“Mədəni irs dağıdıcı deyil, birləşdirici faktordur”

 

   Qustavo Aravoz: “Azərbaycanın böyük mədəniyyəti ilə tanış olduqda çox təsirləndim. Sizin ölkəniz, doğrudan da, dünyanın qeyri-adi hissəsidir”

  

   Bakıda keçirilən “Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq konfransın qonaqlarından biri də UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC) məşvərətçi orqanı olan Abidələr və Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) prezidenti Qustavo Aravoz idi. Cənab Aravoz ixtisasca memardır. Eyni zamanda mədəni irsin müdafiəsi problemləri ilə elmi əsasda məşğul olur. 2008-ci ildən İCOMOS-a rəhbərlik edir. Ondan öncə bu qurumun vitse-prezidenti olub. Həmçinin 2005-2008-ci illərdə ABŞ/ İCOMOS-un icraçı direktoru kimi fəaliyyət göstərib. Qurumun prezidenti kimi o, dünyada mədəni irsin müdafiəsi, o cümlədən Yaponiya, İspaniya və İtaliyada böyük təhlükəyə məruz qalan irs obyektlərinin xilası üçün müxtəlif təşəbbüslər və müraciətlərlə çıxış edib. Onunla müsahibəni oxuculara təqdim edirik.

  

   - Cənab Aravoz, rəhbərlik etdiyiniz qeyri-hökumət təşkilatının - İCOMOS-un əsas məqsədləri və iş prinsipləri haqqında nə deyə bilərsiniz?

   - Bu qurum beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun fəaliyyəti dünya abidələrinin, mədəni irsin və tarixi yerlərin konservasiyasına, müdafiəsinə həsr olunub. Eyni zamanda qurum elmi üsullarla irsin qorunması metodologiyası, nəzəriyyəsinin yaradılması, yayılması və tətbiqi ilə məşğul olur. İCOMOS bu sahədə dünyada yeganə qlobal qeyri-hökumət təşkilatıdır. Bütün dünyada 9500 üzvümüz var və onların arasında tarixçilər, arxeoloqlar, antropoloqlar, mühəndislər, şəhər planlaşdırılması üzrə mütəxəssislər və başqa ekspertlər təmsil olunur.

   - Sizcə, hazırda dünyada abidələr və tarixi yerlərin qorunması sahəsində vəziyyət necədir?

   - Uzun illər mütəxəssislər ayrı-ayrı ölkələrdəki abidələr və tarixi yerlərin qorunması işinin koordinasiyası, yerlərin konservasiyası ilə müəyyən qərarlar vermək istəyirdilər. Ona görə də biz sahədə beynəlxalq ictimaiyyətin istəyinə uyğun qurum yaratdıq. Başlıca istək isə mədəni irsin qorunması idi. Bu o deməkdir ki, mədəni irs mədəniyyətin yaradılmasında iştirak edən bütün insanlara aiddir. Biz həmişə deyirik ki, cəmiyyətdə iştirak həm də mədəni irsə sevgidir. Düşünürəm ki, bu mənada təşkilatımız uğur əldə edib. Bütün dünyada cəmiyyətlər öz mədəni irs hüquqlarına iddia edir. Eyni zamanda biz bir yerə toplaşıb bu məsələlərdə qərar qəbuletmə proseslərində də iştirak edirik: irs necə olmalı və ondan necə istifadə olunmalıdır. İndi isə insanlar özləri gəlib bizə deyir ki, bu irs bizim üçün vacibdir. Ona görə ki, biz ənənəvi olaraq təcrübə mübadiləsi aparırıq. Bu mübadilə bütün tərəflər üçün faydalıdır. Dünya sürətlə dəyişir. Əsas odur ki, mədəni irs bütün dünyada qəbul edilir və hər kəs onun müdafiəsinin əhəmiyyətini dərk edir.

   - Bəşəriyyət və mədəni irs - sizcə, bu iki termin bir-birini necə tamamlayır?

   - Qeyd etdiyim kimi, dünya çox sürətlə dəyişir və insanların hərəkətliliyi, mobillik norması artır. Bəlkə də bu, Azərbaycanda belə deyil. Lakin bu sürətin fonunda hər kəs mədəni irsdən uzaqlaşır. Beləliklə, sizin yaşadığınız yeni yerlər sizin irsinizə çevrilir. Biz irsə müxtəlif tərəflərdən baxmağa başlayırıq. Cəmiyyətlər gəlir, gedir. Və ya bir yerdən digərinə səyahət edir. Düşünürəm ki, irsə ümumbəşəri təcrübədən yanaşmalıyıq. O halda dünya irsini qiymətləndirə bilərik. Çünki sonda irs əcdadlarımızın getdiyi, insani ehtiyacların cavab verildiyi yoldur. Bu həm də ümumbəşəri şərtlərdir: burada insanların sığınacağı var, uşaqlar ölmür, öldürülmür, onlar daha yaxşı təhsil alır, müharibə aparılmır, insanlar sülh şəraitində məmnunluqla yaşayır. Bəşəriyyət budur. Bu şəraitdə isə irsin necə olduğunu görürsən. Müxtəlif iqlimlərdən, siyasi və iqtisadi şəraitdən olan cəmiyyətlər var və o halda biz müxtəlif yollarla oxşar ehtiyaclara necə cavab verə bilərik? Buna görə mən özümü rahat hiss edirəm. Çünki mədəni irs dediyimiz anlayış hər yerdə mövcuddur və mən harada olmasından asılı olmayaraq bununla maraqlana, məşğul ola bilərəm. Baxmayaraq ki, o mənim irsim deyil, lakin həm də mənim irsimdir. Çünki mən də insanam, mədəni irs isə ümumbəşəri məfhumdur. İCOMOS təşkilatı olaraq biz konfliktlər zamanı irsin ziyan çəkdiyi vəziyyətlərlə rastlaşanda çox məyus oluruq. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Tailand-Kamboca münaqişəsi zamanı mədəni irsin dağıdılması çox ağrılı bir haldır. Çünki mədəni irs dağıdıcı deyil, birləşdirici faktordur.

   - Ermənistan-Azərbaycan münaqişəsinə toxundunuz. Yəqin məlumatınız var ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz torpağı işğal edilib və bu ərazilərdəki abidələrimiz, mədəni irsimiz vandalizmə məruz qalıb. Əgər nəzərə alsaq ki, bu abidələr həm də dünya mədəni irsinin bir hissəsidir, o halda İCOMOS bununla bağlı nə düşünür?

   - Əlbəttə, mənim bu barədə məlumatım var. Mən buna şərh vermək istəməzdim. Lakin məsələyə kənardan baxanda bəlli olur ki, bu xalqlar uzun illər qonşu olub və eyni regionda yaşayıblar. Haradasa ümumi tarixləri, irsləri var. Avropada da belə misallar çoxdur. Məsələn, albanlar da, serblər də öz irslərini tələb edir. Lakin onların da ümumi irsləri var. Bütün bu mürəkkəb vəziyyətlərin yalınız bir həlli yolu var - bu da regionda sülhün yaradılmasıdır. Bu çox vacibdir. Hər kəs üçün mədəni irsi itirmək, ondan uzaqlaşmaq ağrılıdır. Mən özüm də belə bir vəziyyətlə rastlaşmışam. Kubada doğulmuşam, vaxtilə ölkəmdən çıxarılmağa məcbur edilmişəm. Ailəm çox illər əvvəl Kubanı tərk edib, sonra ora qayıtmayıb. Beləliklə, mən öz mədəni irsindən uzaqda yaşamağın çətinliyini başa düşdüm. Həmçinin başa düşdüm ki, ideyalar səninlə birlikdə yeni yerlərə gedir və həmin yer də sənin irsinə çevrilir. Bir sözlə, bu vəziyyət mənə insan təcrübələrinin birləşməsini başa düşməyə kömək etdi. Fakt budur ki, hansı ölkədə yaşamağımdan asılı olmayaraq mən hər şeydən əvvəl insanam.

   - Maraqlıdır, bəs münaqişələr zamanı mədəni irsin ziyan çəkməməsi üçün təşkilat olaraq nə təklif edirsiniz?

   - Bu məsələnin ilk həll yolu hər bir münaqişəni, silahlı toqquşmanı dayandırıb masa arxasında birlikdə əyləşmək və problemləri, mübahisəni danışıqlar yolu ilə sahmanlamaqdır.

   - Konfransın gedişində azərbaycanlı mütəxəssislər aidiyyəti beynəlxalq təşkilatlara ermənilər tərəfindən dağıntıya və təzyiqə məruz qalmış abidələrimizdə monitorinq aparmaq çağırışı etdilər. Siz də aidiyyəti bir qurumun prezidenti olaraq bu barədə nə düşünürsünüz?

   - İCOMOS-un böyük qlobal monitorinq sistemi var. Mən onun üzvlərinə etibar edirəm. Xüsusi irs yerlərində monitorinq aparırıq. Lakin bizim mühakimə etmək hüququmuz yoxdur. Biz yalnız təhlükədə olan irs yerlərini tanıyıb, sonra onu ictimailəşdiririk. Çünki biz informasiyanın dəqiq olmasına əmin oluruq. Bu, kompakt prosesdir. Biz əmin olmalıyıq ki, informasiya qərərsizdir.

   - “Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” mövzusunda Bakı konfransından gözləntiləriniz nədir?

   - Hesab edirəm ki, Bakı konfransı mədəni irsin qorunması sahəsində ilin ən mühüm tədbirlərindən biridir. Bu mənada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Biz «nə etmək», «nəyi inkişaf etdirmək istəyirik» kimi məsələləri müzakirə etdik. İstərdik ki, Azərbaycan da İCOMOS-da təmsil olunsun. Bunun faydaları barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə danışdıq. Konfransın gedişində Azərbaycanda çox bacarıqlı mütəxəssislərin olduğunu gördüm. Məsələn, İçərişəhərdə aparılan bərpa və konservasiya ilə bağlı Samir Nuriyevin məruzəsini çox maraqla dinlədim, o mənə çox qabiliyyətli mütəxəssis təsiri bağışladı. Və mən şahidi oldum ki, İçərişəhər peşəkar formada bərpa olunub. Bu isə çox gözəldir. Əsas odur ki, beyinlərdə tarixi və mədəni irs haqqında məlumatlar yoxa çıxmasın. Doğrudur, şəhərlərdə müasirləşdirmə prosesləri gedir. Amma bu mədəni irsə xələl gətirməməlidir. Biz inanırıq ki, aparılan müzakirələr çox zəngin oldu. Dünyanın sürətlə inkişafına baxmayaraq, bizə miras kimi qalan tarixi irsin və mədəniyyətlərin qorunub saxlanması bugünkü və gələcək nəsilləri narahat etməlidir.

   - Bakıda olduğunuz müddətdə Azərbaycanın tarixi yerlərinə, abidələrinə baş çəkmək imkanınız oldu?

   - Bakıda olduğum günlərdə şəhərlə qismən tanış ola bildim. Azərbaycanın böyük mədəniyyəti ilə tanış olduqda çox təsirləndim. Üzümü tutub sizə deyirəm ki, siz İCOMOS-un çox böyük dostusunuz. İCOMOS öz işini genişləndirir və bilirik ki, gələcəkdə bizim münasibətlərimiz daha da intensivləşəcək. Bu müddətdə Qala tarixi irs qoruğunda, Qobustanda muzeydə oldum. Belə düşünürəm ki, Qala tarixi irs qoruğu öz tarixini təqdim etmək, mədəni irslə tanışlıq üçün gözəl layihədir. Bakıya gəlincə, onun memarlıq quruluşu, qədimiliklə, müasirliyin birləşməsi diqqətimi cəlb etdi. Şəhərdə çox sürətli inkişaf var. Bakı gözəl şəhərdir. Çox müasir arxitekturanızı bəyəndim. Bu arxitektura isə klassika ilə müasirliyin birləşməsidir. Burada həmçinin gözəl və tarixi şəhər olan Şəki haqqında da eşitdim. Gələn dəfə Azərbaycana səfər edərkən Şəkiyə mütləq gedəcəyəm.

   - Maraqlıdır, ölkəmizin insanları ilə bağlı sizdə hansı təəssüratlar formalaşdı?

   - Hər şeydən öncə onu qeyd edim ki, insanlarınız çox istiqanlı və qonaqpərvərdir. Məni Azərbaycanda ən çox təəccübləndirən və heyran edən məqam o oldu ki, burada müxtəlif xalqların nümayəndələri bir-birilərinə harmoniya edilmiş sülh şəraitində yaşayır. Azərbaycan, doğrudan da, dünyanın qeyri-adi hissəsidir.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 2 may.- S. 5.