Şərq
musiqisinin peyğəmbəri
Azərbaycan
musiqi folklorunun canlı ensiklopediyası Cabbar
Qaryağdıoğlunun anadan olmasının 151 ili tamam olur.
Ömrünün 70 ilini Azərbaycan vokal sənətinə həsr
edən Cabbar Qaryağdıoğlu fövqəladə
istedadı ilə musiqi tariximizin qızıl
dövrünü yazdı.
...13 yaşında oxumağa
başlayan Cabbar 16 yaşında ifa etdiyi "Şüştər",
"Kürd Şahnaz" muğamları ilə məşhurlaşır
və məşhur tarzən Sadıqcanın təklifi ilə
Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil
edilən xeyriyyə gecəsində çıxış edir.
Oxuduğu "Heyratı"nın əks-sədası tezliklə
Gəncəyə, Şamaxıya, Bakıya yayılır. Onu
Orta Asiyaya, İrana dəvət edirlər.
Cabbar Qaryağdıoğlu həm
də Azərbaycan opera sənətinin ilk
ifaçılarından biri kimi tarixə düşüb.
1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən
Şuşada hazırlanan "Məcnun Leylinin qəbri
üstündə" musiqili səhnəciyində Məcnun
rolunu oynayan Cabbar Qaryağdıoğlu həm də
operamızın ilk aktyoru idi. Sonralar Üzeyir bəy
yazırdı: “Leyli və Məcnun” operasının
yazılışına mən 1907-ci ildə
başlamağıma baxmayaraq, bu operanın yaranması fikri məndə
hələ 1897-1898-ci illərdə 13 yaşında ikən
Şuşa şəhərinin həvəskarlar tərəfindən
tamaşaya qoyulan “Məcnun Leylinin qəbri üstündə”ki
musiqili faciəsini görərkən oyanmışdır”.
1911-ci ildə Cabbar
Qaryağdıoğlu Bakıda "Nikitin
qardaşlarının teatrı"nda "Fərhad və
Şirin" operasının ilk tamaşasında Fərhad
rolunu ifa edir. O dövrün qəzetləri bu barədə
yazırdılar: "Qaryağdı Fərhadın
ariyasını çox gözəl və ruh yüksəkliyi
ilə oxuyurdu".
Seyid Şuşinski Cabbarın
oxuması barədə deyərdi: “Cabbar oxuyanda elə bil
qüvvətli bir dağ çayı daşaraq aləmi selə-suya
bürüyüb qabağına qatırdı”.
* * *
XX yüzilliyin əvvəllərinədək
Azərbaycan xanəndələri farsdilli şeirlərlə
muğam melodiyalarını ifa etmək ənənəsinə
riayət edirdilər. Bu ənənəyə görkəmli
Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son
qoydu. Muğamların Azərbaycan dilində ifası
bütün Güney Qafqazda ənənəyə
çevrildi.
Cabbar Qaryağdıoğlu tarixə
həm də səsi qrammofon valına yazılan ilk azərbaycanlı
xanəndə kimi düşüb. Belə ki, xanəndə
1906-1912-ci illərdə Kiyev, Moskva və Varşava şəhərlərinə
dəvət alıb və orada səsi qrammofon valına
yazılıb.
Azərbaycan Dövlət
Konservatoriyasının ilk təşkilatçılarından
biri kimi də Cabbar Qaryağdıoğlu uzun illər bu mədəniyyət
ocağında klassik musiqidən dərs deyərək gələcək
xanəndələrin yetişməsində fədakarlıq
göstərdi. Azərbaycan Dövlət Filarmoniyasında,
radioda solist kimi uzun illər çalışdı.
* * *
Cabbar Qaryağdıoğlu bir dəfə
İrəvanda toy məclisində oxuyurmuş. Məclisin
qızğın vaxtında qız atası xanəndədən
xahiş edir ki, gəlini tərifləyən bir mahnı
oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca
"İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib
oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni
alqışlayır. Bu, bir faktdır ki, "İrəvanda
xal qalmadı" (illər uzunu el nəğməsi kimi təqdim
edilsə də) mahnısının sözləri də,
musiqisi də Cabbar Qaryağdıoğluna məxsusdur. Onun
30-dan çox mahnısı Üzeyir Hacıbəyli,
Müslüm Maqomayev tərəfindən nota salınıb.
Seyid Şuşinski, Bülbül,
Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan
Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli,
Mütəllim Mütəllimov kimi görkəmli muğam
ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri
olmuşlar.
Bəstəkar Süleyman Ələsgərov
yazırdı: "Dünya vokal məktəbi tarixində
heç bir müğənni 70 il oxumamışdır.
Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyətini də
qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarın
do kökündə oxumuşdur. Bu isə ifaçılıq
aləmində ağlagəlməz cəsarət, məharət
və möcüzə idi".
Təranə
Mədəniyyət.-
2012.- 30 mart.- S. 6.