Ordubadinin xatirəsi yad edildi
Mayın 1-də Azərbaycanda tarixi roman janrının
banisi, yazıçı-dramaturq, publisist Məmməd Səid
Ordubadinin vəfatının 62-ci ildönümü onun xatirə
muzeyində qeyd olundu. Muzeyin əməkdaşları, ədibin
qohumları Fəxri xiyabanda Ordubadinin məzarını ziyarət
etdikdən sonra anma mərasimi
yaşayıb-yaratdığı evdə davam etdirildi.
Muzeyin direktoru Lalə Abaszadə bu
il görkəmli ədibin anadan olmasının 140 ilinin tamam
olduğunu, yubileylə bağlı ölkə Prezidentinin sərəncam
imzaladığını nəzərə
çatdırdı. Yazıçının 140 illik
yubileyinin C.Məmmədquluzadənin ev muzeyində, İ.M.Əbilov
adına Mədəniyyət Mərkəzində qeyd
olunduğunu deyən direktor silsilə tədbirlərin ilin
sonunadək davam edəcəyini bildirdi.
Qeyd olundu ki, milli mədəniyyətimizin
inkişaf yollarından, Azərbaycanda ictimai fikrin təşəkkülündən
söz açılanda Ordubadini yada salmamaq mümkün deyil.
Onun yaradıcı axtarışlarının bəhrəsi
olan bədii və tarixi, elmi-nəzəri əsərlər,
ehtiraslı publisistika nümunələri yüzlərlə,
minlərlədir. Vaxtilə Xalq şairi S.Rüstəm onun
haqqında deyirdi: “M.S.Ordubadi elə bir şəxsiyyətdir
ki, Azərbaycan ədəbiyyatının inkişafını
onsuz təsəvvür etmək mümkün deyildir”. Ordubadidən
danışarkən ən əvvəl geniş əhatəli
epik lövhələr ustasını, hamının rəğbətini
qazanmış tarixi romanlar müəllifini
xatırlayırıq. Yazıçının “Dumanlı Təbriz”,
“Gizli Bakı”, “Döyüşən şəhər”,
“Dünya dəyişir”, “Qılınc və qələm” kimi
tarixi romanları Azərbaycan ədəbiyyatında
özünəməxsus yer tutur.
Ordubadinin özü “Dumanlı Təbriz”
əsərində əks etdirdiyi Cənubi Azərbaycan inqilabi
hərəkatında iştirak edərək bir çox hadisələrin
şahidi olmuşdur. Ümumiyyətlə, vətən və
xalq motivləri onun bütün əsərlərinin ruhunu təşkil
edir. Ordubadinin bir yazıçı kimi
böyüklüyü ondadır ki, onun əsərləri
heç vaxt köhnəlmir, dönə-dönə oxunur. Həmin
əsərlər bizi nəcibliyə, vətəni, xalqı
sevməyə, mübariz olmağa çağırır.
Satira
yaradıcılığına “Molla Nəsrəddin”
jurnalından başlayan Ordubadi çox keçmir ki, fəal
mollanəsrəddinçi kimi məşhurlaşır.
Jurnalda “Hərdəmxəyal” imzasıyla felyetonlarını nəşr
etdirir, cəmiyyətdəki eyiblərin, nöqsanların
aradan qaldırılması üçün var qüvvəsilə
çalışırdı. Bir çox Azərbaycan
ziyalılarının fikrini aydınlaşdıran, sənətini
rövnəqləndirən “Molla Nəsrəddin” jurnalı
Ordubadinin yaradıcılığına da ciddi təkan verdi.
Tədbir
iştirakçıları Ordubadinin həyat və
yaradıcılığına nəzər saldılar, onunla
bağlı şahidi olduqları hadisələri, öz
valideynlərindən eşitdikləri həzin xatirələri
danışdılar. Bildirildi ki, “Qılınc və qələm”də
Nizaminin dilindən verilən bütün şeirlər ədibin
atası Hacağa Fəqirə məxsusdur.
Sonda Ordubadinin ailə üzvləri
adından çıxış edən Bakı Musiqi
Akademiyasının müəllimi Səadət Səttarova
xatirə muzeyinin kollektivinə gördükləri işlər
üçün minnətdarlığını bildirdi. 167 saylı
orta məktəbin şagirdi Ayşən Nərimanova
Ordubadinin satirik şeirlərindən nümunələr
söylədi.
İ.Əsədova
Mədəniyyət.-
2012.- 4 may.- S. 15.