Hərəkətlərin
dilə gətirildiyi teatr
və
ya ”Dəli yığıncağı»nın pantomima ənənələri
Sənət
daim yeniliyə meyilliliklə, eksperimentlərlə
yaşayır və inkişaf edir. Bu mənada Azərbaycan
teatrları arasında Dövlət Pantomima Teatrının
öz yeri, dəst-xətti var. Dünyanın bütün
pantomima teatrlarında olduğu kimi, bu sənət
ocağının da əsas üstünlüklərindən
biri onun beynəlxalq sənət dilinə (hərəkət və
mimikalar) malik olmasıdır. Azərbaycan üçün
yeni olan bu maraqlı teatrın əsasını Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
Səhnə hərəkəti və xoreoqrafiya
kafedrasının dosenti, Əməkdar incəsənət
xadimi Bəxtiyar Xanızadə qoyub.
1994-cü ildə “Dəli
yığıncağı” pantomima teatr-studiyası kimi
yaradılan və Dövlət Gənc Tamaşaçılar
Teatrının nəzdində fəaliyyət göstərən
teatra 2000-ci ildə dövlət statusu verilib. Sənət
ocağı Azərbaycan tamaşaçısına pantomima
janrını tanıtmaq və sevdirmək kimi məsuliyyətli
bir işi öz üzərinə götürüb.
Tamaşaçı rəğbəti və rəylərinə
əsaslansaq, teatrın fəaliyyət göstərdiyi
müddətdə buna nail olduğunu söyləyə bilərik.
Elə teatrın aktyoru və
direktoru Elman Rəfiyevlə söhbətimiz də bu barədə
oldu. Yeni yaradıcılıq axtarışları və
dünya teatrına inteqrasiya sayəsində bu gün milli
teatrımızın mühüm inkişaf mərhələsinə
qədəm qoyduğunu deyən həmsöhbətim Pantomima
Teatrının da bu prosesdən geri qalmamağa
çalışdığını bildirdi:
- Yarandığı gündən
qarşısına qoyduğu məqsəd və mərama xidmət
edən teatrımızda yeni tamaşalar hazırlanır,
istedadlı gənclərə özlərini realizə
imkanları verilir. Biz teatrımızın
yaradıcısı Bəxtiyar Xanızadənin istedadlı gənclər
üçün açdığı yolu davam etdiririk. O,
daim deyir ki, hər bir teatr aktyoru həm aktyor, həm rejissor, həm
də gözəl pantomima əsəri yaradıcısı
olmalıdır. Elə bu etimaddan sonra bizim aktyorlarımız
özləri pantomima əsərlər yazıb tamaşaya
qoydular. Həmin tamaşalar bu gün də repertuardadır.
- Hər aktyor özünün
rejissoru ola bilər?
- Özündə istedad və
inkişafı müşahidə edən aktyor bunu
bacarmalıdır. Məsələn, bizdə hər hansı
bir aktyor yaxınlaşıb tamaşa qoymaq istədiyini dedikdə,
ona özünü realizə etmək imkanı verilir və o
nəyə qadir olduğunu göstərə bilir. Bildiyimiz
kimi, bizdə pantomima teatrı üçün əsər
yazan dramaturq yoxdur. Ona görə də əksər
tamaşaların müəllifi Bəxtiyar Xanızadə
özüdür. Sevinirəm ki, son illər bu prosesə bizim
gənc aktyorlar da qoşulub. Onların müəllifliyi və
rejissorluğu ilə hazırlanan tamaşalar rəğbətlə
qarşılanır.
- Pantomima teatrı
üçün əsər yazan dramaturqların
olmadığını dediniz. Bu gün ümumilikdə Azərbaycan
dramaturgiyasında durğunluğun
yaşandığını düşünənlər var...
- Durğunluq deyəndə ki, sadəcə
bizim teatra əsər yazan dramaturq yoxdur. Ötən illər ərzində
hansısa müəllifin bizə müraciət etdiyini belə
görməmişəm. Ona görə də bizim teatrda
yaradıcı heyət özü müəyyən bir
tamaşanın ideyasını irəli sürür və onun
ətrafında səhnə əsəri meydana gəlir.
- Bir aktyor kimi deyə bilərsinizmi,
günümüzün pantomiması nədir?
- Günün pantomimasını
“susmaq daha yaxşıdır” kimi ifadə edərdim. Mən Azərbaycanda
yaranan ilk pantomima teatrının ilk aktyorlarındanam. Teatra
direktor təyin olunmaqla yanaşı, həm də aktyor kimi fəaliyyətimi
davam etdirirəm. Bundan başqa, səhnəyə qoyulan
tamaşaların əksəriyyətinin musiqi tərtibatını
da özüm edirəm. Hər yerdə fəxrlə deyirəm
ki, mən bu teatrın aktyoruyam. Ona görə də
düşünürəm ki, hər birimiz teatra xidmət etməli
və sakitcə öz işimizlə məşğul
olmalıyıq.
- Sizin teatrın
yaradıcılıq və idarəetmə nöqteyi-nəzərindən
digər teatrlardan fərqi nədədir?
- Hər teatrın
özünün spesifik xüsusiyyətləri, öz yolu var.
Bizim teatrın elə ilk fərqi də onun adında,
ideyasındadır. Tamaşalarımızın əksəriyyəti
hərəkət üzərində qurulub. Bu tip
tamaşaları oynamaq digərlərindən, sözlü
tamaşalardan çox-çox çətindir. Bir var söz əzbərləyib,
o ifadələrin imkanlarından istifadə edib
tamaşaçıya təsir edirsən, bir də var ki, 45-50
dəqiqəlik hərəkəti əzbərləyir və
tamaşaçıya şərh edirsən. Bu, çox
çətindir. İdarəetməyə gəlincə, bizdə
hər şey səhnədə başlayıb
tamaşaçı alqışında bitir. Təki işimiz
gözlədiyimiz effekti versin.
- Sözlü tamaşaları
iki-üç aya da hazırlamaq olar. Amma bu proses olaraq pantomimada daha uzun
olur. İl ərzində neçə tamaşa
təhvil verirsiniz?
- Əsər
olmadığı halda pantomima hərəkətli
tamaşanı hazırlamaq üçün aylarla vaxt
lazım olur. Ona görə də il ərzində
2-3 tamaşa hazırlaya bilirik. Bu yaxınlarda
«Xocalı» tamaşasını təhvil verdik. Onu da deyim ki, o səhnə əsəri ilə Berlin
və Paris şəhərlərində Xocalı
soyqırımının 20 illiyi ilə bağlı təşkil
olunan tədbirlərdə çıxış etdik. Tamaşanın yazarı Bəxtiyar Xanızadə,
rejissoru teatrımızın gənc aktyoru Bəhruz Əhmədli,
musiqi tərtibatçısı isə mənəm.
- Bu gün ölkə
teatrlarının bir qismi xaricdən rejissorlar dəvət etməyə,
onların quruluşunda tamaşalar qoymağa
çalışırlar. Siz bu barədə nə
düşünürsünüz?
- Hazırda bizdə elə bir təşəbbüs
yoxdur. Amma bunu müsbət
qarşılayıram və düşünürəm ki, digər
təşəbbüslər kimi bu addım da Azərbaycan
teatrının inkişafına xidmət edir.
- Ümumiyyətlə, necə
fikirləşirsiniz, bu gün teatrlarımızda rejissor
problemi var?
- Xeyir, belə bir problem yoxdur. Sadəcə, bu, yaxşı bir eksperimentdir və
bunu alqışlayıram. Çünki
getdiyimiz xarici ölkələrdə də
görmüşük ki, başqa ölkələrdən
rejissorlar dəvət olunur və onların təcrübəsi,
düşüncə tərzi, gətirə biləcəyi
yeniliklər və onun nəticələri sınaqdan
keçirilir. Eyni zamanda istərdim ki, xaricdən aktyorlar
da dəvət olunsun və müştərək bir iş əmələ
gəlsin.
- Pantomima teatrında əsasən
hərəkətli tamaşalar oynanılır...
- Niyə ki, bizim teatrda
sözlü tamaşalar da var. Əsasən uşaq
tamaşaları olan bu nümunələrdə sözdən az istifadə olunur, daha doğrusu, söz və
hərəkət bərabər təqdim olunur. Bunun
da üstünlüyü bizim dilimizi bilməyən əcnəbilərin
hərəkətlər vasitəsilə tamaşanı, əsəri
tam duymasındadır. Çünki həmin
o sözlü tamaşalarda hərəkət toplusu çox zəngindir.
Məsələn, uşaqlar üçün
hazırladığımız «Tıq-tıq xanım» və
«Məlikməmməd» tamaşaları bu qəbildəndir.
Bununla biz özümüzü sözlü
tamaşada da sınadıq və sevinirəm ki, uğurlu
alındı.
- Günümüzün
reallıqlarının, vizual effektlərinin fonunda
tamaşaçını təsirləndirmək, tamaşa
boyu heyrətdə saxlamaq mümkündürmü?
- Mümkündür. Mən bizim teatrda bunun dəfələrlə
şahidi olmuşam. Təəccüblənməyə
gəlincə, jest, mimika, hərəkətlə sözü
kölgədə qoya bilmək təəccüblü deyil?
Zaur Zeynalovun dünyanın bir çox ölkəsində
oynadığımız «Maska» əsəri (tamaşanı Bəxtiyar
Xanızadə hazırlayıb) bu mənada ən uğurlu
işlərimizdəndir. O tamaşa hansı ölkədə
göstərilibsə, tamaşaçıları göz
yaşına qərq edib.
- Əksər
teatrlardan fərqli olaraq, sizin teatrda tamaşaçı ilə
aktyor arasındakı məsafə çox yaxındır.
Tamaşaçı ilə aktyorun bu yaxın
ünsiyyətinin üstünlüyü nədədir?
- Tamaşaçılarımız
bu cəhəti çox sevirlər və soruşduqda
maraqlı izah da verirlər. Ümumilikdə qənaət belədir:
mən aktyora yaxın olduqda onun bütün
ağrılarını, əzablarını, mənə
çatdırmaq istədiyi hiss və həyəcanlarını
duyuram. Əgər aktyor səhnədə
qaçırsa və onun küləyi mənə dəyirsə,
özümü onun yerində hiss edirəm.
Bu mənada
düşünürəm ki, yaxın məsafədən
enerji daha tez təsir edir və tamaşaçı səhnədə
təlqin olunanları birbaşa, özünü orada olan
varlığın yerinə hiss etməklə qavrayır,
özününküləşdirir, anlayır. Bilirsiniz, bu yaxınlaşma zamanı
tamaşaçı aktyorun mimikasında, jestində yalan
görmür. Əgər yalan görsə,
onda yaxşı “aldanmayacaq”, tamaşadan təsirlənməyəcək.
Əslində hər bir tamaşaçı
bilir ki, teatra gəlib və səhnədə göstərilən
də reallıq yox, bir tamaşadır. Biz
tamaşaçıları vizual surətdə
aldadırıq. Ona görə də
yaxşı yalançı olub onları yaxşı aldada,
inanaraq aldada bilməliyik. Bu isə
çox çətindir. Tamaşaçı
yaxın məsafədən baxdıqda aktyorun məsuliyyəti
birə-beş artır. O, bütün
professionallığını üzə çıxararaq
tamaşaçısını inandırmağa
çalışır. Sevinirəm ki, biz
pantomima teatrında bu istəyimizə nail oluruq. Çünki biz
tamaşaçılarımızı çox sevirik və
onların bizə olan sevgisinə qarşı eyni reaksiyanı
veririk. Təbii ki, öz işimizlə.
Aktyorun işi elə budur da. Ona görə də hər bir
tamaşaçının, bilet alıb sənin teatr
zalında oturan hər bir insanın qədrini bilmək, hər
bir tamaşaçının ayrılıqda nə dərəcədə
önəmli olduğunu hiss etdirmək lazımdır. Bu zaman tamaşaçı səni sevəcək və
hətta başqalarına da sevdirəcək. Bu minvalla bu
günün bir tamaşaçısı sabah
3, 5, 10, 100 nəfər olacaq.
- Sizin ustalıqla
aldatdığınızı dediyiniz tamaşaçı
auditoriyanız əsasən hansı nəsli əhatə edir?
Yəqin siz də əsas etibarilə teatrınızın
sadiq pərəstişkarlarına güvənirsiniz...
- Təbii ki, hər bir teatrın
özünün tamaşaçı auditoriyası, onu sevən
sadiq tamaşaçıları var. Elə bizim də. Nəsil
bölgüsünə gəlincə, bizdə 3
yaşından 70 yaşınadək izləyicilərimiz var.
Biz çalışırıq ki, hər tamaşamızda istənilən
yaş qrupunun maraqlarına cavab verək.
- Yaradıcılıq xəttinizə
uyğun xarici teatr və incəsənət qrupları ilə
əlaqələriniz hansı səviyyədədir?
- Əlaqələrimiz
çox sıx, belə deyim də, məhsuldardır. Bu günədək 30-dan artıq ölkədə səfərdə
olmuşuq, bir neçə nüfuzlu festivalda uğurla
iştirak etmişik. Və elə buna
görə də qatıldığımız hər
festivalda başqa bir festivala, sənət müsabiqəsinə
dəvətlər alırıq.
- Hazırda 13 nəfərlik aktyor
truppanız var. Teatra yeni aktyorlar, xüsusən də gənclər
gəlirmi?
- Bilirsiniz, teatrımızın
adı, tamaşaları hər kəsə maraqlı
görünə bilər. Amma bu həm də
çox çətin bir işdir. Elə
bizə müraciət edənlərin də əksəriyyəti
bu çətinliyi görür. Bizim teatrda
çalışmaq istəyən aktyor mimika, jest, plastika
başda olmaqla özünü ifadə imkanlarına tam mənada
nail olmalıdır. Bunu isə, təbii
ki, hər kəs qavraya bilmir. Buna görə
də bizim teatra gələn fərdlər arasından 2-3 nəfəri
seçdikdə çox sevinirik.
- Elman Rəfiyev, Pərviz Məmmədrzayev,
Qurban Məsimov. Bu sevimli üçlüyü
tamaşaçılar bir arada görə biləcəklər?
- Əlbəttə,
sevimli üçlük yenə də var, bizim münasibətlərimiz
əvvəlki səviyyədədir, biz yenə də dostuq,
yoldaşıq. Amma yaradıcı insanlarda
belə hal labüddür. Hər kəs sərbəst
yaradıcı fəaliyyətlə məşğul olmaq
hüququna malikdir. Bəxtiyar müəllimin
təbirincə desəm, Pantomima Teatrının qapısı
gələnin də, gedənin də üzünə
açıqdır. Amma mən buradayam,
pantomimadayam və mənim doğma evim, ocağım bu
teatrdır.
Söhbətləşdi:
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 30 mart.- S. 7.