Tarın
əbədi vurğunu: Mirzə Fərəc
Klassik musiqi mədəniyyətimizin inkişafında və
formalaşmasında tar ifaçılarımızın
böyük xidmətləri olub. Həmin görkəmli sənətkarlardan
söz düşəndə, ilk xatırlananlardan biri də
tarzən Mirzə Fərəc olur...
Mirzə Rza oğlu Fərəc
1847-ci ildə Bakıda anadan olub. Hələ çox
kiçik ikən ata-anası dünyasını dəyişir.
O, qardaş-bacıları ilə dayısının himayəsində
qalır. Çətinlik və ehtiyac içində keçən
illər bir-birini əvəz edir, Fərəc
böyüyür. Dayısı onu oxutmaq məqsədilə mədrəsəyə
qoyur. Lakin o, mədrəsədə dinc oturmur. Hər dəfə
qonşuluqdan musiqi səsi eşidəndə durub pəncərəyə
qalxar, dərsi pozarmış... Bir gün molla Fərəcin
dayısını görür və deyir: - Bundan ruhani olmaz,
apar, qoy musiqidən-zaddan öyrənsin...
Onda musiqiyə həvəs erkən
yaşlarından yaranmışdı. Nazənin adında
xalası qızı yaxşı nağara
çalırmış, tez-tez şəhərin zəngin ailələrinin
qız toylarına dəvət olunurmuş. Hər dəfə
də toya gedəndə Fərəci də özü ilə
apararmış. Sonra Fərəcə də nağara
çalmağı öyrədir. Beləliklə o, 14-15
yaşından toylarda nağara çalmağa başlayır,
məclislərdə adlı-sanlı sazəndələrin
çalıb oxumalarını çox dinləyir. Bu minvalla
onda tara həvəs yaranır. Tezliklə tar
çalmağı da öyrənir. İlk dəfə tarzən
kimi bakılı xanəndə Baladadaşla birlikdə məclisdə
çıxış edir. Tez bir zamanda diqqət çəkir.
Məşədi Məlik Mansurovun musiqi məclislərinin fəal
üzvlərindən biri olur. Bununla yanaşı, özündən
böyük və təcrübəli Cənubi Azərbaycan sənətkarlarından
tarzən Əli Şirazinin, tehranlı kamançaçı
Mirzə Səttarın və Sadıqcanın
çalğısını təkrar-təkrar dinləyir. Hətta
o, Şərq musiqisini dərindən öyrənmək məqsədilə
İrana gedir və bir müddət orada yaşayır.
Fürsətdən istifadə edib fars və ərəb dillərini
də öyrənir. Ərəb, yunan və fars alimlərinin
musiqiyə dair əsərləri ilə yaxından
tanış olur. Məhz buna görə də Fərəc
müasirləri arasında savadlı və
dünyagörüşlü bir musiqişünas kimi də
tanınır...
1904-cü ildə Mirzə Fərəc
yenə İrana gedir. Rəşt şəhərində
xanın qonağı olur. Sarayda yerli musiqiçilərlə
bakılı sənətçilərin yarışı
keçirilir. Əvvəl iranlı sənətçilər
çalıb-oxuyur. Sonra söz Mirzə Fərəcin dəstəsinə
verilir. Yarışmada iranlı sənətçilər
yorulduqlarını etiraf edib sarayı tərk edirlər. Mirzə
Fərəcə dəyərli bəxşişlər verilir.
Onların arasında sədəflə bəzənmiş və
üzərində şahlıq rəmzi olan zərif tar da
olur.
Musiqişünas Firidun
Şuşinski qocaman musiqiçi Mirzə Mənsurun xatirələrinə
əsasən yazır ki, Mirzə Fərəc bütün
muğamların tarixini, hissə və şöbələrini
mükəmməl bilirdi. O, xanəndələrdən Seyid
Mirbabayev, Cabbar Qaryağdıoğlu və Davud Səfiyarov ilə
bir neçə il əməkdaşlıq edir. 1900-1905-ci illərdə
Mirzə Fərəc kamançaçı Məşədi
Qulu ilə birlikdə məşhur xanəndə Cabbar
Qaryağdıoğlunu müşayiət edir. Şübhəsiz
ki, Cabbar Qaryağdıoğlu kimi böyük muğam
ustası ilə sənət dostluğu etmək Mirzə Fərəcə
çox şey verir. O, bütün Azərbaycanda kamil tarzən
kimi şöhrət tapır. Sonralar o, ixtiyar yaşında
keçdiyi sənət yolunu yada salarkən Cabbar
Qaryağdıoğlunu xoş sözlərlə
xatırlayır...
Mirzə Fərəc gənc tarzənlərin
yetişməsində də fəallıq göstərib. Tələbələrinə
yaxşı sənətkar olmağın sirlərindən
danışarkən deyərmiş: “Kamil tarzən olmaq
üçün nadir istedad, uzun, iti barmaqlar və mükəmməl
biliyə malik olmaq hələ yetərli deyil. Muğamatı
yaxşı bilmək üçün gərək heç
olmasa, 5-10 il ustad xanəndə ilə
çalıb-çağırasan. Sənət yolunda
çox mahir sənətkarlara rast gəlmişəm. Onlardan
çox şey öyrənmişəm. Əgər istəyirsiniz
ustad tarzən olasınız, böyük xanəndələrlə
oturub-durun. Onda çox şey qazanarsınız”.
O, 1905-ci ildən sonra Keçəçioğlu
Məhəmmədin dəstəsində çıxış
edir. Onu xalq şənliklərində və konsertlərdə
müşayiət edir. 1907-ci ilin yanvarında Bakıda
keçirilən ilk “Şərq gecəsi”ndə Keçəçioğlu
Məhəmmədi müşayiət edir. “Humayun”
muğamının məharətlə ifasına görə
tamaşaçıların alqışları ilə
qarşılanır. Sonralar xanəndə Seyid Mirbabayevi, Davud
Səfiyarovu və Zülfiqar Sarıyevi bir neçə dəfə
müşayiət edib.
Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra Mirzə Fərəc gənc nəslin təlim-tərbiyəsi
ilə məşğul olur. Şərq konservatoriyasında
(1920-1921), Ramana fəhlə klubunda (1923), Bakı Şəhər
Musiqi Texnikumunda (1924-1926) tar dərsi deyir. Onu da deyək ki, Mənsur
Mənsurov, Paşa Əliyev kimi bir sıra görkəmli tarzənlər
vaxtilə Mirzə Fərəcin tələbələri
olublar.
Saşa Oqanezaşvilinin
yaratdığı və rəhbərlik etdiyi “Şərq
orkestri”ndə Mirzə Fərəc də yaxından fəaliyyət
göstərir. Muğam ustası və tar müəllimi kimi
bilik və təcrübəsini tələbələrdən əsirgəmir.
Lakin “Rast” muğamının sirlərini gənc tarzənlərə
axıradək öyrətmir. Dərs zamanı muğamın
“Əraq” şöbəsinə keçəndə tələbələrə
deyirmiş: “Üzünüzü yana çevirin.
Barmaqlarıma baxmayın. Amma yaxşı-yaxşı qulaq
asın”. Əgər tələbələrdən hər
hansı biri eynilə onun barmaqlarını vurarmışsa, əsəbləşib
deyərmiş: - Oğlum, bu olmadı, nə üçün
mənim barmaqlarımı vurursan?! Mirzə Fərəcin bu “dərs
üsulu”ndan xəbər tutan rektor tələbələrə
“Rast” muğamını yaxşı öyrədən müəllimlər
üçün müsabiqə elan edir. Birinciliyi qazanan müəllimə
qızıl saat mükafatı vəd edir. Mirzə Fərəc
vurduğu barmaqlar özgələr tərəfindən mənimsənilməsin
deyə bir müəllim kimi müsabiqədən çəkilir
və həmkarlarına deyir: - Hər kəsin öz yolu,
öz izi olmalıdır. Başqasının süfrəsinə
göz yetirən öz barını yetişdirə bilməz...
Müəyyən mənada görkəmli
tarzən öz fikrində haqlı olub. Doğrudan da, əsl sənətkarın
öz yolu, öz ifaçılıq üslubu
olmalıdır. Özgəsini təkrarlamaqla sənətdə
uğur qazanmaq mümkün deyil. Ancaq bu gözəl sənəti
inkişaf etdirmək və zənginləşdirmək
üçün mütləq sənin davamçın
olmalıdır. Əgər belə olmasa müqəddəs
musiqi ənənələrimizi gələcək nəsillərə
çatdırmaq çətin olar... Mirzə Fərəcin də
bir tarzən kimi Azərbaycan milli musiqi mədəniyyətinin
inkişafındakı faydalı əməyi inkar edilməzdir.
O, ömrünün 60 ilini Azərbaycan musiqisinin təbliği
işinə həsr edib.
Sovet dövründə Mirzə Fərəc
böyük bir həvəslə Şərq Konservatoriyasında
və Musiqi Texnikumunda dərs deyir. Bu arada kommunist təbliğatı
respublikada tar əleyhinə kampaniya başladır. Əlindən
bir şey gəlməyən görkəmli sənətkar
özünə qapanır. Bütün günü
qapını bağlayıb bu kampaniyaya etiraz əlaməti
olaraq tar çalır. Hirsindən ta qan çıxanacan
dodaqlarını dişləyir. Beləcə, günlər
keçir və onun alt dodağında şiş yaranır. Həkimlər
bu şişi müalicə etsələr də, faydası
olmur... Mirzə Fərəc 1927-ci ildə, 80 yaşında vəfat
edir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 2 may.- S. 11.