Həzin
səsin nağılı
Ötən illərin mahnıları
Və
ya 65 illik sənət tarixçəsi
Azərbaycan
musiqisi tarixində, xüsusən də qadın
ifaçıları arasında onun öz yeri, öz adı,
öz dəst-xətti var idi. Şaqraq səsinə yatan
ifalarını dinləyiciləri elə ilk zəngulələrindəncə
tanıyır, yetişdiyi sənətkarlıq məktəbinə
sadiq ifa tərzini sevərək dinləyirdilər.
Xarici görünüşü və
səhnə mədəniyyəti ilə də seçilən
bu xanım-xatın müğənni 85 illik ömrünün
65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, ulu
muğam sənətinə, onun inkişafı və təbliğinə
həsr edib. Uzun illər səhnələri gözəl
ifaları ilə bəzəyən xanım sənətkar həm
də yüzlərlə ifaçının yetişməsində
xidmətlər göstərib. Və elə bu böyük sənət
sevdası və yüksək istedadına görə yüzlərin,
minlərin arasından seçilərək milyonların
yaddaşına öz adını yaza bilib. Bu gün o,
dünyada olmasa belə, heç kim onun adını, səsini
unutmur, lent yazılarına böyük sevgi ilə qulaq kəsilir.
Yəqin elə sənətdə olmağın, sənətkar
olmağın da xoşbəxtliyi bundadır.
Sənət
ilə seçilənlərdən
Səhnəyə xüsusi
yaraşıq verən bu qaraqaş, qaragöz xanım incə,
məlahətli səsi, qulağayatımlı ifa tərzi və
özünəməxsus zəngulələri ilə səhnəyə
çıxdığı ilk vaxtlardan
tamaşaçıların rəğbətini qazana bilib. O həm
də gözəl həyat yoldaşı, qayğıkeş
ana, mehriban pedaqoq kimi də yaddaşlarda iz qoyub. Azərbaycan
musiqi mədəniyyətindən Tükəzban
İsmayılova adı qırmızı xətlə
keçir. Çünki onun ifaçılığı və
yaradıcılığı, muğam, səs sənəti xəzinəmizə
bəxş etdiyi nümunələr bir sənətkar olaraq həm
də zəngin məktəb qoyub getdiyini deməyə əsas
verir. Təsadüfi deyil ki, onu xarakterizə edən müasirləri
bu fikir üzərində xüsusilə dayanırlar.
Həyat
tarixçəsindən
Tükəzban Məhərrəm
qızı İsmayılova 1923-cü il dekabrın 21-də
Bakı şəhərində anadan olub. Erkən
yaşlarından muğama, musiqiyə bağlı olduğunu
göstərən, ruhundakı musiqi vurğunluğu ilə
arzularına sığal çəkən Tükəzban
bütün ömrü boyu onu müşayiət edən səsinin,
sənətinin zirvəsinə çatmaq üçün ilk
olaraq mükəmməl musiqi təhsili almağı qərara
alır. 1939-1944-cü illərdə Asəf Zeynallı
adına Musiqi Texnikumunda təhsil alır və peşəkar
xanəndə kimi çıxışlar etməyə
başlayır. Səs və ifa üslubu qısa zamanda onu
musiqiçilər sırasında fərqləndirir.
O, 1944-cü ildə Azərbaycan
Radio Komitəsində müğənni kimi fəaliyyətə
başlayır. Daha sonra Dövlət Filarmoniyasının və
Azərbaycan radiosu xorunun solisti olur. Televiziya ekranlarından çıxışları
sevilərək dinlənilən
müğənni 1978-ci ilədək
Dövlət Filarmoniyasının,
1978-1993-cü illərdə "Azkonsert" Qastrol-Konsert Birliyinin solisti olub. İfaçılıqla yanaşı pedaqoji
fəaliyyətlə də
məşğul olan sənətkar 1985-2004-cü illərdə
İncəsənət Gimnaziyasında
dərs deyib.
Keçmişə boylanarkən
Onun səsi, avazı
da maraqlı, ilk eşidən andan seçilən səs idi. Müğənninin
lent yazılarını dinləyərkən
hər oxusunda ayrı bir şaqraqlıq,
ayrı bir məlahət duyursan. İfasına xas səhnə
mədəniyyəti, duruşu,
mimika və jestləri ilə də izləyicisini ekrana bağlayan bu xanımın zərif səsində bir sıra muğam,
xalq mahnısı və təsniflərimiz əbədiyaşarlıq qazandı.
Təsadüfi deyil ki, onun oxuduğu
"Kürdün gözəli",
"Yeri, dam üstə
yeri", "Qarabağ
şikəstəsi", "Qaragöz", “Buludlar” kimi musiqi nümunələri
bu gün də eyni hərarətlə
sevilir, dinlənilir. Bugünkü musiqi, ifa bolluğunda insanlar yenə və yenidən Tükəzban xanımın
səsinin hopduğu
lent yazılarına böyük
ehtiyacla qulaq asırlar.
Onu sevdirən yetişdiyi muğam məktəbi idi
Tükəzban xanım ifaçılığa
başladığı dönəmlərdən
yetişdiyi Bakı muğam məktəbinin xüsusiyyətlərini öz
sənətində yaşatdı
və davam etdirdi. O, klassik xanəndəlik məktəbinin
korifeylərindən olan
Hüseynqulu Sarabskinin
muğam sinfində təhsil almışdı.
Gözəl vokal imkanlarına malik müğənninin dolğun
səsini bəyənən
dahi bəstəkarımız
Üzeyir Hacıbəyli
sərbəst cövlanlı
orta-zil səsli bu xanım üçün
məxsusi olaraq "Qaragöz", "Şəfqət
bacısı" və
başqa bir neçə mahnı yazıb.
Repertuarına daim diqqətlə
yanaşan, hər nəsildən olan dinləyicinin zövqünü
oxşamağı bacaran
müğənninin ifaları
arasında Ələkbər
Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri yer alırdı. Bu ifalar
arasında tamaşaçı
yaddaşına köçən
və dillər əzbərinə çevrilən
"Sənin vüqarın
mənəm", "Sənsən",
"Ceyran", "Qonşu
qız", "Sən
mənimlə get", "Çiçək" kimi
bəstələr 60-70-ci illərin
sevilən mahnılarından
idi.
Milli musiqi mədəniyyətimizin
görkəmli sənətkarlarından
olan T.İsmayılova
yüksək ifaçılıq
qabiliyyəti ilə yanaşı, səhnə
mədəniyyəti ilə
də fərqlənirdi.
İstər geyimi, saç
düzümü, ümumilikdə
xarici görünüşü,
istərsə də tamaşaçıya ifa xitabında dərin hörmət, ehtiram və mədəniyyətini
nümayiş etdirməyi
bacarırdı. Hər jestində,
hər baxışında
zərif ürəyin
həzin pıçıltılarını
dilə gətirən
müğənninin oxuduğu
klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti
tariximizə həmişəlik
daxil olub.
Cəbhədən cəbhəyə
musiqi döyüşü
Yaradıcılığının ilk illəri ağrılı-acılı
müharibə illərinə
təsadüf edən
gənc ifaçı
səsini, sənətini
ön cəbhələrdə,
soyuq səngərlərdə
də nümayiş etdirməkdən çəkinməyib.
II Dünya müharibəsi
illərində təşviqat
briqadasının tərkibində
cəbhədə konsertlər
verib, sənəti ilə vuruşub, çarpışıb. Beləcə, sənətin bütün
ağrı-acılarına, əzab-əziyyətlərinə, bəzən də məhrumiyyətlərinə qatlaşa
bilib.
Bənzərsiz səs və
sənətkarlıq xüsusiyyətlərini
Azərbaycanın hüdudlarından
kənarda da layiqincə nümayiş etdirən sənətkar musiqimizin gözəlliyini
Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair kimi ölkələrdə qastrol
səfərlərində olub.
Onun da öz
«Kəsmə şikəstə»si
vardı
Tükəzban xanımın repertuarında
muğam, təsnif və xalq mahnıları
xüsusi yer tuturdu. "Qatar", "Şahnaz", "Mahur-hindi",
"Heyratı", "Xaric
segah", "Qarabağ
şikəstəsi", "Kəsmə şikəstə"
- milli musiqi incilərimizdən olan bu muğamlar onun dolu, güclü
səsində fərqli
bir cazibə qazanırdı. Bu cazibədə xanəndənin
təkcə səsinin
deyil, təcrübə
və sənətkarlığının
da payı vardı. Tükəzban xanım muğam
oxuyarkən güclü
səs həmlələrindən
istifadə edirdi.
"Qatar" muğamını
bu ustalığı ilə möhürləyən
sənətkarın «Kəsmə
şikəstə»sinin də
ayrı bir yanğısı, ayrı
bir hekayəti vardı. Əksər
qadın xanəndələrin
repertuarında yer alan bu nisgilli şikəstənin
onun səsindəki özəlliyi hissli, içdən oxumasında
idi.
Ümumiyyətlə, fərqli səs
tembrləri və ifa xüsusiyyətləri
tələb etdiyi üçün hər xanəndəyə bütün
muğamları eyni səviyyədə oxumaq müyəssər olmur.
Tükəzban xanımın da
ifasında şahanə
səslənən bir
neçə muğam
vardı. Görkəmli
sənətkarların rəylərinə
əsaslansaq, bu xanım musiqi tariximizdə təkcə elə "Şahnaz",
"Qatar", "Xaric Segah"la
da qala bilərdi.
Müasirləri Tükəzban
xanımın ifasında
səslənən bu muğamların üçünü
də dərslik hesab edir, həmin
muğamları mükəmməl
oxumaq istəyənlərə
müğənninin lent yazılarına
qulaq asmağı tövsiyə edirlər. O
vaxtın bir çox sənətkarları
da bu barədə
xatirələrində qeyd
edirlər ki, səhnədə kim nə oxuyur, oxusun, Tükəzban çıxıb
bir "Qatar" oxuyan
kimi özündən
əvvəl və sonra oxuyanların hamısından seçilirdi.
Böyük eşqin sonu olmasa da...
Tükəzban xanım həm
də mehriban həyat yoldaşı, sevimli qadın idi. Azərbaycan səhnəsində maraqla izlənən sənətkar cütlüklərdən
idilər. Həyat yoldaşı
gözəl tarzən,
Xalq artisti Həbib Bayramovla çox vaxt bir səhnəni paylaşar, adətən onun müşayiəti ilə oxuyardı. Həbib Bayramovun 1985-ci ildə dünyasını dəyişməsilə
Tükəzban xanımın
sənət həyatında
da dəyişiklik başladı. O, demək
olar ki, ifaçılıqla məşğul
olmur, səhnədə
az-az görünürdü.
Lakin tamamilə sənətdən
uzaqlaşmır, sənətini,
təcrübəsini pedaqoji
sahəyə yönəldərək
ifaçılar nəslinin
yetişməsi üçün
çalışırdı.
"Şöhrət" ordenli
sənətkar
Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı
xidmətləri istər
xalq, istərsə də dövlət tərəfindən həmişə
yüksək qiymətləndirilib.
Sənətkarın təltifləri
arasında Azərbaycan
Respublikasının ali
mükafatlarından olan
"Şöhrət" ordeni
də var. Sənətə
verdikləri və sənətdə qazandıqları
ilə xoşbəxt sənətkarlar sırasında
olan Tükəzban xanım həyatını
dolğun və mənalı yaşayıb.
Sənətdə əbədiyaşarlıq qazanan müğənni taledən 85 illik ömür payı alsa da, xalqının
məhəbbətindən umduğu
əbədi sevgi ilə mükafatlandırılıb.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 2 may.- S. 10.