıyeva) yuxuda mərhum ananı görür və bunu ilahi bir lirika və emosionallıqla Alxana (Ələsgər Ələkbərova) danışır. Deyir, anan bunu dedi, onu söylədi, elə səsləndi, belə gülümsədi və sair. Ardınca ürəkyandırıcı, qulaqbatırıcı bir sükut və handan-hana bu korifey sənətkarın yar-yanğı dolu xitabı: “Bəs... o... sənə demədi ki... Alxandan incimişəm?..(İlyas Əfəndiyev - “Bahar suları”).

   Səməd Vurğunun “Vaqif”indəki Vaqifini xatırlayaq. Dünən ona bivəfalıq edib üz göndərmiş, bugünsə şairə yovumaq istəyən Xuramanın “Vaqif, ey sərvərim, ey tacidarım!..” nidasına onun qaytardığı suallı nidadakı rişxənd, eyham, atmaca rənglərindən yaratdığı səs “portret”inin fərqindəsizmi? İndi oxuyacağınız misradakı sözlərin hər birini ayrıca nifrət, nifrin, rədd çalarları ilə tələffüz edin, “vəfalı” kəlməsindəki “a” isə o qədər yanıqlı səsləndirin ki, bütün vəfasızlıqların dədəsi yansın. Bu hərfi o qədər uzadın ki, gedib o şairi incidənlərin gorlarına çatsın...

   İndi qeyd edəcəyim epizodu “gözünüzün qabağından kino lenti kimi keçirmək” trafaretinə ehtiyac yoxdur. Çünki bu elə kinofilmə dair fraqmentdir: “Uzaq sahillərdə”dəndir. O (Luici), yatıb-dincəlməkdə olan partizanlar arasında şübhələndiyi casusu - “alnında çapıq” adamı axtarır. Ədyallarını qaldırıb baxdığı partizanlardan biri hövlnak oyanıb, “buyurun, yoldaş komandir!” deyərkən, bu qüdrətli sənətkar-mayor ona necə müqəddəs bir səs və nəvazişlə “yat, oğlum, yat...” söyləyir! O səs və nəvazişdəki mehribanlıq, duyğusallıq bolluğu nəinki o naməlum partizana, hətta o vaxtdan bu vaxta bu filmə baxan bütün tamaşaçılara yetərlidir!

   Əvvəldə toxunduğum bir epizoda yenidən qayıtmaq həvəsindəyəm. “Böyük dayaq” filmindəki “Mənim ailəm...” kadrlarına. Belə bir əlavə ilə ki, ssenaridəki mətn, remarka və digər rejissor traktovkası öz yerində, məncə, Ələsgər Ələkbərov həmin epizodda bədii əsərdən çox, vaxtilə özünə dəhşətli dərəcədə əsər etmiş sənədli tale dramını, şəxsi həyatını oynayıb...

   Nəhayət, yazının ortalarında verdiyim vəd:

  

   “Verdiyim vədəni...

  

   ...dediyim sözü” yadıma salıram - bəyənən də olacaq, bəyənməyən də.

   1959-cu il. Moskvada Azərbaycan mədəniyyəti və ədəbiyyatı ongünlüyü keçirilir. Məşhur Vaxtanqov teatrının sehrli səhnəsi, anşlaq salonu. Ələsgər Ələkbərov səviyyəcə “şeytana papış tikən” paytaxt tamaşaçılarını öz təkrarsız Otellosu ilə mat qoyub. Lakin... Rəşid Behbudov, Qəmər Almaszadə, Leyla Vəkilova (haqlı olaraq) SSRİ Xalq artisti adı alır, Ə.Ələsgərov isə (haqsız olaraq) bu adla təltif edilmir. O, çox gözləyir. Ad isə başqa bir sənət nəhənginə - teatrın direktoru Adil İsgəndərova verilir. Bakıya qayıdan kimi o, işdən çıxmaq haqda Mədəniyyət Nazirliyinə ərizə verir. Nazirin etirazına baxmayaraq, o, işdən uzaqlaşır və ilin axırında - Adil İsgəndərov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra geri qayıdır. 1961-ci ildə SSRİ Xalq artisti adına layiq görülür, iki il sonra isə sənətsevərlərin əbədi rəhmət oxuyacağı əbədi dünyaya - əbədiyyətə qovuşur.

   Sonda daha bir kino-məqam. 1961-ci ildə lentə alınmış “Leyli və Məcnun” filmindən. Məcnunun atası rolunda çıxış edən Ələsgər Ələkbərovun müqəddəs ziyarətgahda Qeysə məcnunluqdan xilası üçün əsrarəngiz səs və jestlərlə xitabı: “Dua et, oğlum, dua et...”

   Bu sonluq xoş bir naxış kimi alındı: böyük sənətkarların ruhlarına dua edək, oxucum, dua edək...

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 30 mart.- S. 11.