Zər
qədrini zərgər bilər
Tacəddin
Həsənov: “Ən böyük istəyim əl işlərimin
«Azərbaycan zərgərliyi» adı altında dünyada sərgilənməsidir”
Zərgərlik
sənəti incəsənətin ən qədim növlərindən
biridir. Xüsusilə Şərq ölkələrində bu sənətin
zəngin ənənələri var. Azərbaycanda da zinət əşyaları
hər zaman dəbdə olub. Azərbaycanlı ustaların incə
əl işləri, zərgərlik nümunələri bu
gün müxtəlif ölkələrdə muzeylərdə,
şəxsi kolleksiyalarda saxlanılır.
Hazırda zərgərlik məmulatlarının
hazırlanması elektron cihazların köməyi ilə
aparılsa da, onlar əllə işlənmiş zinət əşyalarını
əvəzləyə bilmir. Usta zərgərlərin
hazırladığı nümunələr xüsusi zərifliyi,
özünəməxsus naxışları ilə
seçilir.
Rəssamlar İttifaqının
üzvü, Prezident təqaüdçüsü Tacəddin Həsənov
gənc olsa da, öz sahəsində tanınan zərgərlərdəndir.
Bu sənətə uşaqlıqdan marağı olub, zərgərliyin
sirlərinə yiyələnməyə başlayıb. Rəngarəng
əl işləri ilə bu sənəti inkişaf etdirməyə,
qədim naxışlarımızı yaşatmağa
çalışır.
- Zərgərlik bizdə nəsildən-nəslə
ötürülən sənətdir. Babalarım zərgər
olub. Atam Zakir Həsənov isə rəssamdır. Mənim də
kiçik yaşlarımdan incəsənətə,
naxışlara böyük marağım olub. Əvvəl
xalça sənətini, sonra misgərliyi öyrəndim.
Sonra da zərgərlik sənətini öyrənməyə
başladım. Zərgərliyi qısa müddətə, 2-3
ilə öyrənmək mümkün deyil. Gərək illərlə
bu işin içində olasan ki, sənətin sirlərinə
yiyələnəsən. Beləliklə, uşaqlıqdan zərgərliyi
öyrənə-öyrənə böyümüşəm.
Xüsusi müəllimim olmayıb. Amma bilmədiklərimi
öyrənmək üçün ustadlara müraciət
etmişəm. Həmçinin kitablardan bilmədiyim çox
şeyi öyrənmişəm. Zərgərlik, ümumiyyətlə,
çox incə və çətin qavranılan bir sənətdir.
Amma nədənsə mən heç vaxt çətinlik
çəkməmişəm. Yəqin bu, zərgərliyə
olan sevgimdən irəli gəlir. Bir də yəqin ki, bu sənətə
sevgi və qabiliyyət mənə ata-babalarımdan irsən
keçib.
- Yəqin rəssamlığı
da bacarırsınız...
- Əlbəttə. Zərgərlik
həm də rəssamlıq qabiliyyəti tələb edən
sənətdir. Rəssamlığı bacarmadığın
halda yaxşı zərgər olsan belə, müəyyən
zamanlarda işin uyuşmadığını görəcəksən.
Zərgərliklə rəssamlığı bir arada
yaxşı bilirsənsə, artıq sənətin fəlsəfəsini
düşünməyə başlayırsan. Əsərlərimin
ideyasını özüm fikirləşib tapıram. Bir
işə başlamazdan əvvəl onu vərəqdə
çəkir və atama göstərirəm. O, qiymətləndirir,
qüsurları göstərir. Tutaq ki, deyir, bu ornament işə
uyğun deyil. Qədim dövrlə müasir dövrün
naxışını yanaşı işləmək olmaz. Bu
baxımdan atamdan çox şey öyrənirəm.
- Qiymətli metal və
daşların tərkibi haqqında nələri bilmək
lazımdır?
- Hər bir professional zərgər
baxan kimi qızılın tərkibini gözü ilə
ölçüb-biçir. Qızılın tərkibində
misin çox olduğunu görmək olur. Onun yoxlanması
üçün başqa vasitələr də var. Bədənində
turşuluq çox olan insanlarda qızıl, gümüş
qaralır. Gümüş insanda müəyyən xəstəliklər
olanda da qaralır. Sanki insanın bədənində olan
ağrıları hiss edir. Tarixdən də bilirsiniz ki, qədim
dövrlərdə şahların qab-qaçağı
gümüşdən olurdu. Mən özüm evdə
bütün gümüşlərimi su
saxladığımız qabın içinə
atmışam. Gümüş suyun tərkibindəki
bütün ziyanlı maddələri öldürür.
- Əl işlərinizə baxarkən
görürük ki, qədim naxışlara
üstünlük verirsiniz...
- Hazırda Azərbaycana xaricdən
o qədər qızıl-gümüş, bəzək əşyaları
daxil olur ki, milli naxışlar əks olunmuş zərgərlik
nümunələri yox dərəcəsindədir. Xaricdən
gətirilən məmulatlar daha ucuz olduğundan insanlar həmin
əşyaları almağa üstünlük verirlər.
Düşünürlər ki, sərf etdikləri pul büdcəsini
artırır, istənilən zaman qızılı pula
çevirə bilər. Amma Azərbaycanda istehsal olunan zərgərlik
məmulatına bir az artıq pul sərf etməklə ikiqat mənfəət
əldə edə bilərlər. Bizdə dədə-babadan
qalma çox qədim əşyalar var. Mən nə qədər
çalışsam da, həmin əşyalar kimi nümunələr
hazırlaya bilmirəm. Müasir texnologiyaların olduğu bir
dövrdə mən bunu edə bilmirəmsə, qədim
vaxtlarda insanlar belə işləri necə
hazırlayırdılar? Dədə-babadan qalma yəhərimiz
də var. Yəhərin üstü işləmə
naxışlarla doludur. Onlar bunu necə ediblər? Elə bunun
qiyməti də ondadır ki, texnika olmayan bir dövrdə
insan əli möcüzələr yaradıb. Mən də
milli naxışlarla zərgərlik nümunələri
işləməyə üstünlük verirəm.
- Zərgərlikdə milli
üslub və naxışları yaşatmağa
çalışırsınız. İnsanlar bu işləri
layiqincə qiymətləndirir?
- Yaşlı, bu işdən
başı çıxan, nəsil-kökündə zərgər
olanlar qiymətləndirir. Gənclər buna az diqqət verir.
Bəlkə mən də zərgər olmasaydım bu qədər
milli işlərə maraq göstərməzdim. Amma ümumi
götürəndə insanlar dəyərli işlərə
o qədər də qiymət vermirlər. Əl əməyi
başqadır. Bir üzüyə çoxlu vaxt və əmək
sərf edirsən. Müasir dövrdə çoxları
bahalı və “brend” markalara üstünlük verirlər.
Sadəcə, “brend” olduğuna görə həmin malı
almaq nə dərəcədə düzgündür? Təəssüf
ki, çoxları keyfiyyətə deyil, bahalı olana qiymət
verirlər. Mənim əsərlərimə də münasibət
eynən belədir. İşlərə baxan kimi deyirlər
ki, ən bahalı hansıdır? Ən bahalısını
göstərəndə də deyirlər ki, niyə ən
böyüyü baha deyil? Başa düşmürlər ki, zərgərlikdə
iş nə qədər incə işlənibsə, o qədər
də qiymətli olur.
- Əl işləriniz sərgilərdə
tez-tez nümayiş olunur?
- İlk dəfə 8 yaşım
olanda sərgidə iştirak etmişəm. Xalça, misgərlik
sahəsində hazırladığım işlərim
nümayiş olunub. Son 5-6 ildir ki, yalnız zərgərlik
işlərimlə sərgilərə qatılıram. Daha
çox qaval, zurna, tar üzərində işlərimi təqdim
edirəm. İsveçrədə keçirilən sərgidə
də iştirak etmişəm. Mədəniyyət və
Turizm Nazirliyinin bir sıra sərgilərinin
iştirakçısı olmuşam. Xalq sənətkarlığı
ilə bağlı sərgidə işim birinci yeri qazanıb.
Həmin sərgidə mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev də iştirak edirdi və əsərimi görən
kimi müəllifin kim olduğunu soruşdu. Sonra da işlərimin
Musiqi Mədəniyyəti Dövlət Muzeyi üçün
alınmasını tövsiyə etdi. «Yüksəliş»
adlı işimi Heydər Əliyev Fonduna hədiyyə
etmişəm. Elə nümunələr var ki, üzərində
8 ay, bir il işləmişəm. Belə işlərimi
yalnız sərgidə nümayiş etdirirəm. Amma qiymətləndirə
bilən insan görəndə əsərimi ona satıram. Əsas
odur ki, yaratdığım əsərin dəyərini
anlasın, onu qorusun. Bilim ki, onu milli zərgərlik işi
kimi həmişə saxlayacaq. Bir dəfə Türkiyədə
olarkən bir nəfər balabana görə mənə 6 min
dollar pul təklif etdi. Lakin işimin satış
üçün olmadığını bildirdim. Sonradan onun
erməni olduğunu öyrəndim. Bütün işlərimin
üstündə «Azərbaycan. Gəncə» yazıram. Həmin
şəxs də bunu oxuyub çox təkid etmədi.
- Hazırda hansı
planlarınızı həyata keçirmək istəyirsiniz?
- Ən böyük istəyim
işlərimin «Azərbaycan zərgərliyi» adı
altında dünyada sərgilənməsidir. Fərdi sərgilərimi
açıb mədəniyyətimizi təmsil etməyi
arzulayıram. Hazırda tar üzərində işləyirəm.
Daha bir işim yəhər nümunəsidir. Kamança
üzərində də işləyirəm. Bütün bunlarla
yanaşı milli zərgərlik sənətimizə aid kitab
hazırlamaq fikrim var. Kitabda işlərin hazırlanma
texnologiyasını və öz əlavələrimi
yazacağam. Bizdə belə kitablara həqiqətən ehtiyac
var. Bu kitabda Azərbaycan zərgərliyində nə varsa,
hamısını qeyd edəcəyəm.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2012.- 2 may.- S. 12.