“Qarabağ” ensiklopediyası
Şuşa səhifəsini
yazan Vasif
İlk baxışda zahirən sərt, bir
qədər də özündən razı, Araz
aşığından, Kür topuğundan görünən, bəlkə də
daha çox çətin
adam təsiri bağışlayan Vasif Quliyevlə özün
arasındakı dağları aşmağı bacarsan, onun necə böyük ürəyə, həssas qəlbə
malik olduğunu anlamaq asandır. Əlinə qələm alan gündən rəngarəng mövzulara üz tutsa da, bir
məsələdə həmişə sədaqəti ilə seçilib. Bu da onun Şuşaya
bağlılığıdır. Anasının
laylasını, atasının öyüdünü
bu dağların qucağında duyan Vasif Quliyev
arzularının arxasınca Bakıya gəlsə də, burada yaşayıb yaratsa da, qibləsi həmişə
Şuşadır.
O, qəlbinin bütün telləri ilə Şuşaya bağlıdır. Hələ tələbəlik illərindən Şuşanın bəxtəvər günlərindən müxtəlif materiallar hazırlayardı. Radionun «Bulaq» verilişi üçün bir-birindən maraqlı, dadlı, duzlu mövzularda folklor nümunələrini toplayıb bir araya gətirərdi. Rəhmətlik Məhluqə Sadıqova da Şuşadan gələn bu seçmələri elə qəribə, təsiredici, qəlbə yatımlı səslə bizə dadızdırardı ki, ruhumuz dirçələrdi, könlümüz dincələrdi.
Şuşanın işğalından sonra Vasifin sifətinə əbədi bir kölgə düşdü. Daim qaşqabaqlı, qaşları çatılmış, əsəbi, həmişə narahat görürük onu. O ağır, dəhşətli gündən 20 il keçir. Bu illər ərzində ürəyinin yanğısını söndürmək üçün Vasif nələr etmədi?! «Şuşa» nəşriyyatı yaratdı, bu dilbər guşə ilə bağlı kitablar nəşr etdi, ürəyindən keçənləri «Şuşa» qəzetində dərc etdirdi. Bir gözü ağlayanda bir gözü gülən Vasif «Günəş» jurnalında (bu dərginin baş redaktorudur) balalarımız üçün bir-birindən maraqlı məlumatların, məqalələrin işıq üzü görməsinə imza atdı. Mən onu tanıyandan bir şakərinə də heyrət etmişəm. Nə kitab çıxsa, ondan beş-altı nüsxə götürər. Bir gün marağımı gizlədə bilməyərək soruşdum:
- Vasif, bu kitabları neynirsən?
- Şuşaya dönəndə bəs kitabxanalara nə aparacağıq?
20 ildir
o, kitab toplamaqla məşğuldur. Allah bilir,
artıq neçə
kitabxananın fondu düzələr onun arxivindən.
Vasif Quliyev adi jurnalist deyil. O, çox fədakar, yorulmaz, həm də inadkar tədqiqatçıdır. Bir məsələnin
izinə düşdümü,
axıra qədər gedərək lazım olan mətləbi əldə etməyincə
yarımçıq geri
çəkilməz. Apardığı tədqiqatlar da çox gərəkli və vacibdir. Qarabağla, xüsusilə
də Şuşa
ilə əlaqədar
elə bir məsələ, mövzu,
sahə yoxdur ki, Vasifin orada
əməyi olmasın.
Şuşa ilə bağlı
nə varsa araşdırıb. Bu qədim
şəhərin tarixindən
üzübəri şifahi
xalq ədəbiyyatı,
folkloru, musiqisi, məşhur adamları, repressiya qurbanları, incəsənət xadimləri,
idmançıları, din nümayəndələri,
tarixi abidələri,
arxivlərdə gizlədilmiş
həqiqətlər, demək
olar ki, nöqtəsindən vergülünə
kimi Vasifin qələmindən keçib.
Onun yazılarındakı Qarabağ
sevgisi bitib-tükənməyən
bir çeşmədir.
Nə danışığında, nə
yazısında bu sevgi sözünün özü yoxdur. Amma bütün əməllərində,
gecə-gündüz gərgin
işləməsində, arxivlərdə
daim çalışmasında,
böyük qayğı
ilə üzə çıxardaraq çap
etdirdiyi kitablarının
bütün sətirlərində
bu sevginin dərinliyi duyulur. Vasif Quliyev Qarabağ torpağının yetirdiyi
bütün gərəkli
insanlar haqqında yazıb. Əslində o, «Qarabağnamə»lərin yeni fəslini yazır, ya bəlkə də «Qarabağ» ensiklopediyası
yaradır. Mütəxəssislər bunu dürüst araşdıra bilərlər.
Bir qələm dostu kimi bircə şeyi dəqiq bilirəm ki, bu «Qarabağnamə»dir, ensiklopediyadır, ya daha başqa bir topludur, hər
nədirsə, onun şah səhifələri
Şuşadır və
bu gərəkli işi də Vasif Quliyev layiqincə
yerinə yetirir.
Ona kimsə tapşırıq
verməyib, onu kimsə bu işə
yönəltməyib. Vasif Quliyev öz ürəyinin hökmü
ilə vətəndaş
olaraq bir şuşalı kimi bu işləri yerinə yetirir. Haysız, həşir fəaliyyətilə
əsl qəhrəmanlıq
göstərir. Qəhrəmanlıq yalnız döyüşlərdə
qazanılmır ki?!
Vasif Quliyev də söz döyüşçüsüdür.
Yorulmaq bilmədən çox məsuliyyətlə, vicdanla,
böyük məhəbbətlə
Şuşanın, Qarabağın
yeni tarixini yaradır. Beş addımlıq ömür
yolu nə vaxtsa sona çatır.
Bizi bizdən sonra yaşadacaq Söz isə əbədiyaşardı.
Bu mənada Vasif
Quliyev əlindəki qələmlə «Söz»
adlı bir abidə ucaldıb. Onun hər bir kərpicində
yadlar tapdağında
sızıldayan Şuşamızın
xoş və ağır günləri dil açıb danışır. Biz bəzən öz aramızda olan fədakarların qədrini
yetərincə bilib əməyini doğru qiymətləndirə bilmirik.
Halbuki Vasif Quliyev də
qələmlə döyüşür
və Şuşanın
salnaməsini yaradır.
Vətənə xidmətin başqa
adı da var?!
Onun tədqiqatlarında elə məsələlər
var ki, ilk dəfə açılır.
Vasifin «Qacarlar», «Mehmandarovlar» silsiləsindən
yazdığı yazılar
xalqımızın faciəli
məqamlarını bir
daha göz önündə canlandırır.
Arxivlərdə çalışanlar bilirlər ki, tədqiqatçılıq çox
ağır işdir.
İstər tarixin, istərsə
də mədəniyyətin,
ədəbiyyatın qaranlıq
səhifələrinə ayna
tutmaq, unudulmuşları
yenidən gündəmə
gətirmək tədqiqatçıdan
böyük səbir,
dözüm, müəyyən
əzablara qatlaşmaq
tələb edir.
Hər axtarışın da bəhrəsi olmur. Aylarla, illərlə toz basmış arxivdə çalışırsan,
axtarırsan, nəhayət,
aradığını tapanda,
kim bilir,
nə dərəcədə
sevincli hisslər keçirirsən. Bu mənada
Vasifin «İlk qarabağlı general», «Enək
İsa bulağına»,
«Vətən bağı
al-əlvandır», «Qarabağın
ikinci bülbülü»,
«Üzeyir bəyin ilk
musiqi müəllimi»,
«Azərbaycanın ilk tarzəni»,
«Malıbəyli Həmid»
və başqa yazıları tarixi keçmişimizə güzgü
tutur. İlk kitabı 1988-ci ildə
çıxıb. «Ucalığa
gedən yol» adlanan bu nəşrdə
Şuşa şəhəri ilə bağlı müxtəlif
oçerkləri toplanıb.
O gündən bəri
onlarla kitabı işıq üzü görüb. Bir məsələ də var ki,
onun tədqiqatları
həmişə gərəklidir.
Təkcə kütləvi oxucular
üçün deyil,
tədqiqatla, elmlə
məşğul olan gənc alimlər də Vasif Quliyevin
kitablarından bəhrələnə
bilərlər.
Hərdən mənə elə
gəlir ki, Vasif Quliyev canlı
bir ensiklopediyadır.
Nə vaxt Qarabağla, Şuşa
ilə bağlı bir sualım olsa, dərhal ona üz tuturam.
Çox
vaxt da yaddaşına
heyrət edirəm.
Elə səlis, dəqiq və ətraflı cavab verəcək ki, səni qane
edəcək. Əgər
söz versə ki məndə bu barədə mənbə var, sabah sənə
gətirərəm, bil
ki, mütləq yerinə yetirəcək. Hərdən
mən ona qibtə edirəm. Yumruq boyda ürəkdə
Şuşa kimi bir dilbər
guşənin həm həsrətini, həm məhəbbətini, həm
də qayıtmaq ümidini necə yerləşdirə bilib? Qəribə cavabları olur: «Həsrətin mayasında məhəbbət
var. Məhəbbət olan
yerdə inam cücərər. Bir də
inamsız yaşamaq mümkün deyil axı?! Heç ola bilməz
ki, beşiyimiz yırğalanan yerlərə
qayıda bilməyək.
Əvvəl-axır Şuşaya gedəcəyik».
Özünəməxsus xüsusiyyətləri var. Yazısının üstündə
nanə yarpağı
tək əsər.
Bir sözünə, kəlməsinə
toxunsan, «qan» düşər. İnsafla deyək
ki, heç onun yazısına toxunmağa lüzum da duyulmur. Hər sözü, fikri yerində olar. İllərdir ki, bu sahədə külüng
çalır. Bir-birindən maraqlı, dəyərli kitabların müəllifidir.
Şuşa və şuşalılar
haqqında oncildlik kitab üzərində işləyir. Allah köməyi
olsun! Maraqlıdır ki, hələ
də kiril əlifbasında yazıb yaradır. «Gözüm
öyrəşib» - deyir.
Şuşalılara məxsus ağayanalıq
bütün varlığına
hopub. Əyilməzdir,
çətin yaşaya
bilər, maddi cəhətdən ehtiyacı
da ola
bilər, amma həmişə özünü
tox aparmağı bacarır. Haram tikədə gözü
olmaz. Halbuki jurnalistin, tədqiqatçının
çörəyi daşdan
da ağır olan hərflərdən çıxır. Bütün bununla
bərabər, Vasifin qaməti həmişə
şuxdur, başı
əyilməzdir. Bir
sifəti var. Bu səbəbdən
də onun bütün həyatının
bir möhürü var - şərəf! Elə şərəfli yaşadığı üçün
də ucalığa gedən yolun döngələrində həmişə
iti addımlarla hərəkətdədir! Bütün
bu ağır görünə bilən,
«tərs damarlı» Vasifin gül kimi ürəyi var! Ondan bir kağız
parçasını qoparmaq
asan deyil. Əl boyda yazını da ciddi-səylə qoruyur. Amma bilsə ki sən
də Şuşa
ilə bağlı nəsə araşdırırsan,
fağır uşaq kimi önə düşüb səndən
köməyini əsirgəməz.
Düzgün istiqamət verər.
Əsl mənbənin yerini göstərər. Hələ tarı
sinəsinə sıxanda
ona qulaq asasan. Ruhun hara qanadlanmaz?!
Onun yaradıcılığı çoxcəhətlidir. Qəzet, jurnal
redaktorudur. Neçə-neçə yazını oxuyub redaktə edir. Jurnalistlik fəaliyyəti genişdir,
tədqiqatçıdır, tərcüməçidir, naşirdir,
gözəl ailə başçısıdır (qızı
Sona xanım jurnalist, oğlu Üzeyir bəy hüquqşünasdır), yaxşı
dostdur, sədaqətli
həmkardır. Bu məziyyətləri saydıqca
uzana bilər. Hər nədisə, kimdisə, mənim bildiyim odur ki, uzun
illərdən bəri
yaxından tanıdığım
bu qələm dostumuzun hansısa bir təxəllüsə,
ləqəbə, epitetə
ehtiyacı yoxdur.
O, eləcə Vasif Quliyevdir! Adını da, soyadını
da ləyaqətlə
doğruldub. Nə
təltifə, nə mükafata təmənnası
var. İllərdir əlində
qələm öz işi ilə məşğul olan Vasif Quliyevin ürəyinin sarı simi Qarabağdı! Allahdan istəyi Şuşadır!
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2012.- 2 may.- S. 13.