Gəncə Dram Teatrı Bakı səhnəsində
Kollektiv paytaxt sənətsevərləri
ilə görüşə
Mirzə Fətəli
və Qoqolun iki məşhur əsəri ilə gəlib
Gəncə Dövlət
Dram Teatrı Bakıda
qastrol səfərindədir.
Kollektiv aprelin 30-u və mayın 1-də Akademik Milli Dram Teatrının səhnəsində
iki tamaşa ilə - Mirzə Fətəli Axundzadənin
«Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah caduküni-məşhur» komediyası
və rus yazıçısı Nikolay
Qoqolun «Evlənmə»
pyesi əsasında hazırlanmış səhnə
əsərləri ilə
çıxış etdi.
Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan və M.F.Axundzadənin 200
illik yubileyinə həsr olunan ikihissəli komediyaya teatrın baş rejissoru Gümrah Ömər quruluş verib. Tamaşanın quruluşçu rəssamı
Rəşid Şerif,
geyim üzrə rəssamı Leyla Əliyevadır. Rolları
Xalq artisti Pərvanə Qurbanova (Şəhrəbanu), Əməkdar
artist İlham Hüseynov
(Müsyö Jordan), aktyorlar
Eldəniz Tağıyev
(Hatəmxan ağa), Elxan Abbasov (Dərviş Məstəli
şah), Günay Verdiyeva (Şərəfnisə),
Ləman Yusibova (Gülçöhrə), Elşad
Əhmədov (Şahbaz
bəy), Rəhilə
Məmmədova (Xanpəri)
və Rauf Hüseynov (Qulaməli) ifa edirlər.
Qastrolla bağlı təəssüratlarını
bölüşən Gümrah
Ömər bildirdi ki, səfər onlar üçün hesabat xarakteri daşıyır: “Müsyö
Jordan və dərviş
Məstəli şah”
tamaşasında faktı
konstatasiya etmişəm
və qəti ehkamlar irəli sürməkdən çəkinməyə
çalışmışam. Bizim məişətimizdə
həqiqətən köhnəlmiş
ənənələr, cəhalət,
xurafat olub. Amma bu gün
qloballaşma devizi altında itirdiyimiz bir çox gözəl dəyərlər
var. Hatəmxan ağanın
ailəsi Şahbaz bəyin Parisə getməsinə hər vasitə ilə mane olur. Onların seçdiyi vasitələrdən
avamlıqları gün
kimi aydın olur. Amma bəlkə
də bütün baş verənlər yaxşılığa doğrudur.
Tamaşanın premyerasını
ötən ilin noyabrında etmişik. İndi də səhnə əsərini
Bakı tamaşaçılarına
təqdim edirik. Mən özüm Bakıda çalışmışam,
buranın teatr mühiti mənim üçün əziz və doğmadır. Gəncədə də məhz yaradıcı atmosfer mənim üçün önəmlidir.
Amma hər bir halda teatrlar
fərqlidir. Hər birinin özünün strateji yönü var. Əsas odur ki, teatr yaradıcı
sahədir. Bu hər şeydən öndə olmalıdır. Çünki
bizim özümüzü
realizə formamız budur. Gəncə teatrının uzun illər özünün gözəl ənənələri
olub. Ölkə Prezidentinin sərəncamı
ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı
gənclərin teatra axını, onlara özlərini sınaması
üçün də
mühüm zəmin oldu. Biz də Gəncə teatrı olaraq buna diqqət
yetiririk”.
Gümrah Ömər Gəncə
Dram Teatrında çalışan
gənc həmkarı
İradə Gözəlovanın
hazırladığı «Evlənmə»
tamaşası barədə
də fikirlərini bölüşdü: “Məndən
sonra İradə Gözəlova teatra gəldi. Bakıya onun quruluş verdiyi «Evlənmə» tamaşasını gətirmişik.
Maraqlı tamaşadır.
Bu, İradə Gözəlovanın
Gəncə teatrında
ikinci işidir. Kollektiv onu sevir
və düşüncə
tərzinə bələddir.
Bu inamla bu iş də ortaya gəldi. Qastrolu gənc rejissorlar olaraq hesabat səfərimiz də adlandıra bilərik. Onu da deyim ki,
bu yalnız yenilik naminə hazırlanan tamaşalar deyil. Həm də tamaşaçıların
qavrayışı, onların
düşüncə tərzi,
estetik zövqləri üçün nəzərdə
tutulan səhnə əsərləridir”.
Mirzə Fətəlinin 200 illik yubileyi münasibətilə
iyun ayında keçiriləcək teatr
festivalından söz
açan rejissor bildirdi ki, tamaşanı
dramaturqa mənəvi
borc olaraq hazırlayıb: «Düşünürəm
ki, festival əsl bayram olacaq. Biz belə festivalı arzulayırdıq və inanıram ki, o, teatrlar arasında əlaqəni, dostluğu,
mehribanlığı və
yaradıcı meyilləri
inkişaf etdirməyə
xidmət edəcək».
Şahbaz bəy obrazının ifaçısı Elşad
Əhmədovun da qastrol təəssüratını
öyrəndik: “Bu əsər
Azərbaycanın klassik
dramaturgiyasının bir
nümunəsidir. Dəfələrlə
teatrlarımızda səhnəyə
qoyulub. Bu rolu böyük aktyorlar ifa ediblər. Paytaxt tamaşaçıları
qarşısında bu
tamaşa ilə çıxış etmək
ikiqat məsuliyyət
tələb edir. Ən azından ona görə ki, burada sənət
adamları, teatrşünaslar,
sənətşünaslar çoxdur”.
Müsyö
Jordan rolunun ifaçısı
İlham Hüseynov da obrazını özünəməxsus tərzdə
ifa etməyə çalışdığını dedi: «Region teatrlarından Bakıya qastrola gəlmək məsuliyyətdir.
Respublikanın bütün
teatr biliciləri Bakıdadır və onların qarşısında
çıxış edirik.
Bizim tamaşa isə çox oynanılmış tamaşadır,
ssenarisi əsasında
film də çəkilib.
Rejissorla çalışmışıq
ki, tamaşada iştirak edən hər bir personaj
nə iləsə fərqi olsun. Nəticəyə tamaşaçılar
qiymət verəcək”.
Xanpəri rolunun ifaçısı Rəhilə Məmmədova
isə bu tamaşa ilə Türkiyədə keçirilən
teatr festivalında çıxış edəcəklərini
dedi: “Tamaşa hazırlanandan sonra Milli Dram Teatrının direktoru İsrafil İsrafilov təklif etdi ki, festivala
qədər bu tamaşanı bir dəfə Bakıda oynayaq. Onu deyim
ki, məşhur tamaşanı oynamaq çox çətindir. Odur ki, səhnə
əsəri maraqlı
alınsın deyə
biz də çox çalışdıq. Tamaşa
mayın 5-də Türkiyədə
keçiriləcək festivalda
təqdim olunacaq”.
Gülər
Mədəniyyət.-
2012.- 2 may.- S. 6.