Tariximizin qan yaddaşı
31
Mart Azərbaycanlıların Soyqırımı
Günüdür
Tarix
boyu xalqımızın başına açılan bir
çox müsibətlərdə erməni məkri olub. Azərbaycanı
ələ keçirmək istəyən
işğalçı qüvvələr də bu
planlarını reallaşdırmaq üçün zaman-zaman
ermənilərdən istifadə ediblər. Hələ 1721-ci
ildə Qafqaza yürüşə çıxan və iki il
sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o
cümlədən Bakını işğal edən I Pyotr
yerli əhalinin sərt müqavimətini görüncə
\"erməni kartını\" işə salmış və
azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə
Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması
barədə göstəriş vermişdi: “Onları (erməniləri)
tovlayıb bizim torpaqlara gətirməyə
çalışmaq lazımdır ki, Rusiyanın
istinadgahı olsun”.
I Pyotrun tarixi vəsiyyəti təkcə
Rusiya imperiyasının deyil, nəticə etibarilə
bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını
təşkil etdi. Həmin vəsiyyətə ilk əməl
edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə
məxsusi hamililiyi barədə fərman verdi, 1802-ci ildə
isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat
göndərdi: \"Ermənilər nəyin bahasına
olursa-olsun, Azərbaycan xanlıqlarının ələ
keçirməsində istifadə olunmalıdır\".
1813-cü ilin Gülüstan və
1828-ci ilin Türkmənçay müqavilələri ilə
Şimali Azərbaycanın Rusiyanın əlinə keçməsindən
sonra ermənilərin torpaqlarımızda məskunlaşdırılması
prosesi sürətləndi. 1828-ci il martın 21-də I
Nikolayın fərmanı ilə İrəvan və
Naxçıvan xanlıqlarının ərazisində
\"Erməni vilayəti\" təşkil edildi.
Türkmənçay müqaviləsinin
15-ci bəndinə əsasən, İrandan 40 min erməni
İrəvan, Qarabağ və Naxçıvana
köçürüldü. Analoji proses Rusiya-Osmanlı
müharibəsinin yekununda (1829) da özünü göstərdi,
Türkiyə ərazisindən təxminən 80 min erməni
tarixi yurdlarımızda, Qərbi Azərbaycanda,
Naxçıvanda məskunlaşdırıldı. Bu proses
minlərlə azərbaycanlının doğma
torpağından qovulması, qətlə yetirilməsi ilə
müşayiət olunurdu.
XIX əsrin sonundan ermənilərin
azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış
və planlı siyasət kimi aparılmağa başladı.
1905-1907-ci illərin Rusiya inqilabı bu erməni terror təşkilatların
fəaliyyəti üçün \"geniş imkanlar\"
açdı. İnqilabi qarışıqlıqdan istifadə
edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında,
İrəvanda, Naxçıvanda, Qarabağda kütləvi
qırğınlar törətdilər .
I Dünya müharibəsi və
onun gedişində Rusiyada baş verən inqilablar (1917) ermənilərin
\"Böyük Ermənistan\" iddiası
üçün yeni şərait yaratdı. 1915-ci ilin əvvəlində
Türkiyənin şimal-şərq bölgələrindəki
erməni əhalisi Osmanlı dövlətinə qarşı
müharibəyə və türklərə qarşı
kütləvi qırğınlara başladı. Bunun
cavabında Osmanlı dövləti erməni əhalisinin həmin
ərazilərdən köçürülməsi barədə
əmr verdi.
* * *
Türkiyə ərazisindən erməni
hərbi dəstələri ilə birlikdə İrəvan
quberniyasına, Qarabağa və Zəngəzura çoxlu
sayda erməni əhalisi də köçüb gəlmişdi.
Rusiya ordusuna arxalanan ermənilər bu bölgələrdə
azərbaycanlılara qarşı qırğınlar törətdilər.
Bunun ardınca, 1917-ci ilin dekabrında Osmanlı dövləti
ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı
arasında bağlanmış Ərzincan
barışığına uyğun olaraq Qafqaz cəbhəsindən
çıxarılan rus ordusunu əvəz edən erməni hərbi
birləşmələri başıpozuqluq şəraitindən
istifadə edərək yerli müsəlman əhalisinə
divan tutmağa başladılar. Nəticədə hələ
1918-ci ilin martına qədər İrəvan quberniyasında
200-dək azərbaycanlı kəndi
dağıdılmış, minlərlə insan qətlə
yetirilmişdi. Bu qırğınlara 1917-ci ilin dekabrında
RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri
üzrə fövqəladə komissar təyin edilmiş Stepan
Şaumyan başçılıq edirdi.
I Dünya müharibəsinin
gedişində baş verən dəyişikliklər də
ermənilərin azğın planlarına uyğun idi.
Brest-Litovsk (mart 1918) sülh müqaviləsinin
bağlanması nəticəsində Rusiya qoşunları
işğal etdikləri Qars, Ərdəhan və Batumu tərk
etməli idi. Bu ərazilər Türkiyəyə qaytarıldı.
İran, Türkiyə cəbhəsindən geri dönən
rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdi.
Şaumyan həmin qüvvələrdən
azərbaycanlılara qarşı istifadə etmək qərarına
gəldi. Həmin dövrdə Bakıda az sayda
könüllü müsəlman əsgərləri var idi.
Daşnak-bolşevik qüvvələrinə kütləvi
qırğınlara başlamaq isə yalnız bəhanə
lazım idi, o da tapıldı. Müsəlman əsgərlərin
Lənkəranda olan könüllülərə silah göndərmək
istəməsi Şaumyana bu bəhanəni verdi. O, Lənkərana
silah göndərilməsinin qarşısını almaq əmri
verdi. Atışmada ölən və yaralananlar oldu.
Şaumyan bu hadisədən istifadə etdi və \"sovet
hökumətinə qarşı çıxan\" azərbaycanlı
əhaliyə qarşı Bakıda görünməmiş
qırğınlar başlandı.
* * *
Martın 30-da səhər tezdən
erməni-bolşevik birləşmələri şəhəri
gəmilərdən yaylım atəşinə tutdular.
Martın 31-i və aprelin 1-də qırğınlar
xüsusilə kütləvi şəkil aldı. Üç
gün ərzində Bakıda 12 mindən çox insan qətlə
yetirildi. Şaumyanın erməni-bolşevik dəstələri
Bakıda yüzlərlə binanı talan etmiş, Təzəpir
məscidini topa tutmuş, Bakının ən möhtəşəm
memarlıq incilərindən sayılan \"İsmailliyyə\"
binasına od vurmuşdular.
Daşnakların azərbaycanlılara
qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır.
Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur,
Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların
qırğını törədilmişdir. Mart-aprel
qırğınlarında Şamaxı qəzasında 8 min,
Qubada 16 min, Naxçıvan və Zəngəzur qəzalarında
ümumilikdə 10 mindən çox insanın həyatına
son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə
soydaşımız öldürülmüşdü. Ermənilər
Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə
dağıtmış, Şuşada görünməmiş
qırğınlar törədilmişdi. Cavanşir qəzasının
28, Cəbrayıl qəzasının 17 kəndi tamamilə
yandırılmışdır. Aprelin 29-da Gümrü
yaxınlığında əsasən qadınlardan,
uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik
azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək
məhv edilmişdir. Bütün bu faktlar Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə
İstintaq Komissiyasının materiallarında əksini
tapmışdı.
* * *
70
illik sovet ideologiyasının tarix kitablarına \"vətəndaş
müharibəsi\", “erməni-müsəlman davası”, “əks-inqilabi
qiyam\" adları ilə daxil edilən 1918-ci ilin mart hadisələri
bolşevik-daşnak ittifaqının xalqımıza
qarşı yeritdiyi növbəti soyqırımı siyasəti
idi. Bu qırğının təşkilatçısı
S.Şaumyan RSFSR XKS-yə 13 aprel 1918-ci il tarixli məktubunda
etiraf edərək yazırdı: \"Bizim süvari dəstəyə
edilən silahlı hücumdan biz bir bəhanə kimi istifadə
etdik və bütün cəbhə boyu hücuma keçdik.
Biz bu işə şüurlu surətdə getdik. Əgər
azərbaycanlılar üstün gəlsəydilər, onda
Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi\".
Biz isə uzun illər bu gerçək
tarixdən məlumatsız olduq, 70 illik sovet tarixi isə bizi
gerçək tariximizdən uzaq saldı. Hətta
soyqırımı qurbanı olmuş minlərlə
soydaşımızın uyuduğu qəbiristanlığın
üstünü betonlayaraq üstündə Kirovun heykəlini
qurmuş, ətrafda isə istirahət parkı
salmışdılar. İllər boyu bu parkda istirahət edib,
\"bəxtəvərlik\"dən dəm vuranlar təsəvvür
etmirdilər ki, ayaqlarının altında nələr var.
Çünki o tarix və dəhşətlərin
üstü, sözün bütün mənalarında,
betonlaşdırılmışdı.
* * *
1998-ci il martın 26-da Prezident Heydər
Əliyev \"Azərbaycanlıların soyqırımı
haqqında" fərman imzaladı. Əsrlər boyu azərbaycanlılara
qarşı aparılmış soyqırımı və
deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə
31 martın Azərbaycanlıların Soyqırımı
Günü kimi qeyd olunması təsbitləndi.
Ötən dövrdə tarixi
gerçəkliklərin, xalqımızın zaman-zaman məruz
qaldığı soyqırımı və
qırğınların miqyasını beynəlxalq aləmə
çatdırmaq üçün xeyli iş
görülüb. Amma bu, yetərli deyil. Qan
yaddaşımız olan bu tarixi təkcə 31 mart günü
deyil, hər gün xatırlamağa, öyrənməyə və
unutmamağa borcluyuq.
Vüqar Orxan
Mədəniyyət.-
2012.- 30 mart.- S. 5.