“Mənim
Azərbaycanım”
Fotomüsabiqəyə yekun vuruldu
Martın 28-də Muzey Mərkəzində GoMap.az internet
portalı tərəfindən keçirilmiş “Mənim Azərbaycanım”
fotomüsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi
oldu. Mədəniyyət və Turizm Nazirliyinin dəstək
verdiyi müsabiqə facebook.com sosial şəbəkəsində
keçirilib.
Müsabiqəyə 87
iştirakçı tərəfindən 255 fotoşəkil təqdim
olunub. Fotoşəkillərə 34672 rəy yazılıb və
şəkillər ətrafında maraqlı müzakirələr
aparılıb. Müsabiqə nəticəsində 532 min 611 nəfər
şəbəkə istifadəçisi fotomüsabiqənin səhifəsini
ziyarət edib.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev GoMap.az layihəsinin əhəmiyyətindən
və özəlliklərindən danışdı. Qeyd olundu
ki, onlayn naviqator sistemi geniş texniki imkanları ilə
yanaşı, eyni zamanda Azərbaycanın
tanıdılması, tarixi-mədəni irsimizin təqdim
olunmasında mühüm mənbədir.
Nazir naviqasiya portalı tərəfindən
Azərbaycanı beynəlxalq aləmdə
tanıdılmasına xidmət edən müsabiqənin təşkilini
də yüksək qiymətləndirdi: “Müsabiqədə
fotoya marağı olan hər kəs iştirak edə bilərdi.
Səsverməyə əsasən qaliblər müəyyən
olunurdu. Sevindirici haldır ki, müsabiqəyə Azərbaycanda
və ölkəmizdən kənarda böyük maraq olub.
Müsabiqədə yarım milyondan çox adam iştirak
edib. Minlərlə adam fotoların müzakirəsində
iştirak edərək fikirlərini bildirib. İstifadəçilərin
sayı günbəgün çoxalır və GoMap.az populyar
naviqasiya sisteminə çevrilir. Yeni mədəniyyət
ocaqlarının, tədbirlərin, hadisələrin təşkili
ilə bağlı məlumatlar da sayta daxil edilir. Artıq
“Eurovision” mahnı müsabiqəsinin bütün qonaqları
sistemə qoşularaq istiqamətlər, tarixi abidələr və
görməli yerlər haqqında rahat məlumat əldə
edə bilərlər” .
Mərasimdə
çıxış edən “Sinam” şirkətinin prezidenti
Elçin Əliyev GoMap.az sistemindəki yeniliklər haqqında
məlumat verdi. “Eurovision” mahnı müsabiqəsi ilə
bağlı saytın ziyarətçilərinin sayının
artdığını bildirdi. Sistemin genişləndirilməsi
haqqında məlumat verən E.Əliyev Gürcüstanın
xəritəsinin də sistemə əlavə olunduğunu,
lakin bu layihə üzərində hələlik
hazırlıq işlərinin getdiyini dedi.
Sonra müsabiqə qalibləri
elan olundu. Bildirildi ki,
birinci yeri “Şəki şəhəri,
Baş Küngüt kəndi” fotoşəkilinin
müəllifi Nahid Əliyev qazanıb. Bu fotoya 8019 səs
verilib. “Şəmkir rayonundan Muxtariyyə kəndinə
gedən yol. Arxeoloji qazıntılar” fotosu ilə Sübhan Cəbrayıllı ikinci
(5005 səs), “Yardımlı
rayonu” fotoşəkilinin
(3629 səs) müəllifi
Kamil Mirzəyev isə üçüncü
yeri tutub.
Nazir Ə.Qarayev “Mənim
Azərbaycanım” fotomüsabiqəsinin
qaliblərinə mükafatlar
təqdim etdi.
Həmçinin Təşkilat Komitəsi
“Müsabiqənin ən
aktiv iştirakçısı”
nominasıyasında Sənubər
Nəsibovanı və
“Təşkilatçı rəğbətini
qazanmış foto” nominasiyasında Fərqanə
Qasımlını da
mükafatlandırdı.
Reyhan
Mədəniyyət.-
2012.-30 mart.- S. 8.