Susmuş
pianoya elegiya
Kabus
illərin salnaməsi
Stalin
repressiyasının məşum illərində Azərbaycanın
minlərlə ziyalısı həbs edilərək güllələnib,
minlərlə insan əzablı, məhrumiyyətlərlə
dolu sürgün həyatı sürüb. On minlərlə adam «xalq düşməni» damğası
vurulmuş yaxınlarının həsrət və kədər
dolu taleyinə yanmaqla yaşayıb. Özü də tənələrə,
məzəmmətlərə, ədalətsiz münasibətlərə
dözə-dözə.
Millətin
düşünən beyinlərini sıradan çıxarmaq,
onun alimlərini, şairlərini,
yazıçılarını, müəllimlərini, mədəniyyət
və incəsənət xadimlərini məhv etmək siyasəti
qadın ziyalıları da hədəf seçmişdi.
O qurbanlar arasında gözəl xanım, istedadlı
musiqiçi Xədicə Qayıbova da vardı.
Günahkar olmaq asan imiş
Azərbaycanın ilk
peşəkar qadın pianoçusu, muğamlarımızın
fortepianoda ilk mahir ifaçısı kimi tanınan Xədicə
xanım Qayıbova haqqında çox yazılıb. Onun faciəli taleyi haqqında akademik Ziya Bünyadov,
professorlar Rafael Hüseynov, Fərəh Əliyeva
araşdırma və məqalələrində geniş bəhs
ediblər. Vətənə, millətə bağlı
olan bu xanımı musiqidən, sənətdən
uzaqlaşdırıb əzablara məhkum edən siyasətin,
onun haqqında açılan cinayət işi,
qaldırılan ittihamlarla tanış
olduqca, sadəcə, dəhşətə gəlirsən.
Görkəmli akademik Ziya
Bünyadovun məşhur “Qırmızı terror” kitabında
repressiya qurbanı olmuş bir çox ziyalılarla
yanaşı, onun da cinayət işinin mətni var. Saxta
ittihamlar, cəfəng iddialar və yalan şahid ifadələri
ilə dolu olan cinayət işinin, uzun, sıxıcı
dindirilmələrinin bəzi məqamlarını bu yazıda
təqdim edirik. Tarixin küllüyünə
atılmış imperiyanın qorxunc simasını görmək,
insanlara tutduğu divan siyasətini bir daha dərk etmək
üçün.
Erməni
fitnəkarlığı və yalan ittihamlar
Bu ittihamlara, yalan,
böhtan xarakterli ifadələrə çoxdan öyrəşmişdi
Xədicə xanım. Amma bütün
bunlara məhəl qoymayaraq incəsənətə xidmət
etməkdə, yeni musiqiçilər nəslinin yetişməsinə
töhfələrini verməkdə idi. Amma
artıq onun taleyi həll olunmuş, haqqında ağla gələn
və gəlməyən ittihamlardan ibarət ittiham aktı da
hazırlanmışdı. 1938-ci il
martın 16-da Azərbaycan Daxili İşlər Xalq
Komissarlığının Dövlət Təhlükəsizlik
İdarəsi birinci bölmənin üçüncü
şöbə rəisinin müavini, leytenant Tvosyan uydurmalarla
dolu arayış hazırlamışdı. Sənəddə
Qayıbovanın “Müsavat” firqəsinin fəallarından
birini evində gizlətdiyi və onun sonradan qaçaraq
ölkəni tərk etməsinə şərait
yaratdığı, Türkiyə kəşfiyyatı ilə
yaxından əlaqədə olduğu, millətçi təşkilatın
üzvləri ilə mütəmadi
görüşdüyü bildirilirdi.
Həmin
arayışa əsasən, Qayıbovanın casusluqda kifayət
qədər «ifşa» olunduğunu nəzərə alaraq
haqqında cinayət işinin açılması və həbs
olunması barədə qərar çıxarılır.
Beləcə, bir
insanımızın, bir ziyalımızın da taleyinə
qara ləkə salınır. Azərbaycan
türklərinə nifrət ruhunda tərbiyə olunan və
bunu hər hərəkətlərində isbat edən erməni
leytenant Xədicə xanımın dindirilməsini də
can-başla icra edir.
Bu minvalla o, doqquz dəfə
dindirilməyə cəlb edilir və hər dəfə
bütün ittihamlardan imtina etsə də, yalan, böhtan
olduğunu israrla desə də, qərəzli proses öz
işini görür.
23311
nömrəli iş
1938-ci ilin 12 aprel tarixində
keçirilən yeddinci dindirmədə müstəntiq Xədicə
xanımın birinci əri Rəşid Qayıbovun «praktiki əksinqilabçı
fəaliyyəti» ilə maraqlanır, aprelin 23-nə təyin
olunan növbəti dindirmədə qardaş və
bacıları haqqında danışıqlar gedir.
Bütün cəhdlərə baxmayaraq, xanım
Qayıbovanın «günahını» sübuta yetirmək istəyən
proses icraçıları və müstəntiq aprelin 28-də
sonuncu dindirmədə günahsız qurbana onu gözləyən
aqibətin sorağını verir. O ya «günahını» etiraf
etməli, ya da...
1938-ci il
mayın 7-də Xədicə Qayıbovanın işi üzrə
istintaqın başa çatması haqda protokol tərtib
olunur. Ertəsi gün həmin müstəntiq
Tvosyan istintaq işi üzrə ittihamnamə tərtib edir və
X.Qayıbova Azərbaycan SSR CM-in bir çox ziyalılarımızın
taleyində iz buraxan 68-ci maddəsi ilə müqəssir hesab
edilir.
Artıq
sükut etməli...
Altı aydan sonra, 1938-ci il 19 oktyabr tarixində Azərbaycan SSR
XDİK-in xüsusi üçlüyü belə bir qərar
çıxarır: Qayıbova Xədicə Osman qızı -
Türkiyə konsulxanası ilə əlaqəsinə və
casusluq fəaliyyətinə görə güllələnsin,
şəxsi əmlakı müsadirə edilsin...
İttiham mətni və
çıxarılan hökmü sükutla qarşılayan
musiqiçi qəlbinin dərinliklərində gizlədiyi,
eyni taleni yaşadığı həbsxana yoldaşları ilə
belə bölüşmədiyi son musiqi parçasını
elə ürəyindəcə zümzümə edir, əllərinin
qandallı olmasına məhəl qoymayaraq sanki pianonun
şirmayı dillərinə toxunurmuş kimi
barmaqlarını hərəkətə gətirir. Özünü böyük konsert salonunun səhnəsində
qoyulan royalda ifa edərkən təsəvvür edir ... və
artıq qərar icra olunub, hər şey bitib, ətrafı
barıt qoxusu bürüyüb.
Amma
arzular dağlar qədər əzəmətli idi
Xədicə Osman qızı
Qayıbova 1893-cü il mayın 24-də
Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində
dünyaya gəlib. Ana tərəfdən
Terequlovlar nəslindən olan Xədicənin atası mütərəqqi
düşüncəli insan idi. O, qızına mükəmməl
təhsil vermək, övladının arzusuna uyğun olaraq
peşəkar musiqiçi görmək istəyirdi. Ona görə də ailənin maddi vəziyyətinin
imkan verdiyi dərəcədə bu arzusunu
reallaşdırır. Qafqaz canişinliyinə
yazılmış ərizəyə əsasən Xədicə
xanım Tiflisdə «Müqəddəs Nina» qızlar məktəbinə
daxil olur. Uşaq yaşlarından
xüsusi istedadı ilə fərqlənən Xədicə
ilk musiqi təhsilini də burada alır, ibtidai musiqi nəzəriyyəsini,
fortepianoda çalmağı öyrənir. L.N.Knini və Truskovskidən musiqinin sirlərini
öyrənir. 1911-ci ildə təhsilini
başa vuran gənc xanım Qafqaz müftisi Mirzə Hüseyn
Əfəndi Qayıbzadənin oğlu, mühəndis Nadir
Qayıbovla ailə həyatı qurur. Ailəsi
ilə birlikdə bir müddət Tİflisdə yaşayan Xədicə
burada tatar (Azərbaycan) məktəbində dərs deyir,
ictimai-mədəni tədbirlərdə fəal iştirak
edir.
1919-cu ildə
Qayıbovlar Bakıya köçür. Təbii
ki, bu ona musiqiçi kimi fəaliyyətini genişləndirməsinə
təkan verir. O, artıq konsertlərdə
çıxış etməyə başlayır. Fortepianoda xalq mahnıları və
muğamlarımız əsasında gözəl, maraqlı
improvizasiyalarla çıxış edən Xədicə
xanım qısa vaxtda Bakının musiqi mühitində
tanınmağa başlayır. Sovet
dövründə X.Qayıbova musiqi mədəniyyətində
daha çox fəallıq göstərir, pedaqoji sahədə
bir sıra proyektlərlə çıxış edir. Onun maarifçilik istiqamətindəki bu fəaliyyəti
nəzərə alınır və Xalq Maarif
Komissarlığında Şərq musiqi şöbəsinin
müdiri təyin olunur. Musiqiçinin təşəbbüsü
ilə «Qısamüddətli Şərq musiqi kursları» təşkil
edilir, uşaq xoru yaradılır. «Şərq musiqi
kursları» ləğv edildikdən sonra X.Qayıbova 1927-ci ildə
ali musiqi təhsili almaq üçün Azərbaycan
Dövlət Konservatoriyasında professor L.Abdan nəzəriyyə
və bəstəkarlıqdan dərs alır. Muğam
variasiyalarını ilk dəfə fortepianoda ifa edən
musiqiçi, eyni zamanda dövrünün ictimai xadimi və
görkəmli ziyalısı kimi də fəaliyyət
göstərir. 1933-cü ildə sovet
hüquq-mühafizə orqanları tərəfindən
şübhəli şəxs kimi casusluqda ittiham olunaraq 3 ay
müddətinə həbs olunur. Onu əksinqilabi
fəaliyyətdə və türkçülük
ideyalarının yayılmasında günahlandırsalar da,
heç bir sübut, dəlil olmadığına görə
həbsdən azad edilir.
1934-cü ildən
istedadlı musiqiçinin professional fəaliyyəti Azərbaycan
Dövlət Konservatoriyası nəzdində Elmi Tədqiqat
Musiqi kabineti ilə bağlı olub.
Günahsız
günahkar
Bakı Musiqi
Akademiyasının musiqi tarixi kafedrasının professoru, sənətşünas
Fərəh Əliyeva «XX əsr Azərbaycan musiqi tarixi -
totalitar zaman kəsiyində» adlı məqaləsində XX əsrdə
repressiyaya məruz qalan incəsənət, musiqi xadimlərindən
söz açarkən Xədicə xanımın da taleyinə
işıq salır. Müəllif
X.Qayıbova ilə bağlı araşdırmasında onun
xalq dastanları, mahnı və muğamların toplanması
ilə məşğul olmaqla yanaşı, ictimai fəaliyyətindən
də söz açır. Onu enerjili, nikbin, təşəbbüskar
bir qadın kimi xarakterizə edərək elə bu cəhətinin
də onun sonrakı taleyinə təsirsiz ötüşmədiyini
yazır: «Onun evində mütəmadi olaraq musiqi məclisləri
keçirilir. Musiqi salonunun sahibi kimi o,
ziyalıları - musiqiçiləri, şair və
yazıçıları, elm xadimləri, aktyorları
toplayırdı. Bu salonun qonaqları
arasında dövlət xadimləri, Bakıya qastrola gələn
ifaçılar, müxtəlif tədbirlərdə
iştirak edən xarici qonaqlar, xüsusilə də Türkiyədən
alimlər, şairlər var idi. Bu axşamlara
Ü.Hacıbəyli, R.Qliyer, L.Rudolf, L.Ab, M.Pressman, H.Sarabski,
Bülbül, V.Qorovits, N.Milşteyn, F.Köprülüzadə,
İ.Hikmət və başqaları təşrif buyururdular.
1937-ci ildə X.Qayıbova yenidən “xalq
düşməni” kimi tutulur. Bu dəfə
əri - Rəşid Qayıbov da həbs edilmişdi. Xədicə xanımı Türkiyə lehinə
casusluqda, müsavatçılara rəğbət bəslədiyinə
görə ittiham edirlər. Onun həbsinə rəvac
verən bəhanə XDİK-də saxlanılan, döyülərək
yüzlərlə insanın cinayətkar kimi adına
imza atmağa vadar edilən Ə.Fərəczadənin ifadələri
oldu. Buradan isə qəribə «zəncir»
başlanır; Ə.Fərəczadə Xədicə
Qayıbovanın adını artıq həbs edilmiş
Dadaş Bünyadzadədən eşitdiyini söyləyir,
Dadaş Bünyadzadə isə heç bir dindirilmədə
musiqiçinin adını çəkməmişdi. Lakin 1937-ci ildə «satqın və casus ovunda»
X.Qayıbova ideal hədəf idi. Xarakteri
etibarilə aktiv, ünsiyyətsevər bir insan olduğundan
X.Qayıbovanın evində Cümhuriyyət dövründə
də, sovet illərində də türk zabitləri, xarici
qonaqlar çox olurdu. 1937-ci ildə musiqi
axşamları siyasi kontekstdə yad edilməyə
başlandı və sonda sənət, musiqi ilə
döyünən daha bir ürək susduruldu».
Gecikmiş bəraət
Maraqlıdır ki, Xədicə
xanımın güllələnməsi barədə ailəsinə
belə xəbər verilməyib. Onun
qızı Alanqulu Sultanova 1954-cü ildə Azərbaycan SSR
Daxili İşlər Nazirliyinə yazdığı ərizəsində
«məktublaşmadan məhrum edilməklə 10 il həbs (!)
cəzasına məhkum edilən”
anasının taleyi haqqında məlumat verilməsini
xahiş edir. Məktuba əsasən tozlu arxivlərdəki
minlərlə sənədlər arasından yenidən
X.Qayıbovanın adı çəkilir. Amma
bu dəfə bəraət alması üçün. DTK-nın xüsusi şöbəsinin baş
müstəntiqi Xədicə xanımın qızının ərizəsinə
əsasən qərar çıxarır. Beləcə,
1956-cı il fevralın 29-da Alanqulu
anasının işinin xətmi və bəraəti
haqqında arayış alır. İllərlə “xalq
düşməni”nin qızı kimi tənələrə,
təqiblərə, təhqirlərə məruz qalan Alanqulu
anası ilə bağlı verilən qərarın olduğu
kağız parçasını ömrünün sonunadək
qoruyub saxlayır...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2012.- 30 mart.-
S. 10.