Burada nəsillər birləşir

 

   İçərişəhər hər daşında Bakının tarixini yaşadır. Gələnləri heyran, baxanları bir də baxmağa vadar edən daş kitabə. Burada bir ünvan yerləşir, gəlib-keçəni özünə cəlb edir. Muzey içində muzey də adlandırmaq olar bu məkanı. Bu ünvanda milli irsə bağlı bir ailə şəcərəsinin, bir nəslin tarixi yaşayır.

  

   Məktəbli yaşlarından kitabxana işinin vurğunu olan Mələk Hacıyeva məktəbi əla qiymətlərlə bitirib kitabxanaçı olmaq istədiyini deyəndə bəziləri onun bu fikri ilə razılaşmırlar. Amma o, inadından dönmür. Kitabxanaçılığı seçir. BDU-nu fərqlənmə diplomu ilə bitirəndən sonra təyinatını M.F.Axundzadə adına Milli Kitabxanaya verirlər. 1979-cu ildən burada (1999-cu ildən direktor müavini) çalışır. Əməyi də layiqincə dəyərləndirilib, 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb. Bu uğurları ilə yanaşı, onun bir hobbisi də var...

   Yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsi bütünlükdə bir muzeyi xatırladır. Bura gələn insan özünü keçmişlə bu günün qovuşuğunda hiss edir. Bir nəslin yaddaş kitabı, Bakı ailəsinin maddi-mənəvi dəyərlərini əks etdirən məkanda hər şey səliqəli və yerində görünür. Evdəki eksponatlarla bizi tanış edən Mələk xanım deyir: “Muzeyi yaratmaqda məqsədim ailəmizin məişətini, adətlərimizi, İçərişəhərin ruhunu göstərməkdir. Otağın bir hissəsində yerləşən eksponatlar babamın və nənəmin yadigarlarıdır. Mis qablar, qədim tikmələr, el sənəti nümunələri evin ən dəyərli əşyaları olaraq qalır. Eksponatlar içərisində xüsusi yer tutan məcməyi və satıl bir İçərişəhərli ailəsinin Novruzu necə qarşıladığını xatırladır. Nənələrimizin bu məcməyidə Novruz təamlarını, satılda isə qonaq payı saxladıqlarını gözlərimizin önünə gətiririk. Nənəmin bu əşyalara xüsusi diqqət yetirərək qoruyub saxladığı üçün özüm də zaman keçdikcə onların dəyərini bilməyə və eksponat şəklində toplamağa başladım. Digər guşədəki eksponatlarsa atam Məmmədnaib Hacıyevə məxsusdur. Sıra ilə düzülmüş balabanları atam özü düzəldib. Futlyarda olan gümüşü balabanı isə bir vaxtlar atam özü ifa edərdi”.

   Məmmədnaib Hacıyev 1922-ci ildə İçərişəhərdə dünyaya gəlib. Uşaqlıq illəri Şüvəlanda keçdiyi üçün bağ mövsümündə burada bitən qamış və qarğıdan tütək düzəldən ustaların əməyi onun diqqətini cəlb edir. Ustaların yanına gedir və tədricən özü də alətlər düzəltməyə başlayır: “1950-ci ilin əvvəllərində atam mükəmməl usta kimi tanınmağa başlayır. Onun hazırladığı alətlərdə tanınmış balabançılar Bəhruz Zeynalov, Ələkbər Əsgərov ifa edərdilər.

  

   Ötən əsrin xatirələri

  

   Bir evdə üç nəslin xatirələri yaşayır. XIX əsrdə inşa edilən evin tarixini yaşadan əşyalardan biri də içində iki əsrin sirlərini, xatirələrini yığıb saxlayan kamoddur. Kamoda baxanda insana belə gəlir ki, onun hər siyirməsinin içində bir dünya sirr, bir aləm xatirə sığınıb gizlənir. Kamodun üstündə özünə yer tutan çıraq isə, illər öncə olduğu kimi, bu gün də evi qoruyur. Köhnə içərişəhərlilərdə belə bir inam var imiş: Hər evdə mütləq bir çıraq olmalı idi və bu çıraq həmin evin qoruyucusu sayılırmış. Bəlkə də elə bu səbəbdən nənələrimiz “Lampaya toxunmayın. Lampa sınar - ev dağılar” deyərdilər.

   Maraqlı, füsunkar şəbəkəbəndlər isə Mələk xanımın özünün və nənəsinin əl işləridir. Keçmişlə müasirliyi özündə əks etdirən əl işlərində ilmələr, naxışlar bir-birini necə də gözəl tamamlayıb. Keçmiş zamanlarda şəbəkəbəndlər əsasən zərgərlik nümunəsi kimi tanınırdı. Zərgərlər qolbənd və sinəbəndlər yaradarkən şəbəkəbənd üsulundan istifadə edirdilər. Bu üsuldan taxta üzərində də istifadə olunur. Ən gözəl şəbəkəbənd nümunəsi Şəki Xan sarayıdır. Sonralar milli tikmələr arasında da bu nümunələrə rast gəlindi. Buna misal kimi milli geyimlərdə köbələr, müxtəlif bəzəklər kimi geniş istifadə olunur. Həmsöhbətim deyir: “Rəssam tablo üzərində öz duyduğunu, düşündüyünü təsvir edirsə, mən də şəbəkəbəndlə öz düşündüyüm ornamentləri yaradıram. Bilirik ki, butanın 90-a yaxın növü var. Şəbəkəbənd üsulu ilə bu buta növlərinin işləmək mənə maraqlı görünür. Eksponatlar içərisində şəbəkəbənd üsulu ilə nənəmin hazırladığı süfrələrin özünəməxsus yeri var. Nəbati və həndəsi naxışlarla işlənmiş bu süfrələr Azərbaycan qadınının məişətini bizə çatdırır”.

   Bu nümunələr el sənətinin dünəni ilə bu günü arasında körpü yaradır. Bu gün buranı xalq sənəti evi də adlandırmaq olar. İçərişəhər tarixinin bir səhifəsi. Yeddi nəslin foto və rəsmlərinin yer aldığı evdə adi ailə eksponatları daha çox diqqət cəlb edir. Milli geyimlər, qadın aksesuarları (sürmədan, ətirqabı, mücrü, güzgü, tirmə araxçın, güləbətin tikməli daraqqabı, möhürqabı və s.), çini qablar, cehizlik əşyalar... Bu evdə onlardan həmişə istifadə edilib. Eksponatlar içərisində ən dəyərlisi isə 1918-ci ildə Bakıya gəlmiş xilaskar türk ordusunun komandanı Nuru Paşanın Mələk xanımın babası Hacı Şıxəliyə bağışladığı qəmədir. Türk əsgərlərinə etdikləri köməkliyə görə minnətdarlıq rəmzi olaraq hədiyyə edilmiş bu qəmənin üzərində ay-ulduz və Sultan Mehmet Fatehin möhürü var.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 2 may.- S. 15.