Mədəni
irsin qorunması və bərpası hər
zaman diqqət mərkəzindədir
Aprelin 27-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC) məşvərətçi
orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsi
və Bərpasının Öyrənilməsi üzrə
Beynəlxalq Mərkəzin (İCCROM), Abidələr və
Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), həmçinin
İtaliyanın Romualdo Del Bianko Fondunun rəhbərləri ilə
görüşdü.
Qonaqlar “Təzyiq altında irs -
şəhərlərin tarixi landşaftlarının
perspektivləri” adlı beynəlxalq konfransda iştirak etmək
üçün ölkəmizə gəlmişdilər.
Nazir bildirdi ki, mədəni irsin
qorunması və bərpası daim Azərbaycan hökumətinin
diqqət mərkəzindədir: «Siz bir çox tarixi mədəniyyət
ocaqlarında olarkən bir daha bunun şahidi oldunuz».
Nazir Heydər Əliyev Fondunun bu
sahədə geniş fəaliyyətindən də
danışdı. Fondun dünyanın mədəni irsinin,
tarixi abidələrinin bərpa edilməsinə töhfə
verdiyini bildirdi: «Fond dünyanın bir çox ölkələrində
layihələr reallaşdırır. Belə nəcib və həssas
addımlar həmin ölkələrdə yaşayan
xalqların mədəni həyatının inkişafına
mühüm təsir göstərəcək».
İtaliyanın Romualdo Del Bianko
Fondunun prezidenti Paolo del Bianko son illərdə təmsil etdiyi
qurumla Azərbaycan Memarlıq və İnşaat Universiteti
arasındakı əlaqələrdən söz açdı və
bildirdi ki, həyata keçirilən birgə layihələr tələbələrə
böyük stimul verir: «Bu təhsil müəssisəsində
mədəniyyətlərarası dialoq istiqamətində tədbir
keçirdik, məruzələr apardıq. Eyni zamanda orada
Leonardo da Vinçinin heykəlini qoyduq. Əməkdaşlığı
bundan sonra da davam etdirmək niyyətindəyik».
Qonaqlar Azərbaycanda mədəni
irsin qorunması istiqamətində aparılan işləri
yüksək qiymətləndirdilər.
Görüşdə Bakıda
keçirilən “Təzyiq altında irs - şəhərlərin
tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq
konfransın əhəmiyyəti haqqında geniş fikir
mübadiləsi aparıldı.
Sonda belə bir fikir ifadə olundu
ki, konfrans növbəti illərdə də vacib istiqamətlər
üzrə təşkil edilsin.
Mehparə
Mədəniyyət.-2012.-
2 may.- S. 3.