Onun ürəyi musiqi ilə
döyünürdü
Xalq artisti Səfa Qəhrəmanov cəmi 59 il yaşasa
da, şaqraq səsi, təkrarsız ifası, yüksək səhnə
mədəniyyəti ilə xanəndəlik məktəbinin ən
layiqli davamçılarından biri kimi daima xatırlanacaq.
...O, baharda dünyaya gəlmişdi.
Ömrü də bahara bənzəyirdi: rəngli, mənalı,
qısa. Eynən bahar kimi. Çünki Allah ondan heç nəyi
əsirgəməmişdi, üstəlik, ürəkləri
yerindən oynadan qeyri-adi səs vermişdi. Vaxt gələcəkdi
ki, bu səs böyük səhnələrin sərhədlərini
aşıb musiqi xəzinəmizin nadir səslərindən
birinə çevriləcəkdi...
...Səfa Qəhrəmanov 1949-cu il
martın 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində
dünyaya gəlmişdi. Uşaqlıdan musiqiyə olan sonsuz
marağı illər sonra da ötüb-keçməmiş,
tibb texnikumunda təhsil alarkən respublika üzrə
keçirilən musiqi müsabiqələrində, festivallarda
iştirak etmişdir.
...1970-ci ilin payızı...... Bu
payız onun həyatının unudulmaz anlarından biri olur və
onun gələcək sənət yolunu birdəfəlik müəyyənləşdirir.
Yaşıl Teatrda keçirilən “Qızıl payız” muğam
festivalı ona uğur gətirir. Səfa Qəhrəmanov ilk dəfə
böyük sənətkarlar qarşısında sənət
imtahanı verir. Xan Şuşinski, Əhməd Bakıxanov,
Sahib Şükürov, İslam Rzayev, Adil Gəray gənc Səfanın
ifasında “Mənsuriyyə” ritmik muğamına qulaq
asırlar. Gənc istedadın çıxışı
münsiflər heyəti tərəfindən maraqla
qarşılanır və müsabiqə qalibi kimi ilin sonunda
filarmoniyada keçirilən yekun konsertə vəsiqə
alır. O, sevincdən uçurdu və bu uçuş
ömrünün son anlarına kimi onu tərk etmir...
... Canlı olaraq televiziyada
yayımlanan konsert gəncin həyatında dönüş
nöqtəsi olur. Bu çıxışdan sonra Əhməd
Bakıxanov Səfa Qəhrəmanovu öz ansamblına dəvət
edir. Dövrün ən populyar ansamblı olan bu kollektiv
peşəkar musiqiçi tərkibinə, dolğun və səlis
səslənməsinə, ən başlıcası isə ritm
və ahənginə görə bir vəhdət təşkil
edirdi. Əhməd Bakıxanov gənc xanəndənin
oxuduğu “Çahargah” muğamına qulaq asandan sonra -
“Oğul, səndən feldşer olmaz. Allah səni bu sənət
üçün yaradıb, sənin səsin daha çox
operaya uyğundur”, - deyir. Səfa hərbi xidmətdən sonra
1974-cü ildə sənədlərini Asəf Zeynallı
adına Orta İxtisas Musiqi Məktəbinə verir və qəbul
olur. Bu nüfuzlu musiqi məktəbində oxumaq onun
üçün o qədər də çətin olmur.
Çünki o iki il dövrün tanınmış ustad xanəndəsi,
respublikanın Əməkdar artisti Sahib Şükürovdan dərs
alaraq muğamın sirlərinə yiyələnmişdir. O,
musiqi məktəbində Əməkdar müəllim, ustad xanəndə
Nəriman Əliyevin muğam sinfində oxuyur. 1975-ci ildə
ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən
Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri
Ansamblı ilə televiziyada “Mirzə Hüseyn segahı”nı
ifa edir. O dövrdə filarmoniyanın direktoru Şəmsi Bədəlbəyli
gəncin çıxışını bəyənir və
onu filarmoniyanın səhnəsində Xalq artisti Hacı Məmmədovun
ansamblı ilə çıxış etməyə dəvət
edir.
Opera səhnəmizin yeni qəhrəmanı
Vaxt gəlir ki, Əhməd
Bakıxanovun sözləri yerini alır. Səfa Qəhrəmanov
1990-cı ildə Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun mədəni-maarif
fakültəsini bitirir. 1992-ci ildən Dövlət Akademik
Opera və Balet Teatrının muğam bölməsinin solisti
kimi fəaliyyətə başlayır. Həmin il 42
yaşlı Səfa Qəhrəmanov ilk dəfə opera səhnəsində
Qəndab Quliyeva ilə “Leyli və Məcnun” operasında
çıxış edir.
Opera və Balet Teatrındakı on
altı illik fəaliyyəti ərzində bir sıra milli operalarda
- Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun,
İbn Səlam, Məcnunun atası, M.Maqomayevin “Şah
İsmayıl” operasında Şah İsmayıl,
V.Adıgözəlovun “Natəvan” operasında xanəndə,
Niyazinin “Rast” simfonik muğamı əsasında hazırlanan
baletdə xanəndə və neçə-neçə
obrazlar yaradır.
“Sənət
üçün can yandırırdı”
Xalq artisti Canəli Əkbərov Səfa
Qəhrəmanovla bağlı xatirələrini bizimlə
bölüşür:
- Mən Səfanı gənc
yaşlarından tanıyıram. Onun arzusu idi ki,
Opera və Balet Teatrında işləsin. Belə də
oldu. Direktor Akif Məlikov
onu teatra dəvət etdi. Səfa saf, düzgün, nikbin əhvali-ruhiyyəli bir adam idi.
Mənə çox inanırdı.
Opera və Balet Teatrına gələndən
sonra dedi ki, mən istəyirəm
sənin köməkliyinlə
burda çox işlər görüm. Səfanı
“Leyli və Məcnun”da İbn Səlam, Məcnun və Məcnunun atası rollarına hazırladıq. Elə olurdu
ki, Səfa ailəsi ilə bizə gəlirdi, mən tar çalırdım,
birlikdə məşq
edirdik. Əl-ələ verib yaxşı
nəticələr də
əldə etdik.
Səfa üç obrazın üçünü də
özünəməxsusluqla oynadı. Sonra Səfa “Şah
İsmayıl”da Şah
İsmayılı oynadı
və yenə də özünəməxsusluğu
ilə yadda qaldı.
Mədəniyyət və İncəsənət
Universitetində muğam
sənəti kafedrasına
müdir təyin olunandan sonra Səfanın bu kafedraya müəllim kimi işə götürülməsi barədə
fikrimi hörmətli rektor Timuçin Əfəndiyevə bildirdim
və rəhbərlik
onu işə dəvət etdi. Səfa zəhməti sevən, səmimi, iş üçün, sənət üçün
can yandıran adam idi. Onun ürəyi daim musiqi üçün döyünürdü. Bu gün həyatda olmasa da, onun
səsi səs xəzinəmizdə, yaddaşlarda
yaşayır. Allah rəhmət eləsin.
“Səfa mərd adam idi”
Əməkdar
artist Sahibə Abbasova
Səfa Qəhrəmanovu
həm də mərd bir insan
kimi xatırlayır:
- Səfa istedadlı xanəndə olmaqla yanaşı, mərd insan, səmimi dost idi. Biz dəfələrlə Türkiyədə qastrol səfərlərində olmuşuq,
Səfanın gözəl
yol yoldaşlığı
vardı. Oynadığı obrazları da cani-dildən oynayardı.
Məcnunun atası obrazını
elə oynayırdı
ki, tamaşaçılar
o obrazı obraz kimi yox, həqiqətən
də Məcnunun atası kimi qəbul edərdilər.
Onunla Şəfiqə Axundovanın
“Gəlin qayası”nda
tərəf-müqabil olmuşuq.
Şaqraq səsə malik
bir xanəndə idi.
Səfa həm də gözəl dost idi. Əməkdar artist fəxri adı
almağımın təşəbbüskarı
da elə Səfa olub. Mənim 50, sənətə
gəlişimin isə
30 illiyi idi. Bu ərəfədə Səfaya Xalq artisti fəxri adı verdilər. O zaman hörmətli nazirimiz Əbülfəs Qarayevə deyib ki, Sahibə xanımın yaradıcılığının
30 illiyi tamam olur, gözəl səsə malik bir sənətkardır, amma onun fəxri
adı yoxdur. Bu görüşdən sonra mənə fəxri ad verdilər.
Səfa belə mərd adam
idi. Onu heç vaxt
unutmaram. Allah qəni-qəni rəhmət
eləsin.
* * *
2000-ci ildə Əməkdar artist, 2006-cı ildə
Xalq artisti fəxri adlarına layiq görülən Səfa Qəhrəmanov baharda dünyaya gəldiyi kimi, elə baharda da - 2008-ci il
mayın 5-də dünyasını
dəyişdi. Dəyişməyən
isə Səfa Qəhrəmanovun muğam
aləmindəki yeri, səsi və izidir...
Təranə Vahid
Mədəniyyət.-
2012.- 30 mart.- S. 6.