“Təzyiq
altında irs - şəhərlərin tarixi
landşaftlarının perspektivləri”
Beynəlxalq
konfransda urbanizasiya proseslərinin şəhərlərin
tarixi simasına təsiri müzakirə olundu
Aprelin 25-29-da Bakı “Təzyiq altında irs - şəhərlərin
tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq
konfransa ev sahibliyi etdi. Tədbir Mədəniyyət və
Turizm Nazirliyinin, UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC)
məşvərətçi orqanları olan Mədəni
Mülkiyyətin Mühafizəsi və Bərpasının
Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin
(İCCROM), Abidələr və Yerlər üzrə Beynəlxalq
Şuranın (İCOMOS), həmçinin Azərbaycan
Memarlıq və İnşaat Universiteti, İtaliyanın
Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı
ilə gerçəkləşdi.
Dünyanın 30-dan çox
ölkəsindən mədəni irsin mühafizəsi və inkişafı
sahəsində nüfuzlu elm adamları və ekspertlərin
qatıldığı konfrans çərçivəsində
mövzuya dair seminar (“Mədəni irs - davamlı sosial
inkişafın əsası”) və bir sıra
görüşlər də keçirildi.
Tədbir
iştirakçıları Ermənistanın
işğalı altında olan Azərbaycan torpaqlarında zəbt
edilmiş, dağıdılmış mədəni irs
nümunələrimizlə bağlı fotosərgi ilə də
tanış oldular. Sərgidə işğal altında olan
tarixi abidələrin indiki vəziyyətini əks etdirən
və yeni əldə olunmuş fotoşəkillər də
nümayiş olunurdu.
* * *
Martın 27-də
“Excelsior Bakı” hotelində konfrans işə başladı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
tədbiri açaraq bildirdi ki, Bakı konfransı tarixi şəhərlərin,
xüsusilə də UNESCO-nun Dünya İrsi Siyahısına
daxil edilmiş, eləcə də dünya irs obyektlərinin
yerləşdiyi şəhərlərin landşaftının
inkişaf meyillərini, həmçinin urbanizasiyasının
şəhərlərin tarixən formalaşmış
simasına təsirlərini araşdırmağa
çalışacaq: “Elə bu səbəbdən
Bakının konfransa ev sahibliyi etməsi heç də təsadüfi
deyil. Çünki Bakı təkcə Qafqaz və
Xəzər regionunun deyil, eyni zamanda dünyanın ən qədim
və ən sürətlə, dinamik inkişaf edən şəhərlərindəndir.
Qərblə Şərq arasında körpü
rolunu oynayan Bakı daim mədəni sivilizasiyanın episentri
olub”.
Urbanizasiyanın insanların
sosial-iqtisadi fəaliyyəti ilə bağlı olaraq
inkişaf etdiyini deyən nazir, onun qarşısının
alınmasının son dərəcə mürəkkəb
bir proses olduğunu qeyd etdi: “Urbanizasiyanın nəticələri
bir sıra sahələrə təsir edir. Bakı
konfransının əsas vəzifələrindən biri bu
prosesin mədəni irsə mənfi təsirinin
neytrallaşdırılması və yaxud da azaldılması
istiqamətində tövsiyə xarakterli fikirləri ortaya
qoymaqdır. Bu məsələlər
UNESCO-nun Dünya İrs Obyektlərinin yerləşdiyi
bütün şəhərlər üçün
aktualdır”.
Nazir Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində
xalqımızın uzun tarixi dövr ərzində
yaratdığı zəngin memarlıq irsi nümunələrinin,
bəşəriyyətin arxeoloji yadigarlarının zəbt
olunması faktını da konfrans
iştirakçılarının diqqətinə
çatdırdı: “Azərbaycanın Dağlıq
Qarabağ bölgəsi və onun ətrafında yerləşən
yeddi rayonunda Ermənistanın təcavüzü nəticəsində
ümumilikdə 699 tarix-mədəniyyət abidəsi zəbt
edilib, 4366 sosial-mədəni obyekt dağıdılıb. Bu
abidələrin böyük bir qisminin tamamilə məhv edilməsi
və yararsız vəziyyətə salınması ilə
bağlı əlimizdə maddi sübutlar var. Talan edilmiş
muzeylərimizdən 40 mindən artıq qiymətli əşya
və nadir eksponat oğurlanıb, bir hissəsi isə
qaçaqmalçılıq yolu ilə xarici ölkələrə
satılıb. Uzun tarixi dövr ərzində
hazırkı Azərbaycan dövləti ərazisində
mövcud olmuş Qafqaz Albaniyasının yadigarı olan kilsə
və məbədlər erməniləşdirilir. Məhz Qafqaz Albaniyasına məxsus olan memarlıq
üslubu məhv edilir və ya saxtalaşdırılır».
Konfrans çərçivəsində
nümayiş etdirilən fotosərgidən bəhs edən Ə.Qarayev
burada Ermənistanın işğalını əks etdirən
sübutların yalnız kiçik hissəsinin təqdim
olunduğunu bildirdi: “Amma bu fotoşəkillərdən də
işğalın miqyasını, bəşəri irsin nə
dərəcədə təzyiq altında olduğunu təxmin
etmək mümkündür. Hətta
bütün bunlar azmış kimi, dünyada qəbul
edilmiş bütün etik və dini dözümlülük
normalarına zidd olaraq erməni işğalçı
qüvvələri tərəfindən zəbt olunmuş ərazilərdə
müsəlmanların müqəddəs inanc yerləri, məscid
binaları təhqir olunur. Bütün
bunlar dünyada dinlərin, mədəniyyətlərin və
sivilizasiyaların bir-birilərinə etimadının
azalmasına, fundamentalizm və radikalizm meyillərinin
artmasına şərait yaradan incə məqamlardır.
Təbiidir ki, bu cür hallar Ermənistanın
hazırkı hökumətinin siyasətinin bariz təcəssümüdür.
Halbuki Azərbaycan hökuməti hər bir
xalqın dini və mənəvi inanclarına hörmət bəsləyir.
Dövlətimiz Ermənistan ilə müharibə
vəziyyətində olmasına baxmayaraq, Bakının mərkəzində
yerləşən Qriqorian kilsəsinin mühafizəsini ən
yüksək şəkildə təmin edir. Bundan əlavə, biz dünyada sivilizasiyaların və
mədəniyyətlərin bir-birilərini daha da aydın
şəkildə anlaması üçün Bakını
qlobal dialoq məkanına çevirmək təşəbbüsünü
irəli sürmüşük və bu təşəbbüsə
beynəlxalq təşkilatlar da dəstək verir”.
* * *
Tədbirdə
çıxış edən Azərbaycan Memarlıq və
İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova
Bakı konfransının əhəmiyyətini yüksək dəyərləndirdi:
«Mən çox şadam ki, bu konfransı keçirmək
üçün İCOMOS məhz Bakı şəhərini
seçib. Çünki həm Azərbaycan, həm
də onun paytaxtı Bakı abidələrlə çox zəngindir.
Bu abidələr bəşəriyyətin
bütün dövrlərini əhatə edir. Ölkəmizdə
eradan əvvəl beşinci minilliyə aid yaşayış məskənləri,
arxeoloji abidələr var. Dövlətimiz abidələrin
qorunması, bərpası və istifadəsi üçün
çox işlər görür». Natiq
işğal altında olan abidələrimizdən də bəhs
edərək bildirdi ki, onların məhv edilməsi eyni zamanda
dünyanın tarixi-mədəni irsinin hədəf
alınması deməkdir.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Mikayıl Cabbarov çıxış edərək bildirdi ki,
hər hansı bir ərazidə mədəni abidələrin
qorunaraq saxlanması xalqlar arasında müsbət münasibətlərin
davamlı inkişafına təkan verən amillərdəndir.
İCCROM-un baş direktoru Stefano de
Karo isə öz çıxışında Azərbaycanda mədəni
irsin qorunması sahəsində görülən işlərə
toxundu və qeyd etdi ki, bu sahədə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
mühüm xidmətləri var: «Heydər Əliyev Fondu
dünyanın bir çox ölkələrində layihələr
reallaşdırır. Belə nəcib və həssas
addımlar həmin ölkələrdə yaşayan
xalqların mədəni həyatının inkişafına
mühüm təsir göstərəcək. Bir ölkənin başqa bir xalqa yardım etməsini
yüksək qiymətləndirirəm”. Sonra o, şəhər
landşaftından bəhs etdi və bildirdi ki, şəhər
arxeologiyası elə bir strateji sahədir ki, təkcə abidələrin,
binaların toplandığı yer kimi deyil, həm də
kompleks bir şəhər landşaftı kimi başa
düşülməlidir: “İri şəhərlərdə
müxtəlif mədəniyyətlərin qarışması
üçün imkanları varsa, bu şəhərlər
arasında gözəl əlaqələri möhkəmləndirir.
Ona görə də şəhərlərin
çox zəngin arxeoloji tarixini öyrəndikdə öz
tariximizi zənginləşdirmiş oluruq».
Tədbirdə
çıxış edən İCOMOS-un prezidenti Qustavo Aravoz
konfransın yüksək səviyyədə təşkilinə
görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını
bildirdi: «Azərbaycanın böyük mədəniyyəti ilə
tanış olduqda çox təsirləndim. Bizə
bu imkan yaradıldığına görə öz təşəkkürümü
bildirirəm. Biz İCOMOS təşkilatı
olaraq Azərbaycanla sıx əməkdaşlıqda
maraqlıyıq və inanırıq ki, gələcəkdə
münasibətlərimiz daha da intensivləşəcək.
Bakıda olduğum müddətdə Qala
arxeoloji muzeyində, Qobustan tarixi qoruğunda olduq və onun zənginliyi
bizi valeh etdi”.
Qustavo Aravoz Bakıda tarixi-mədəni
irsə bağlı aparılan konservasiya işlərinə də
toxundu və bu işləri bəyəndiyini bildirdi: “Əsas
odur ki, insanların beyinlərində tarixi və mədəni
irs haqqında məlumatlar yoxa çıxmasın. Doğrudur, indi bütün şəhərlər
müasirləşir. Dünyanın
sürətlə inkişafına baxmayaraq, bizə miras kimi
qalan tarix və mədəniyyətin qorunub saxlanması
hamımızı narahat etməlidir. Bu
baxımdan inanırıq ki, konfransda aparılan müzakirələr
faydalı olacaq”.
Tədbirdə Romualdo Del Bianko
Fondunun prezidenti Paolo del Bianko,
İCOMOS-mühafizə və bərpanın nəzəriyyə
və fəlsəfəsi beynəlxalq elmi komitəsinin sədri
Vilferd Liipp tədbirin əhəmiyyətindən
danışaraq konfransın işinə uğurlar
arzuladılar.
Sessiyalarda müzakirələr
Sonra konfrans işini
müxtəlif mövzular ətrafında sessiyalarla davam
etdirdi.
«Tarixi landşaftların perspektivləri
- yeni vasitələr» sessiyasında Memarlıq və
İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova
“Qarabağ memarlığı: müharibə və irs” adlı məruzə ilə
çıxış etdi. Alim Qarabağ ərazisindəki
qədim Alban abidələrindən bəhs edərək,
onların daim ermənilər tərəfindən mənimsənildiyini
bildirdi. Məruzəçi işğala məruz qalan Azərbaycan
torpaqlarında İslam abidələrinin, məscid və
türbələrin dağıdıldığını diqqətə
çatdırdı: «Ona görə də mən beynəlxalq
təşkilatları fəal hərəkətə keçməyə
çağırıram. Bu abidələrdə
beynəlxalq monitorinq aparmaq lazımdır».
Avstriyalı qonaq Maykl
Falser «100 illik tarixi şəhər landşaftlarına yenidən
baxış, 1990-cı ilin «Altstands»indən - 2005-ci ilin Vyana
Memorandumuna qədər» adlı məruzəsində şəhərlərin
konservasiyasında keçmişlə müasirliyin birləşməsindən
söz açdı. Smiz Culian, Maykl Törner və digər
məruzəçilər şəhər
landşaftının müxtəlif tərəflərinə
toxundular, mövzu ətrafında diskussiya aparıldı.
«Risklərin idarəedilməsi»
mövzulu ikinci sessiyada Çexiya, Avstriya, İsrail və
Kiprdən olan mütəxəssislər tarixi şəhər
konsepsiyası, tarix şəhər əraziləri, müasir
şəhər konsepsiyasının problemlərindən bəhs
etdilər.
Aprelin 28-də
konfrans işini sessiyalarla davam etdirdi. «Təzyiqlə
üz-üzə» adlı sessiyada Samir Nuriyevin «İçərişəhər
- yaşayan tarix. Balanslaşdırılmış
bərpa və inkişaf» adlı məruzəsi dinlənildi.
Məruzədə son illər İçərişəhərin
bərpasından, yeni layihələrin
reallaşdırılmasından bəhs edildi. Qalina Pitçnikova «Rusiyanın tarixi şəhərlərinin
özəklərində yeni əsrin dayaqları» adlı məruzəsi,
Kanada və Hindistandan olan mütəxəssislərin məruzələri
də maraqla qarşılandı.
«Dünyaya
baxış» adlı dördüncü sessiyada isə
İtaliya, Bosniya və Hersoqovina, Braziliya və Polşadan olan
mütəxəssislərin məruzələri dinlənildi.
Bununla da konfrans işini başa
çatdırdı.
Mehparə
Mədəniyyət.-
2012.- 2 may.- S. 4.